AZ

Bakı İslam Universitetinin daha bir saxta diplomlu məzunu dilə gəldi- açdı sandığı...

Image

Elnur İsmayılov: “Bu gün Türkiyədə Bakı İslam Universitetinin verdiyi diplomla özünə iş tapa bilməyən yüzlərlə azərbaycanlı var”

Bakı İslam Universitetinin təsisçisi olan Qafqaz Müsəlmanları İdarəsinin saxta diplom verdiyi məzunlardan biri də Elnur İsmayılovdur. Hazırda Türkiyədə yaşayan E.İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 2008-ci ildə Bakı İslam Universitetinə qəbul olub, 2013-ci ildə isə oranı bitirib. 

“Bakı İslam Universitetində təhsil alarkən bütün illər üzrə təhsil haqqı ödəmişəm. Universitetdən diplomumu alarkən də belə şeylərlə qarşılaşacağımız haqda heç düşünmədik. Bu ali məktəb lisenziya alıbmı? Qarşıdakı dövrlərdə aldığımız diplomla bağlı problem yaşayıb-yaşamayacağımız barədə heç bir məlumatımız yox idi. Bir-iki il əvvəl bu problem üzə çıxdı. Mən də 2014-cü ildə həmin diplomla magistratura təhsili almaq üçün Türkiyəyə  gəldim və 2016-cı ildə magistraturanı bitirdim. Mən gəldiyim dövrdə problem yox idi. Amma 2018-ci ildən sonra Azərbaycan dövlətinin tanımadığı və Bakı İslam Universitetinin verdiyi diplomla Türkiyədə oxumaq qadağan olundu. 2018-ci ilə qədər bu diplomla oxumağa icazə verilirdi. Mən 2016-cı ildə doktorantura oxumağa başladığım üçün bu mənə şamil olunmadı, problemlə üzləşmədən oxudum, doktoranturanı bitirdim. Elmi iş yazdım, dissertasiyam Türkiyədə çox nadir toxunulan bir mövzuya həsr olunub. Eyni zamanda populyar bir iş oldu. Doktorantura dissertasiyam “Güney Qafqazda Ermənistanın qurulması və XX əsrin əvvəllərində Azərbaycan  türklərinə qarşı törədilən soyqırımlar” mövzusunda oldu. Həm Türkiyə, həm Azərbaycan arxiv qaynaqlarına, eyni zamanda rus mənbələrinə dayanaraq yazdığım 350 səhifəlik dissertasiyamı   müdafiə edərək doktor oldum. Hətta Ulusal Tez Mərkəzində dissetrasiyamın pdf-i yerləşdirilib. Bunu bir tərəfə qoyaq. Burada diplomla əlaqədar qarşılaşdığımız problemlərə gəlincə, bunları belə sıralaya bilərəm. Birincisi, elmi iş müdafiə etməyimə baxmayaraq iş tapmaqda çətinlik çəkirəm. Niyə? Çünki bəzi universitetlər Bakı İslam Universitetinin bakalavr diplomunun (baza diplomunun) Türkiyənin Yüksək Öyrətim Kurulu (YÖK) tərəfindən tanınmasını istəyir. YÖK isə Bakı İslam Universitetinin bizə verdiyi bakalavr diplomunu tanımır. Bizə deyirlər ki, əvvəlcə    sizin ölkəniz tanısın, sonra biz tanıyaq. Bizim ölkəmiz tanımadığı üçün YÖK də tanımır. YÖK bizim diplomlarımızı tanımadığı halda biz o ali məktəblərə müraciət edə bilmirik, bir elmi işçi, müəllim kimi o ali məktəblərdə işləmək şansımızı tamamilə itiririk. Çox az sayda universitetlərlə qarşılaşırıq ki, onlarda vakant yer olması çətindir.  Bizim bakalavr diplomlarımızın tanınmaması qarşımıza böyük əngəllər çıxarır. İkincisi, biz hansısa bir universitetdə işə başlasaq doktor olaraq qalmaq istəmirik. Çünki elm sahəsində yüksəlmək, axara düşüb getmək məcburiyyətindəsən. Ona görə ki, bir neçə ildən sonra dosentlik, professorluq gəlir, universitetlərdə işləyən hər bir müəllim bunu qazanmaq istəyir. Biz bir neçə ildən sonra dosent olmaq istəsək ola bilməyəcəyik. O səbəbdən ki, YÖK bizim baza diplomumuzu tanımadığı üçün bu mümkün deyil. Diplomumuzu tanıda bilmirik. Dosent ola bilmiriksə, professor da ola bilmirik. Bizim qarşımıza belə problemlər çıxıb”-deyə E.İsmayılov qeyd etdi. 

Müsahibimiz bildirdi ki, elmlər doktoru olmaq üçün 15 il oxumaq lazımdır və artıq  o bu prosesi keçib. O bildirdi ki, ayrıca olaraq Azərbaycan və Türkiyə ilə bağlı layihələr düşünür, amma hansısa bir universitetdə işləyə blmədiyinə, öz sahəsi ilə əlaqədar iş tapa bilmədiyinə görə hər iki ölkə üçün faydalı ola biləcək layihələri həyata keçirə bilmir.  

“Məzunları aldatmaq, yola vermək islam adı daşıyan, ilahiyyat sahəsində olan bir universitetin prorektoruna yaraşmır” 

E.İsmayılov vurğuladı ki, Azərbaycan dövləti tərəfindən tanınmayan diploma görə üzləşdikləri çətinliklərin aradan qaldırılması üçün baş vurduqları bütün qurumlardan imtina cavabı alıblar. “Bu gün Türkiyədə Bakı İslam Universitetinin verdiyi diplomla özünə iş tapa bilməyən yüzlərlə azərbaycanlı var. Bu problemlə üzləşənlərin sayı çoxdur. 

Biz dəfələrlə Bakı İslam Universitetinə müraciət etmişik. 2021-ci ildə prorektor Elçin Həsənli ilə üz-üzə görüşmüşəm, çox rahat şəkildə “düzələcək” dedi. Amma necə düzələcəyini demədi. Bu bilirsiz nəyə bənzəyir? Biri birindən borc alır və üstündən 10-15 il keçir, “qaytaracağam”, “verəcəyəm, arxayın ol” deyir. Yəqin o dünyada verəcək. Bunlar da bizə “düzələcək” deyib diplomu hər halda o dünyada düzəldəcəklər? Bizdə belə bir sual yaranır. Belə çıxır ki, Elçin müəllim bizi yola verir, aldadır. Məzunları aldatmaq, yola vermək islam adı daşıyan, ilahiyyat sahəsində olan bir universitetin prorektoruna yaraşmır. Onun bizi aldatması üzücüdür, onun adına üzülürəm ki, belə yalanla-palanla bizi aldada-aldada hara gedirlər? Bizi niyə bu vəziyyətə saldıqlarını anlamıram. Mən bir şəkildə Azərbaycandan çıxıb Türkiyəyə gəldim və burada doktoranturanı oxudum, özümə bir yerdən iş tapacağam. Türkiyə böyük ölkədir. Bakı İslam Universitetində o qədər kadrlar yetişdi, heyfim gəlir onlara. Bu işi həll etmək elə də çətin deyil. Təklif edərdim ki, bir komissiya yaradılsın və Bakı İslam Universitetinin məzunları o komissiyadan keçsin. O komissiyada Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları da, QMİ-nin də, Dini Komitənin də nümayəndələri, mütəxəssislər təmsil olunsunlar. Məzunları imtahan edib süzgəcdən keçirsinlər və bu diplomu haqq edənlərin diplomları tanınsın. Bu diplom problemi həll edilməlidir. Çünki çox ağır bir işdir. Biz Qarabağ boyda bir problemi həll etdik, bu halda diplom məsələsi nədir ki, bunu həll edə bilmirik? Məncə, istəsələr bunu çox asan şəkildə həll edə bilərlər”-deyə E.İsmayılov vurğuladı. 

İradə SARIYEVA





Seçilən
8
baki-xeber.com

1Mənbələr