AZ

İRİA ekosistemin inkişafına təkan verəcək “Ecosystem Map” və digər layihələrini təqdim edib

İRİA

Bakı, 2 iyul, AZƏRTAC

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) “Baku ID” innovasiya festivalının tərəfdaşı olaraq tədbirdə “SAVAD Station”, “Ecosystem Map” və AİM - Azərbaycan İnnovasiya Mərkəzi layihələrinin başladığını elan edib.

Bu barədə AZƏRTAC-a Agentlikdən məlumat verilib.

Məlumata əsasən, layihələrin təqdimatı zamanı Agentliyin İnvestisiya və ekosistemə dəstək şöbəsinin müdiri Ağahüseyn Əhmədov bildirib ki, Azərbaycanın innovasiya strategiyası insan kapitalı, infrastruktur və innovativ mədəniyyət, maliyyələşdirmə və bazar tələbatı kimi təməl prinsiplər üzərində qurulub. “Biz bu strategiyadan yola çıxaraq ölkəmizdə innovasiya sahəsində daha əvvəl pərakəndə fəaliyyət göstərən ekosistem oyunçularını vahid və aydın məqsəd ətrafında birləşdirməyə nail olmuşuq”, - deyə Ağahüseyn Əhmədov qeyd edib.

İRİA-nın innovasiya üzrə rəhbəri İqor Ovçarenko regionda innovasiyaların inkişafı mövzusunu əhatə edən panel diskussiyasına qatılıb. Çıxışı zamanı o, Azərbaycanın yaxın perspektivdə regional innovasiya habına çevrilməsi üçün strateji addımların atıldığını vurğulayıb: “İRİA Azərbaycan və regionun xüsusiyyətlərini nəzərə alaraq ölkənin uzunmüddətli innovasiya siyasətini qərarlaşdırıb və bu, dayanıqlı ekosistem quruculuğunu şərtləndirən əsas faktor rolunu oynayır. Bizim strateji baxışımızda startaplar ekosistemin mərkəzində yer alır və agentliyimizin fəaliyyəti startaplar üçün maliyyə resurslarının əlçatanlığı, inkubasiya və akselerasiya proqramları, o cümlədən innovativ sahibkarlıq mədəniyyətinin təşviqi istiqamətində möhkəm zəmin yaradıb”, - deyə o bildirib.

“Baku ID”də digər vençur fondları ilə yanaşı, İRİA-nın dəstəklədiyi “Caucasus Ventures”un da iştirakı ilə ümumi məbləği 1 milyon ABŞ dolları olan və startap müsabiqəsi üçün nəzərdə tutulmuş mükafat fondu yaradılıb. Müxtəlif startaplar iki gün ərzində öz təqdimatları ilə çıxış edərək bu investisiya mükafatından yararlanmaq imkanı əldə ediblər.

Xatırladaq ki, ölkəmizdə artıq üçüncü dəfə keçirilən “Baku ID”yə 200-dən çox yerli və xarici investor, 100-dən çox startap və 5000-ə yaxın iştirakçı qatılıb. İki gün davam edən tədbirdə dövlət qurumları və qlobal texnologiya şirkətlərindən olan nümayəndələrin çıxışları, müxtəlif panel müzakirələri, startap təqdimatları baş tutub, ekosistem oyunçuları üçün şəbəkələşmə sessiyaları keçirilib.

Qeyd edək ki, AZƏRTAC “Baku ID” tədbirinin media tərəfdaşı olaraq informasiya dəstəyi göstərib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
22
azertag.az

10Mənbələr