AZ

“Türk Dünyası 2040” vizyonu üçün əhəmiyyətli istiqamətlər təqdim edir

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi  

Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqlar

TDT üçün fürsətdir ki, üç güc mərkəzi – NATO-Rusiya və Çin ilə balanslı dinamikanı saxlamaqla ideoloji cəbhələrdə yaranan boşluqları doldursun


  İyulun 5-6-da Şuşada Türk Dövlətləri Təşkilatının liderlərinin iştirakı ilə sammit keçiriləcək. TDT-nin qeyri-rəsmi sammitinin Şuşada keçirilməsi tarixi hadisədir. Şuşa sammiti azad olunmuş ərazilərdə ilk beynəlxalq səviyyəli siyasi tədbirdir. İndiyə qədər müxtəlif ölkələrin liderləri ayrı-ayrılıqda belə səfərlər edib, lakin bu sammitdə 8 ölkə lideri Şuşada mühüm siyasi məsələləri müzakirə edəcək. Bu, hər şeydən öncə azad olunmuş ərazilərdə qısa müddətdə təhlükəsiz həyatın təmin edildiyinin beynəlxalq səviyyədə nümayiş etdirilməsi deməkdir və perspektivdə bu ərazilərə həm siyasi, həm iqtisadi dividendlər vəd edir. Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 6-da TÜRKPA nümayəndələri ilə görüşündə bildirmişdi ki, onun təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Dövlət başçısı ildə bir dəfə Zirvə görüşünün keçirilməsinin kifayət etmədiyini vurğulamışdı. Prezident söyləmişdi ki, həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur: "Çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək". Ölkə rəhbəri bəyan etmişdi ki, nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir: "Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərirlər. Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq". Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri Türk dünyasının gücləndirilməsi, türk dövlətləri ilə əlaqələrin daha da möhkəmləndirilməsidir. Türk dünyasını böyük ailə kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacaq. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışı da özündə bütün məqamları ehtiva edir. Dünyanın ikili standartlara əsaslanan siyasətinin hələ də davam etdiyi hazırkı dövrdə Türk dünyasının birliyinin zəruriliyi özünü daha aydın şəkildə nümayiş etdirir. İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra bu birliyin daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır. Dünya Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının fonunda Türk dünyasının birliyinin şahidinə çevrildi. 
  Artıq ilə yaxındır təkcə paytaxt Bakı deyil, işğaldan azad edilmiş ərazilərimiz, xüsusilə Şuşa beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul edilir. Ən əsası Şuşadan həm dünya azərbaycanlılarının, həm də bütün Türk dünyasının birliyinin dünyaya çatdırılması qürurverici olmaqla yanaşı, hazırkı dövrün əsas çağırışlarını özündə ehtiva edir. Bu birlik daimidir, sarsılmazdır, bütün türk dövlətləri onun möhkəmləndirilməsi üçün töhfələr verməyə səy göstərirlər. Hazırkı dövrün əsas çağırışlarından birinin məhz iqlim dəyişmələrinin yaratdığı problemlərə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi olduğunu nəzərə alsaq, həm iyul ayında keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü, həm də Azərbaycanın noyabr ayında ev sahibliyi edəcəyi COP29 bu sahədə də birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirəcək. Sözügedən Zirvə görüşündə əsas müzakirə mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması günümüzün reallıqları sırasındadır. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərirlər. Dövlətimizin başçısının vurğuladığı kimi, Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Zirvə görüşündə bütün bu məsələlər geniş müzakirə ediləcək, vahid mövqe ortaya qoyulacaq”. İyunun 15-də Milli Qurtuluş Günündə Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfransda, dövlət başçısı İlham Əliyev bildirib ki, Türk Dövlətləri Təşkilatında bir araya gələn ölkələrin siyasi partiyalarının qarşılıqlı faydalı əməkdaşlığı da müştərək məqsədlərin həyata keçirilməsində əhəmiyyətli rol oynayır: “Türk Dövlətləri Təşkilatının dünya miqyasında böyük bir güc mərkəzinə çevriləcəyi qaçılmazdır. Bu birlik möhkəm təmələ əsaslanır və atılan addımlar onu daha da möhkəmləndirir. Ölkələr arasında əlaqələrin inkişafında siyasi partiyaların rolu inkaredilməzdir. Bu baxımdan Yeni Azərbaycan Partiyasının hər bir qərarı, təşəbbüsü təqdir edilir, birliyimizin, həmrəyliyimizin möhkəmləndirilməsinə töhfə kimi diqqətdədir. Yeni ittifaq modeli kimi dünyanın diqqət mərkəzində olan Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələrin sıx həmrəylik şəraitində dostluq və qardaşlıq prinsiplərinə, qarşılıqlı anlaşmaya, bərabərhüquqlu tərəfdaşlığa və çoxşaxəli əməkdaşlığa əsaslanan münasibətləri həm milli və regional səviyyədə, həm də qlobal miqyasda sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edən çox önəmli amildir”.

  Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada keçiriləcək qeyri-rəsmi zirvə görüşü dünyada baş verən sürətli dəyişikliklərin regional təsirlərinə baxış prizmasından önəmlidir: 

"İkinci önəmli cəhət zirvə görüşünün Şuşada keçirilməsidir. Bu o deməkdir ki, Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqlar “Türk Dünyası 2040” vizyonu üçün əhəmiyyətli istiqamətlər təqdim edir. Şuşada keçiriləcək sammit Rusiya-Ukrayna, HƏMAS-İsrail müharibələrinin beynəlxalq təhlükəsizlikdə yaratdığı qeyri-müəyyənliklərdə TDT-nin davranış modelləri üçün müzakirələrlə yadda qala bilər. 
Çünki TDT dünyada tüğyan edən münaqişələrə baxmayaraq, sülh və təhlükəsizlik, əməkdaşlıq modellərinə daha çox yer ayıran təşkilata çevrilib. Həmin tezisləri Şuşada keçiriləcək sammitlə inkişaf etdirmək TDT-nin gündəliyinə daxildir. Yəni Şuşa zirvəsi TDT-nin regional səviyyədən qlobalmiqyaslı ittifaqa çevrilməsi istiqamətində əlavə stimuldur".
  Analitikə görə, TDT öz proqram və strategiyasını inkişaf etdirməlidir, buna görə isə qlobal dinamikaya əsaslanan ideoloji hab, institusional əməkdaşlıq üçün alternativlər yaratmalıdır: "Bu, o zərurətdən qaynaqlanır ki, dünyada Qərbin təqdim etdiyi dəyər və prinsiplərin çöküşü baş verir. TDT üçün fürsətdir ki, üç güc mərkəzi – NATO-Rusiya və Çin ilə balanslı dinamikanı saxlamaqla ideoloji cəbhələrdə yaranan boşluqları doldursun. Hesab edirəm ki, TDT-də təmsilçilik hüququna malik dövlətlərin liderləri görüşlər zamanı bu məsələyə ayrıca vurğular edirlər. İdeoloji çətir üçün ortaq dil, mədəniyyət və siyasi iradə mövcuddur ki, bu da qlobal nizama təsir edə biləcək müştərək ideoloji proqramın yaranması ehtiyacını meydana çıxarır. Fikrimcə, TDT iqtisadi, sosial və mədəni, ideoloji standartlarını yüksəltmək üçün Şuşadakı zirvə görüşündən yararlanacaq. Bu, qlobal və regional geosiyasi reallıqları dərk edən TDT-nin sülhə, sabitliyə, təhlükəsizliyə nail olmaq şanslarına təkan verəcək".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
5
sherg.az

10Mənbələr