AZ

“Camiəmizə xeyirli olsun” – “Forza Neftçi” gələcəyə ümid bəsləyir

"Neftçi"də baş verənlər klubun yeni mərhələyə qədəm qoyduğundan xəbər verir.

Belədə azarkeşlərin mövqeyi, hadisələrin axarını necə qiymətləndirməsi də vacib məsələdi. Bu üzdən komandanın ən böyük və sadiq azarkeş qrupu "Forza Neftçi"nin rəhbəri Səccad Abbasovla əlaqə saxlayıb fikirlərini öyrəndik. O, “football-plus.az”a açıqlamasında yeni Müşahidə Şurası, yeni baş məşqçi, loqo və gözləntilər haqda danışdı:
"Müşahidə Şurasına uğurlar arzulayırıq. Yeni tərkibdən adını açıqlamaq istəmədiyim iki şəxsi tanıyıram. Həm də "Neftçi" azarkeşləridi. Odu ki, klubun rifahı üçün əllərindən gələni edəcəklərinə inanıram. Başqaları haqda nəsə deyə bilmərəm. Onu bilirəm ki, futbol adamı deyillər. Görüşümüz olub və bizə yaxşı işlər görəcəklərinə, istədiyimiz nəticələrin əldə olunacağına dair söz veriblər. Baş məşqçiyə gəlincə, Roman Qriqorçuku "Qəbələ"dən hər kəs yaxşı tanıyır. Təyinat bizim üçün də sürpriz oldu. Sərt və tələbkar mütəxəssisdi. İndi xasiyyətinin nə dərəcədə dəyişdiyini bilmirəm. Yenə də hər şey tək ondan asılı deyil. Lap Qvardiola olsun. "Neftçi"dəkilər klubu pis vəziyyətə qoyub, azarkeşləri küsdürüblər. Bizə möhkəm komanda lazımdı. Məncə, Qriqorçuk normal seçimdi. Axır ki bizə yaxşı baş məşqçi gəldi. Uğur lazımdı ki, bunu qazana biləcək ən real namizəd o idi. Ölkəmizdə "Neftçi" ilə nəsə edə biləcək barmaqla sayılacaq qədər məşqçi var. Bəlkə o da yoxdu. İnsafən deyim ki, bacarıqlı mütəxəssislərimiz az deyil. Lakin bu klubun azarkeşləri tələbkardı, ciddi təzyiq göstərirlər. Buna dözmək də vacibdi. Düşünürəm ki, səbirli olsaq, nəticə də gələcək. Bizə bir mövsümlük, başaldadan çempionluq lazım deyil. Bu dəfə, gələn il olmayaq, amma struktur düzgün olsun, keyfiyyətli sistem yaradılsın. Belə olsa, davamlı uğur qazanacağıq. Konkret tələbə gəlincə, əlbəttə, hər azarkeş komandasının çempion olmasını arzulayır".

Səccad bəyin yeni loqoyla bağlı fikirləri isə belə oldu:
"Məncə, loqo ikinci planda olan işdi. İstənilən halda, normaldı. Sonradan göz öyrəşir. Minimalist üslubdadı. Lakin əsas məsələ loqo deyil, komandanın adını uca tutmaqdı və heç kim, heçnə "Neftçi"dən üstün deyil. Əsas olan düzgün strategiya və davamlı nəticələrdi. Kollektiv daxilindəki çaxnaşmalar, söz-söhbət yığışdırılmalıdı. Ümumiyyətlə, komandaya laqeyd yanaşanlar bizim üçün xaindi. Həmişə olduğu kimi, bu dəfə də ümidliyik. Yeniliklərin olması yaxşıdı. İnşallah, bütün dəyişikliklərlə yanaşı, loqo da düşərli olar. Biz də azarkeş olaraq, öhdəmizə düşəni edəcəyik. İndiyə qədər kiməsə hörmətsizliyə yol verməmişik, bundan sonra da belə olacaq. Ümidedirəm ki, köhnə "Neftçi" qayıdacaq. Yeni era başlayırsa, camiəmizə xeyirli olsun".


KƏNAN BAHADIR
Seçilən
98
football-plus.az

1Mənbələr