AZ

Pakistanda 657 məhsulun idxalına 55 faizədək rüsum tətbiq edilib

Pakistanda

Bakı, 2 iyul, AZƏRTAC

Pakistanın Federal Vergi İdarəsi əvvəllər idxal rüsumundan azad olunan 657 adda məhsula 5 faizdən 55 faizədək gömrük rüsumu tətbiq edib.

AZƏRTAC “The News International” qəzetinə istinadla xəbər verir ki, ən yüksək rüsumlar kosmetik vasitələrin (55 faiz), zinət əşyalarının (45 faiz), tütün məmulatlarının (40 faiz) və saatların (30 faiz) idxalına qoyulub. Eyni zamanda avtomobil hissələri, məişət texnikası, süd məhsulları, meyvələr, geyim əşyaları və bir çox başqa mallar ölkəyə 10-25 faizlik gömrük rüsumu ilə idxal olunacaq.

İyun ayının sonunda Pakistan Milli Assambleyası (parlamentin aşağı palatası) ölkədə birbaşa və dolayı vergilərin təxminən 40 faiz artırılmasını nəzərdə tutan 2024-2025-ci maliyyə ili büdcəsini təsdiqləyib.

Qeyd edək ki, İslamabad yaxın zamanlarda növbəti üç il ərzində genişləndirilmiş maliyyə proqramı çərçivəsində 6-8 milyard dollar həcmində yeni güzəştli yardım paketinin, həmçinin iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı 1,5-2 milyard dollarlıq əlavə maliyyə yardımının ayrılması üçün Beynəlxalq Valyuta Fondu (BVF) ilə danışıqlara başlayacaq. BVF-nin maliyyə yardımı üçün əsas şərtlərindən biri vergilərin artırılmasıdır.

Seçilən
11
azertag.az

1Mənbələr