AZ

Vətəndaş cəmiyyəti Şərqi Zəngəzurda...

“Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı addımlar atacağıq. Azərbaycan xalqının həmrəyliyi əsas uğurlarımızdan biridir” – İlham Əliyevin 14 fevral 2024-cü il tarixli andiçmə mərasimindən.

24 iyun, 2024-cü il gecə saat 04:00-da Bakıda Su idman sarayının qarşısında 200-ə yaxın vətəndaş cəmiyyəti və media nümayəndələri toplaşıb. Az sonra maşın karvanımız Şərqi Zəngəzura doğru yola düşür. Təxminən 4 saat sonra Füzuli rayonunun Horadiz qəsəbəsini keçib yenicə salınmış asfalt yol ilə bizi Xan Arazın sahili boyunca Cəbrayıl və daha sonra Zəngilana aparan avtobuslar sürətlə irəliyir. O taylı - bu taylı vətən torpaqlarıdır. Çayın bir tərəfi Qaradağ mahalı, digər tərəfi - Qarabağ mahalıdır! Hər iki tərəf də bizim üçün çox doğmadır. Uzaqdan Xudafərin dəryacası görünür. “Lil ilə axan” Arazın suları baxdıqca fikrimi çəkib aparır, xatirələr çözələnir, ötən günlər yada düşür, fikrən sanki zamanda səyahət edirəm. O ağır illəri, 90-ların əvvəlləri göz önünə gəlir: 1993-cü il 23 avqust Füzulinin və Cəbrayılın işğalı, məcburi köçkünlərin faciəvi durumu, insan hıçqırtıları, ana-bacılarımızın, ağbirçək nənələrimizin ah-naləsi, hayqırtıları... Fəryadlar yeri-göyü titrədir. Yağı düşmənin zülmü ərşə dirənib. Xilas yolu axtara-axtara özünü çaya vuran, lal axan Arazda batan, boğulan insanlarımızın, itkin düşən soydaşlarımızın xatirəsi yaddaş axarında yenidən təzələnir...

Həmin vaxtlar Füzuli və Cəbrayılın işğalından sonra Zəngilan üçün nicat yolu qalmamışdı. Zəngilan üçün qalan yeganə yol Arazı o taya keçmək, qonşu İrana pənah aparmaq idi. Yurd-yuvasından qovulan, ev-eşiyindən didərgin düşən on minlərlə dinc Zəngilan sakini özünü Arazın soyuq sularına çırpıb canını qurtarmağa çalışırdı. Suda boğulanların, itkin düşənlərin sayı-hesabı yox idi. Bu faciələrin davamında isə 30 oktyabr 1993-cü il Zəngilan şəhəri işğal olundu.

Bu gün də biz, o qanlı-qadalı günlərə şahidlik edən, uzun illər işğal altında qaldıqdan sonra azad olmuş Böyük Turanı bir-biri ilə qovuşduracaq Şərqi Zəngəzur yolundayıq. O yol ki, Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli ordumuzun şanlı qələbəsini simvolizə edir. O yol ki, Azərbaycanın, türkün gücünü özündə birləşdirir. Bəli biz, o möhtəşəm qələbədən sonra salınan yeni yollar ilə Zəngilana doğru yaxınlaşırıq. Vaxtilə gözümdə canlanan, qulağımda eşidilən o faciələrin, köçün qorxulu həyəcanı indi məğrur və bir o qədər də xoşbəxt bir hiss ilə əvəz olunurdu. Dağıdılmış, viran qoyulmuş ərazilərdən, xarabazarlıqlardan keçəndə quruculuq işlərini davam etdirən Azərbaycanın varlığı və insan əməyi duyulurdu. Taleyi həm Zəngəzura, həm də Qarabağa bağlı olan birisi kimi, Zəngəzura doğru getdikcə bütün vücudumla hiss edirdim ki, bu mahalda uyuyan dədə-babalarımızın istisnasız olaraq hamısının ruhları şaddır. Həqiqətən də bütün bu hissləri sözlə ifadə etmək çox çətindir.
*
Şərqi Zəngəzura səfərimizin məqsədi həm Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə Zəngilanda düzənlənən QHT-lərin Əməkdaşlıq Forumunda iştirak etmək və həm də regiondakı mövcud vəziyyətlə tanış olmaq idi. Maşınlarımız işğaldan azad edildikdən sonra Qarabağda ilk salınan ağıllı kənd Ağalıdan keçib Zəngilanda, dörd bir tərəfi də vəhşi düşmənin yaratdığı xarabazarlıq olan Konqres Mərkəzinin önündə dayandı.Foruma qədərki görüşlər, danışıqlar, müzakirələr qeyri-adi həmrəylik ruhu, fərqli bir ab-hava yaratmışdı. Kiçik çay fasiləsindən sonra beləcə, Forum öz işinə başladı. "Azərbaycan QHT-ləri: nəticələr və hədəflər", "Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları" və "COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı" mövzularında 3 əsas panel üzərindən keçirilən Forumun proqramında Azərbaycan QHT-lərinin beynəlxalq əməkdaşlıq imkanlarının müzakirəsinə də xüsusi yer ayrılmışdı.

Tədbirin açılışında çıxış edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Tural Əliyev son illər Azərbaycan vətəndaş cəmiyyətində baş verən mühüm dəyişiklikləri və onlara göstərilən diqqət və etimadı vurğuladılar. Prezident İlham Əliyevin rəhbərliyi ilə QHT sektorunda dərinləşdirilən islahatların, yaradılan sağlam mühitin məntiqi nəticəsi olaraq vətəndaş cəmiyyəti təşkilatlarının ölkənin ictimai həyatında mühüm rol oynaması və xüsusi yerə sahib olduğu da ayrıca qeyd olundu. Milli QHT Forumunun yeni seçilmiş rəhbəri Ramil İsgəndərlinin çıxışı da özünəməxsusluğu ilə yadda qaldı.
Forumun panel moderatorları və çıxışçıları da öz nitqləri ilə tədbirə ayrı bir dəyər qatdılar. Ölkənin tanınmış Qeyri Hökumət Təşkilatlarının nümayəndələri xalqımızın qürurunu özünə qaytaran Böyük Qələbə sevinci ilə bir çox mühüm məsələlərə dair fikir mübadiləsi apardılar, ümumi həmrəylik mühitində demokratik düzənin ən vacib seqmentlərindən olan Vətəndaş Cəmiyyətinin gələcək inkişafından, görüləcək işlərdən, planlardan danışdılar. Bu müzakirələr yeni metodların tətbiqi və beynəlxalq təcrübəyə əsaslanması ilə nəzərə çarpırdı. Yüksək səviyyədə keçən Forum Dövlət və QHT-lər arasında qarşılıqlı anlaşmanın, faydalı əməkdaşlığın və sarsılmaz həmrəyliyin mövcud olduğunu, bu faktorun ölkəmizin gələcək inkişafına böyük qatqılar verəcəyini əyani nümayiş etdirirdi. İki gün davam edən tədbirdə Sahib Məmmədovun, Rauf Zeyninin, Ayaz Mirzəyevin, Azər Allahverənovun, Zaur İbrahimlinin, Sabit Bağırovun, Amin Məmmədovun vətəndaş cəmiyyətlərinin dünəni, bu günü və sabahı mövzularındakı konseptual çıxışları xüsusilə qeyd olunmalıdır. Forumda vətəndaş cəmiyyəti institutlarının peşəkarlığı, ölkəmizin həyatındakı rolu açıq-aydın hiss olunurdu.
QHT-lərin Zəngilanda keçirilən tarixi əməkdaşlıq forumunun açılış mərasimində mən də çıxışçılar arasında idim. Bir vətəndaş cəmiyyəti təmsilçisi olaraq deməyə sözümüz, ortada isə gördüyümüz çox böyük işlər vardı. Öz çıxışıma da yol boyu hiss etdiklərimi ifadə edərək başladım. Bu gün regionun lider dövlətinə çevrilən Müstəqil Azərbaycanımızın son illər əldə etdiyi möhtəşəm qələbələrdə vətəndaş cəmiyyəti qurumları olaraq xüsusi payımız olduğu ücün çox qürurlu idim. Tale elə gətirib ki, mənim də bütün həyatım əvvəldən bu günə kimi Qarabağda işğalçı rejimlə, quldur separatçılarla mücadilədə keçib. Qurucusu olduğum Beynəlxalq Avrasiya Mətbuat Fondu Qarabağın 30 illik işğalı dövründə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün ən müxtəlif beynəlxalq platformalarda, nüfuzlu auditoriyalarda qaçqınların, məcburi köçkünlərin və işğal qurbanlarının hayqıran səsinə çevrilmişdi. BAMF-ın əsas missiyası, vizyonu sülh və konflikt bölgələrindən obyektiv informasiyaların yayılması olduğu ücün biz ilk gündən xarici jurnalistlərin, diplomatların, beynəlxalq təşkilatların nümayəndələrininm Qarabağa səfərlərini təşkil etdik. Buradan doğru-dürüst məlumatların yayımlanmasına çalışdıq. Aparıcı media qurumlarını, təmsil olunduğumuz BMT rəsmilərini, öz tərəfdaşlarımızı bu problemə və Azərbaycan reallıqlarına doğru çəkdik. Təkcə birinci Qarabağ müharibəsi dövründə yüzdən çox xarici jurnalistlərin ölkəmizə, qaynar nöqtələrə səfərlərini təşkil etdik.Müharibədən zərər çəkən regionlarda sosial-iqtisadi layihələrin əsas təşəbbüskarı və icraçısı olduq. İnformasiya cəbhəsində çalışmaqla yanaşı Azərbaycanda Mina Təhlükəsi ilə Mübarizə Proqramına qoşulduq. Bu gün BAMF BMT agentlikləri və digər beynəlxalq təşkilatlarla yanaşı, ölkəmizdə ANAMA-nın əsas partnyorlarından biridir.BAMF-ın yaratmış olduğu İcma Mina Aksiyası Komandası son 20 ildə 12 min hektardan çox ərazini minalardan təmizləyib istifadəçiyə təhvil vermişdir. Biz harda olduqsa insanların ümid yeri, onların həyatlarının bir parçası olduq. Bizə qarşı olan güclərə, düşmən qüvvələrə qarşı yumşaq gücümüzü göstərdik, birlik olmağı bacardıq. Bəli, sülh missiyamızdan, öz əqidəmizdən və beynəlxalq hüquqi normalara olan sadiqliyimizdən əl çəkmədik. Dünyada hökm sürən ikili standartların gətirdiyi haqqsızlıqlara, ədalətsizliklərə baxmayaraq, öz yolumuzdan dönmədik. Mən də İkinci Qarabağ müharbəsi zamanı 27 sentyabr 2020-ci il tarixdən 27 noyabr 2020-ci ilə qədər iki ay fasiləsiz olararaq Əl-Cəzirə TV-nin əməkdaşları ilə ön cəbhədə oldum. Bir QHT təmsilçisi kimi İkinci Qarabağ müharibəsi zamanı ölkədə hökm sürən və şanlı Qələbəmizin əsasını təşkil edən ümumxalq birliyinin mühüm parçalarından olduq. Müharibədən sonrakı dövrdə də bütün sahələrdə - təhsil, iqtisadiyyat, sosial, tibb, sülh quruculuğu, ətraf mühit və s. istiqamətlərdə fəaliyyətimizi daha da artırdıq.

Mən fəxr edirəm ki, 17 oktyabr 2021-ci ildə doğma Füzuli şəhərimin azad olunduğu gündə ölkə başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən təməlqoyma mərasimində yaxından iştirak etmişəm. Prezidentlə birlikdə o təməldə pay sahibi olmaq vaxtilə doğma yurdunu acılar içində tərk edən, 30 illik nisgili özündə yaşadan bir azərbaycanlı, qarabağlı üçün o ağrılara çəkilən məlhəm idi. Çünki, biz qayıtmışdıq. Biz dirçəltməyə, qurmağa, yaşamağa qayıtmışdıq.

2023-cü il təməlqoymadan 2 il sonra elə həmin tarixdə, “Füzuli Şəhəri Günü”-də Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə ölkə Prezidentin görüşü baş tutdu. Artıq yeni məskunlaşan sakinlərə açarlar təqdim olunurdu. Hər iki görüşün, mərasimin bir parçası olduğum üçün çox qürurluyam. Eyni zamanda, bir o qədər də məsuliyyəti öz üzərimdə hiss edirəm. Axı bir vətəndaş cəmiyyəti qurumu olaraq bu proseslərdə iştirak etmək və öz töhfəmizi vermək həm də bizim vətəndaşlıq borcumuzdur...

Mən öz çıxışımda təkcə özümüzdən, nəaliyyətlərimizdən danışmadım. Bütövlükdə vətəndaş cəmiyyətinin uğurlarından danışdım. Ölkəmizin yeraltı sərvətlərinin qorunmasına xidmət edən eko-aksiya, mina xəritələrinin təqdim olunması üçün başladılan petisiya, Azərbaycana tətbiq olunan qərəzli sanksiyalara qarşı birgə bəyanatlar, Metsamor atom elektrik stansiyasının fəaliyyətinə yönəlik etiraz çıxışları və s. çoxsaylı fəaliyyətlərimiz buna misaldır. Xüsusilə, 44 günlük Vətən müharibəsindən sonra seperatçıların qanunsuz silahlanmasına qarşı başladılan etiraz aksiyası, verilən bəyanatlar, hazırlanan hesabatlar ayrıca qeyd olunmalıdır.

2024-cü ilin fevral ayında bizim də yaxından iştirak etdiyimiz növbədənkənar Prezident seçkilərində vətəndaş cəmiyyəti təşikatları üzərilərinə düşən müşahidəçilik missiyasını ləyaqətlə yerinə yetirdilər. Ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının və ictimai birlikləri təmsil edən 6 045 nəfər seçki günü prosesdə müşahidəçi qismində yer aldı.
Bu il də vətəndaş cəmiyyəti nümayəndələrinin qarşısında fövqəladə faydalı bir missiya dayanır: COP29 kimi mühüm beynəlxalq tədbirə ev sahibliyi edən Azərbaycanımıza dəstək olmaq! Əminliklə deyə bilərik ki, azərbaycan vətəndaş cəmiyyəti institutları bu sınaqdan da alnıaçıq, üzüağ çıxacaq.

Çıxışım zamanı bu fikirləri səsləndirdikcə həqiqətən də içimdə bir əminlik, bir fəxarət hissi artır, ürəyim dağ boyda olurdu. Sanki Zəngilandan yayılan səsimiz bütün Zəngəzurda eşidilir, tarixi torpaqlarımızda əks-səda verirdi...

Yekunda Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə Müraciət qəbul olundu. Biz müraciətdə xüsusi olaraq vurğuladıq ki, bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda gedən hərtərəfli quruculuq işləri bölgəni sanki əsrarəngiz bir cənnət məkanına çevirir, bu dağıdılmış ərazilər yaşıl enerji zonaları kimi çox mühüm ekoloji məkan olaraq yenidən dirçəlir.

Bu dirçəliş əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu daxili və xarici siyasət strategiyasının çağdaş dönəmdə müvəffəqiyyətlə reallaşdırılmasının bariz göstərici kimi təqdirəlayiqdir. Biz möhtərəm Prezidentə Müraciətdə onu da qeyd etdik ki, QHT nümayəndələri Qarabağ və Şərqi Zəngəzurda heyrətamiz quruculuq və bərpa işlərinin şahidi oldu. Ermənistanın işğalı dövründə Azərbaycan torpaqları 1,5 milyondan çox mina və partlamamış hərbi sursat ilə çirkləndirilsə də, indi ərazilərimizin minadan təmizlənməsi, ətraf mühitin qorunması üçün çox böyük işlər aparılır. Qəti əminliklə deyə bilərik ki, cənab Prezident, gün gələcək Siz bütün dünyaya Qarabağ və Şərqi Zəngəzurun minadan tam azad gülüstana çevrildiyini bəyan edəcəksiniz!

Müraciətin Zəngilanda, işğaldan azad olunmuş ərazidə qəbul edilməsi xüsusilə əlamətdar hadisə idi. Çünki bu bölgələrdə aparılan yenidənqurma işləri və yaşıl enerji layihələri Azərbaycanın ekoloji və iqtisadi inkişafının təməl göstəricilərindəndir.Ermənistanın işğalı dövründə ciddi ekoloji problemlərlə üzləşən digər ərazilər kimi, Zəngilan da indi yaşıl enerji zonası elan olunub. Bu isə bir daha Azərbaycanın qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəyə olan yanaşmasının göstəricisidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
8
aznews.az

9Mənbələr