AZ

“Müharibənin diplomatik yolla həll imkanı olması üçün ABŞ və Rusiya...” - Politoloq

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, zaman keçdikdə Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həlli imkanları tükənir. O, Ukrayna Prezidenti Vladimir Zelenskinin təqdim etdiyi sülh planını ciddi tənqid edib və realist olmağa çağırıb: “Vəziyyət getdikcə daha da gərginləşə bilər. Rusiya-Ukrayna münaqişəsi 2022-ci ildə İstanbul görüşü zamanı başa çata bilərdi, amma Ukrayna bu imkandan istifadə etməyib”.

Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Herbiand.az-a bildirib ki, Rusiya-Ukrayna müharibəsi davam etdikcə diplomatik həll yolları, bəli tükənir:

“Çünki işğalçı dövlət olan Rusiya hal-hazırda diplomatik həll prinsipinə getmir. Təbii ki, son vaxtlar ərzində Vladimir Putin də özü qeyd etdi ki, biz Ukraynada işğal etdiyimiz torpaqlardan geri çəkilmək niyyətində deyilik və Ukraynada olan bütün silahların bizə verilməsini tələb edirik. Məsələ bundadır ki, bu ABŞ-ın və NATO-nun maraqlarına uyğun deyil. Burda söhbət təkcə Avropadan getmir. Əgər Rusiya tərəfi sülh istəyirsə, onda heç olmasa aldığı yerləri tərk etməlidir. Rusiyanın etdiyi hərəkət işğalçı siyasət yürütməkdir. Bu işğalçı siyasəti də özü qəbul etmək istəmir, çünki imperialist dövlətdir”.

Politoloq qeyd edib ki, diplomatik yolla həll imkanı olması üçün gərək ABŞ və Rusiya bu məsələdə birgə həll yollarını fikirləşib tapmalıdır:

“Bu məsələyə Çin də qarışmaq istəyir, amma onu oyuna hələ tam daxil etmirlər. Həmçinin, nüvə silahı kimi bəyanatlardan əl çəkilməli, Ukraynanın ərazi bütövlüyü dəstəklənməlidir. Bu hüquqi prinsiplərlə hərəkət edilməlidir. Təbii ki, indiki məqamda Ukraynaya verilən silahlardan Rusiyanın ərazilərini vurmağa icazə verilməsi səbəbilə müharibə daha da mürəkkəb şəkildə irəliləyir. Bu da Rusiyanın maraqlarına uyğun deyil. Əslində, Rusiya müharibəni dayandırmaq istəyir. Ancaq işğal etdiyi yerlərdən də çəkilmək niyyətində deyil. Bu baxımdan, Rusiya-Ukrayna müharibəsi davam edir”.

Rüstəm Tağızadənin sözlərinə görə, digər tərəfdən Qərb istəyir ki, müharibə daha da uzansın. Ən azından, 2025-ci ilin sonuna kimi getsin:

“Çünki bu məqamda Rusiyaya edilən sanksiyalar və iqtisadiyyatda olduqca düşüşlər müşahidə olunmalıdır. Bunu Britaniya kəşfiyyatı deyir. Burda məqsəd Rusiyanın dağılması deyil. Çünki Rusiyanın dağılması özü ilə bərabər dünya üçün böyük fəlakətlər gətirə bilər. Ona görə də əsas məqsəd Rusiya iqtisadiyyatının zəiflədilməsi və keçmiş postsovet ölkələrində Rusiyanın təsir dairəsini hələ ki, azaltmaqdan ibarətdir. Rusiya-Ukrayna müharibəsi davam etdikcə görürük ki, diplomatik həll yolları tükənir”.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
50
herbiand.az

10Mənbələr