Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib:
"Bu sənəddə qeyd olunan bir çox müddəalara baxdığımızda burada iki ölkə arasında münasibətlərin hansı səviyyədə olduğu ilə bağlı aydın təsəvvür yaranır. Belə ki, hər iki ölkə bu bəyannamə ilə bir birinin ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiklərini elan edirlər. Bundan başqa, Çin tərəfi Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşma prosesində təklif etdiyi sülh təşəbbüslərini və təkliflərini qətiyyətlə dəstəklədiyini bəyan edir. Azərbaycan tərəfi Çin modelinə dəstəyini bir daha ifadə edir və Tayvanı müstəqil dövlət kimi heç zaman tanımayacağını bəyan edir. Bundan başqa tərəflər bir-biri ilə kənar təsirlərə baxmayaraq beynəlxalq səviyyədə koordinasiyalı fəaliyyətlə bağlı razılıqlarını ifadə edirlər. Digər bu tipli məsələlər, terrorizmə, digər təhdidlərə qarşı birgə koordinasiyalı fəaliyyət və digər məsələlərin nəzərdə tutulması olduqca əhəmiyyətli hadisələrdir. Bu bəyannamə ilə bir daha Çinin təklif etdiyi "Bir kəmər, bir yol" layihəsinə dəstək ifadə olundu, Orta Dəhlizə də xüsusi diqqət yetirildi. Bundan başqa, Çin lideri Azərbaycan Prezidentini Çinə dövlət səfərinə dəvət etdi ki, bu da tərəflər arasında münasibətlərin bundan sonrakı mərhələdə daha da inkişaf edəcəyinin bir göstəricisidir. Nəzərə alaq ki, 2018-ci ildə, 2020-ci il, 2023-cü il- beş il müddətində Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 2,4 dəfə artaraq üç milyard yüz milyon dollara çatıb və qarşılıqlı investisiya qoyuluşları ilə bağlı proses davam etməkdədir. Bu baxımdan, hal-hazırda dünyanın ikinci güc mərkəzi olan və iqtisadi, siyasi, hərbi potensialına görə ikinci ölkə olan Çinlə münasibətlərin inkişaf etdirilməsi, təbii ki, hər iki tərəfin maraqlarına uyğundur. Belə ki, Azərbaycan özünün yaratdığı reallıqlar və yerləşdiyi coğrafi mövqeyi ilə bağlı olduqca böyük strateji və geostrateji əhəmiyyətə malikdir. Çin də bunu dəyərləndirir və məhz Azərbaycanla Çin arasında münasibətlərin yüksək səviyyəyə qaldırılması hər iki ölkənin maraqlarına tam şəkildə cavab verir".
Zeynəb Rzayeva