AZ

İnnovasiya siyasətinin qurulması layihəsi çərçivəsində Strateji Yol Xəritəsi təqdim edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) əməkdaşlığı çərçivəsində 2022-ci ildən həyata keçirilən “Azərbaycanda innovasiya siyasətinin qurulması” layihəsinin yekun tədbiri baş tutub.

Bu barədə "APA-Economics"ə İRİA-dan bildirilib.

Tədbirdə açılış nitqi ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxış edərək proqramın məzunlarını təbrik edib və təlimçilərə minnətdarlığını bildirib. O, həmçinin Koreya və Azərbaycan arasında daim inkişaf edən əməkdaşlıq münasibətlərini və bunun ölkəmiz üçün əhəmiyyətini vurğulayıb: “Cənubi Koreyanın innovasiya sahəsində əldə etdiyi qabaqcıl təcrübənin bu proqramlar vasitəsilə öyrənilməsi bizim ekosistem üçün yeni imkanlar yaradır. KOICA ilə əməkdaşlığımız bunun bariz nümunəsidir ”.

Daha sonra Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq kürsüyə dəvət edilib. Çıxışı zamanı o, KOICA-nın həyata keçirdiyi layihələrin Azərbaycanla Koreya arasında münasibətlərin güclənməsinə böyük töhfə verdiyini diqqətə çatdırıb: “Potensialın gücləndirilməsi üzrə təlimlərdə iştirak edənlər Koreyanın innovasiya təcrübəsi ilə yaxından tanış olmaqla bərabər, bu yanaşmaların Azərbaycanda tətbiqi imkanlarını da ətraflı araşdırıblar”. KOICA-nın Azərbaycan Nümayəndəliyindən layihə meneceri Su Hyun Re və ölkə üzrə rəhbər Sulim Hvanq çıxış ediblər. Koreyalı natiqlər KOICA layihəsinin Azərbaycanda iki il ərzində əldə etdiyi nailiyyətlər və ekosistemə verdiyi faydadan bəhs ediblər.

KOICA-nın “Potensialın gücləndirilməsi” layihəsi İRİA ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Qurumun sədri İnarə Vəliyeva KOICA ilə son iki ildə davamlı şəkildə keçirilən təlimlərin sağlam innovasiya ekosistemi quruculuğunda müsbət nəticələr verdiyini qeyd edib: “KOICA-nın akselerasiya və mentorluq proqramlarının məzunları innovativ sahibkarlıqla bağlı fərqli yanaşmaları mənimsəyiblər, öz ideyalarını təcrübədən keçirmək imkanından faydalanıblar”. Bununla yanaşı, İ. Vəliyeva bu cür proqramların ümumi innovasiya strategiyasının tərkib hissəsi və onun inkişafını şərtləndirən mühüm faktor olduğunu diqqətə çatdırıb.

Tədbirin ikinci hissəsində KOICA-nın “Potensialın gücləndirilməsi” layihəsi çərçivəsində müxtəlif dövlət və özəl qurumlardan olan məsul şəxslər üçün keçirdiyi təlimlərin, o cümlədən akselerasiya və mentorluq proqramlarının məzunlarının təqdimatları baş tutub. Təqdimatları zamanı onlar proqram çərçivəsində əldə etdikləri bilik və təcrübələr, Koreyanın innovasiya və təhsil mərkəzlərinə edilmiş səfərlər, o cümlədən bu proqramın onlar üçün hansı perspektivlər yaratdığı haqqında danışıblar. Hər bir təqdimat sual-cavab sessiyası ilə davam edib.

Tədbirin yekununda “Azərbaycanda innovasiya siyasətinin qurulması” layihəsi çərçivəsində hazırlanmış Strateji Yol Xəritəsi təqdim edilib. Bu sənəddə Azərbaycanda innovasiya ekosisteminin cari vəziyyəti, habelə ekosistemdə effektivliyin və inkişafın sürətləndirilməsi məqsədilə mümkün fəaliyyət mexanizmləri yer alır.

Qeyd edək ki, “Azərbaycanda innovasiya siyasətinin qurulması” layihəsi 2022-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında imzalanmış Qrant Müqaviləsinə əsasən həyata keçirilir. Son iki ildə KOICA ilə müxtəlif dövlət qurumlarından olan rəhbər şəxslər və innovasiya mərkəzlərində çalışan nümayəndələr üçün Koreyada innovasiya sahəsində təlimlər, Koreyanın təcrübəsinin öyrənilməsi və Azərbaycanda tətbiqi məqsədilə bu ölkənin innovasiya mərkəzlərinə səfərlər təşkil edilib. İRİA ilə əməkdaşlıq çərçivəsində isə 2 startap akselerasiya proqramı (SAP) və 2 kohort təlimçilərin təlimi (TTT) proqramı reallaşdırılmışdır. Ümumilikdə hər bir proqram üzrə 40 startap və 40 mentor bu proqramlarda iştirak haqqı əldə edib.

Seçilən
53
apa.az

1Mənbələr