AZ

Türkiyə Niderlandı uda biləcək? - Ekspert

Türkiyə uzun müddətdir ki, ənənə formalaşdırıb. Biz "Qalatasaray"ın çıxışında da eyni ssenarini görürük. Sanki son ana qədər azarkeşlərin ürəyini üzməyə, intizarda saxlamağa meyillidirlər.

Milli.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında idman eksperti Amal Abuşov Türkiyə millisinin Avstriya millisi üzərində 1/8 finalda qələbəsini şərh edərkən deyib.

"Müsbət məqam odur ki, favorit göstərilmədiyi oyunlarda belə türkiyəli futbolçular sonda hər kəsi təəccübləndirməyi bacarır. Qrup mərhələsindən bəri Türkiyə millisi tənqid olunurdu. Çünki Gürcüstanla oyunda qələbə qazansalar da, müdafiə xəttində səhvlər var idi. İkinci oyunda Portuqaliyaya məğlubiyyət ümidləri daha da azaltdı. Bu da baş məşqçinin hiyləsidir. Oyunlarda qarışıq heyət seçərək həm rəqiblərini çaşdırmağı, həm də azarkeşləri təəccübləndirməyi bacardı. Türkiyə millisi bütün səhvləri unutdurdu. Futbolçularının fədakarlığı, son dəqiqədə qapıçının həmləsi, çoxlarının hesaba almadığı Dəmiralın dubl etməsi Türkiyə millisinin xarakterindən, sona qədər döyüşməsindən xəbər verir. Məşhur deyim var, "Biz bitdi demədən, bitməz". Həqiqətən də Türkiyə millisi bu deyimi tam yerinə yetirib", - Abuşov bildirib.

Ekspert bildirib ki, Türkiyə millisinin növbəti oyundakı rəqibi Niderland da Türkiyə millisi kimi qeyri-sabit oyun nümayiş etdirib:

"Niderlandın Rumıniya üzərində qələbəsi göz qorxutsa da, 1/4 finalda Türkiyə Rumıniya kimi çıxış etməyəcək. Qardaş ölkənin millisi ruhdan düşmür, sona qədər döyüşür. Bu da Niderland millisinə bir qədər çətinlik yaradacaq. Gələcək oyunu yarı-yarıya qiymətləndirirəm. Hər iki komandanın yarımfinala yüksəlmə şansı var".

Qeyd edək ki, Almaniyada təşkil edilən Avropa çempionatının 1/4 final oyunları 5-6 iyul tarixlərində keçiriləcək. Türkiyə millisi iyulun 6-da, Bakı vaxtilə saat 23:00-da Niderland seçməsi ilə üz-üzə gələcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
3
milli.az

10Mənbələr