AZ

“Ermənistan bütün siyasi və hərbi qərarlarını Rusiya ilə razılaşdırır və bu ölkədən hərtərəfli dəstək alırdı...”-Tariximizə fərqli baxış

“Bu vaxtdan İkinci Azərbaycan-Ermənistan müharibəsinin ikinci mərhələsi başlandı, Azərbaycanla Ermənistan iki müstəqil dövlət olaraq üz-üzə qaldı, qarşıdurma iki dövlətin müharibəsi kimi davam etdirildi...”

Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:

İkinci Azərbaycan-Ermənistan müharibəsi: başlanması, gedişi və ilkin nəticələri...- XXXXVII mövzu

 
(Əvvəli burada:)
 
Azərbaycan 1991-ci il aprelin sonunda XTMD (OMON) qüvvələri ilə Göranboy rayonu ərazisində  “Çaykənd” və ya “Həlqə” əməliyyatını həyata keçirdi. İyul ayına qədər davam edən əməliyyat nəticəsində 24 kənd erməni silahlı dəstələrndən təmizləndi [26, s.3]. Bu hadisə ilə bağlı ABŞ tərəfindən gözlənilməz reaksiya ortaya çıxdı. ABŞ Senatı mayın 1-də qətnamə qəbul edərək, SSRİ və Azərbaycan hakimiyyətlərini “Dağlıq Qarabağın, Ermənistanın və Azərbaycanın erməni əhalisinə qarşı cinayətlərdə” ittiham etdi. Hadisələr gərginləşən xətlə davam edirdi. Ermənistanın planı ilə hərəkət edən Dağlıq Qarabağın xalq deputatları soveti 1991-ci il sentyabrın 2-də “Dağlıq Qarabağ Respublikası” deyilən qondarma qurumun yaradıldığını elan etdi. Azərbaycan Ali Soveti sentyabrın 5-də Müdafiə nazirliyinin yaradılmasına dair qərar qəbul etdi. General-mayor Valeh Bərşadlı ilk müdafiə naziri təyin edildi. Ali Sovetin 26 noyabr 1991-ci il tarixli digər qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildi.
 
Bu vaxt Rusiya və Qazaxıstan rəhbərləri Boris Yeltsin və Nursultan Nazarbayevin təşəbbüsü ilə ilk vasitəçilik missiyasına cəhd edildi. Azərbaycan, Ermənistan, Rusiya, Qazaxıstan rəhbərləri 1991-ci il sentyabrın 23-də Şimali Qafqazın Jeleznovodsk şəhərində görüşdü, danışıqların nəticəsi olaraq birgə sənəd imzalandı. Həmin sənədə görə, tərəflər 1992-ci il yanvarın 1-dən atəşkəs elan etməyi öhdələrinə götürdü [29]. Lakin Ermənistan üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi. Üstəlik, az sonra, 20 noyabrda Azərbaycanın dövlət adamlarının, mətbuat nümayəndələrinin, həmçinin Rusiya və Qazaxıstandan olan vasitəçilərin içərisində olduğu helikopter Xocavənd rayonu Qarakənd yaşayış məntəqəsi üzərində erməni silahlıları tərəfindən vuruldu, helikopterdə olan 22 nəfərin hamısı həlak oldu. Ermənistan bununla sülh və vasitəçilik prosesini atəşə tutdu. 1991-ci ilin sentyabr ayından Ermənistan silahlı qüvvələri Goranboy, Xocavənd (Martuni), Hadrut istiqamətlərində hücuma keçdi. Nəticədə ilin sonuna qədər Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 57 yaşayış məntəqəsinin Şuşa, Xocalı, Qaradağlı istisna olmaqla hamısı işğal edildi, azərbaycanlı əhali etnik təmizləməyə məruz qalaraq çıxarıldı.
1991-ci il dekabrın 8-də SSRİ-nin ləğvinə dair üçtərəfli saziş imzalandıqdan, dekabrın 21-də digər respublikaların həmin sazişə qoşulmasından sonra Sovet imperiyası süqut etdi, respublikalar müstəqillik qazandı. Bu vaxtdan İkinci Azərbaycan-Ermənistan müharibəsinin ikinci mərhələsi başlandı, Azərbaycanla Ermənistan iki müstəqil dövlət olaraq üz-üzə qaldı, qarşıdurma iki dövlətin müharibəsi kimi davam etdirildi.
 
Bu dövrdə hələ nizami ordu olmadığına görə  Müdafiə nazirliyinin təşəbbüsü ilə yerli özünümüdafiə batalyonları yaradıldı. Onlardan Ağdamda Şirin Mirzəyev, Allahverdi Bağırov, Yaqub Rzayev, Asif Məhərrəmov, Əkbər Rüstəmov, Faiq Baxşəliyev, Yavər (Cəfər) İmaməliyev, Laçında Arif Paşayev, Tərtərdə Şahin Tağıyev, Bərdədə Ələmşah Məmmədov, Qubadlıda Əliyar Əliyev, Cəbrayılda Kamil Vəliyev, Füzulidə Mobil Yusifov, Kəlbəcərdə Asif Süleymanov, Zəngilanda Bayram Məmmədov, Xocalıda Tofiq Hüseynov, Şuşada Fəxrəddin Səfərov, Ramiz Qəmbərov və digərlərinin rəhbərlik etdiyi batalyonlar, həmçinin ölkənin müxtəlif bölgələrində hazırlanıb göndərilmiş batalyonlar, XTMD (OMON) qüvvələri, daxili qoşunların bölmələri, milis (polis) əməkdaşları rəşadətlə vuruşdular.
 
Bu vaxta qədər Ermənistan Dağlıq Qarabağda hərbi əməliyyatlarda iştirak etmədiyini iddia edirdi. Bundan sonra müharibədə iştirakını artıq gizlətmirdi. Hərbi əməliyyatlara birbaşa Ermənistan müdafiə nazirliyi tərəfindən rəhbərlik edilir, Dağlıq Qarabağda “Ermənistanın ekspedisiya korpusu”  deyilən hərbi birləşmə fəaliyyət göstərirdi. Bu faktı Ermənistanın 1992-ci ildə müdafiə naziri olmuş Vazgen Manukyan da etiraf edirdi. Ermənistan bütün siyasi və hərbi qərarlarını Rusiya ilə razılaşdırır və bu ölkədən hərtərəfli dəstək alırdı [11, s.244].
 
Ermənistan 1992-ci ilin əvvəlindən hərbi əməliyyatları genişləndirdi, bir sıra kəndləri, o cümlədən, fevralın 17-də Xocavənd rayonu Qaradağlı kəndini işğal etdi. İşğal zamanı kəndin 92 nəfər müdafiəçisi və 54 nəfər dinc sakini öldürüldü, 117 nəfər dinc sakin girov götürüldü, onlardan 77 nəfər güllələndi [9]. Az sonra ermənilər insanlığa qarşı ən ağır cinayətlərdən birini-Xocalı soyqırımını törətdi. Erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayı ilə birlikdə fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücum etdi, şəhəri ələ keçirib dinc sakinləri kütləvi şəkildə qətlə yetirdi [19]. Xocalı soyqırımı zamanı 613 nəfər dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirildi, 1000 nəfərdən artıq adam, o cümlədən 76 uşaq aldıqları yaralardan əlil oldu, 1275 nəfər girov götürüldü [21]. Ermənistan ordusu 1992-ci ilin aprelində ilk dəfə Dağlıq Qarabağın inzibati ərazisindən kənara çıxaraq, Kəlbəcərin Ağdaban kəndini işğal etdi. Aprelin 8-də həyata keçirilən bu cinayət nəticəsində kənd dağıdıldı, 67 dinc sakin qətlə yetirildi, o cümlədən 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırıldı [23].
1992-ci ilin əvvəllərində beynəlxalq təşkilatlar bir qədər fəallaşdı. ATƏM-in (ATƏT) yanvar ayında Praqada keçirilən iclasında vasitəçilik məsələsi müzakirə olundu, mart ayında Helsinkidə keçirilən iclasında onların “münaqişə” adlandırdıqları müharibənin nizama salınması üçün Minsk şəhərində konfransın çağırılması qərara alındı, konfransın hazırlanması üçün isə “Minsk qrupu” yaradıldı. Bu qrupa həmin vaxt Azərbaycan və Ermənistanla yanaşı Belarus, Çexoslovakiya, Fransa, Almaniya, İtaliya, Rusiya, İsveç, Türkiyə və ABŞ daxil oldu. Qrupun ilk sədri italiyalı diplomat Mario Raffaelli oldu [2]. Lakin bu qrupun fəaliyyəti heç bir nəticə vermədi.
 
Ermənistan hücumlarını davam etdirərək 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etdi. Bununla Dağlıq Qarabağ ərazisi tam şəkildə işğalçıların nəzarəti altına keçdi. Ermənilər bir az da irəli gedərək mayın 18-də Laçın şəhərini işğal etdilər. Bu, Dağlıq Qarabağın inzibati ərazilərindən kənarda işğal edilən ilk iri yaşayış məntəqəsi oldu. İşğalçılar az sonra Laçın rayonunu bütövlükdə zəbt etdilər [22, s.47-52].
 
Bu ağır şəraitdə hakimiyyətə gələn Xalq Cəbhəsi dərhal əks-hücum əməliyyatı təşkil etdi. İyunun 12-də iri miqyaslı döyüş əməliyyatları başladı. Az vaxt ərzində Ağdərə və digər iri yaşayış məntəqələri azad edildi. Azərbaycan Ordusu sentyabrın 2-də Çıldıran kəndinə çıxaraq 83 gün davam edən hücum əməliyyatını başa çatdırdı. Nəticədə Dağlıq Qarabağın ərazilərinin yarısı azad edildi [11, s.228].
Düşmən hücum istiqamətini dəyişərək, Dağlıq Qarabağ bölgəsindən uzaqda yerləşən Qazax rayonuna təcavüz etdi. 1992-ci ilin mart-iyun ayları ərzində Qazax rayonunun Xeyrimli, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Qızıl Hacılı, Yuxarı Əskipara kəndlərini işğal etdi [12]. Ermənistan bu dövrdə Naxçıvanı blokada vəziyyətində saxlayırdı. Türkiyənin dəstəyi ilə bu vəziyyət qismən aradan qaldırıldı. 1992-ci il mayın 28-də Araz çayı üzərindən Türkiyənin Dilucu və Azərbaycanın Sədərək sərhəd keçid məntəqələrini birləşdirən “Ümid” körpüsünün açılışı oldu. Açılışda Türkiyənin baş naziri Süleyman Dəmirəl, Azərbaycanın Ali Sovetinin sədri İsa Qəmbər, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev və digər rəsmilər iştirak edirdi. 
 
Ermənilər Gədəbəy rayonu istiqamətində də təxribat törətməyə cəhd göstərdi. Buna cavab olaraq Azərbaycan Ordusu 1992-ci ilin avqustunda əks-hücuma keçərək rayonun Başkənd yaşayış məntəqəsini azad etdi. Bu dövrün uğurlu əməliyyatlarına Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Valeh Bərşadlı rəhbərlik edirdi. O, sentyabr ayında istefaya göndərildi.
 
Azərbaycan çətin şəraitdə torpaqlarını müdafiə etməyə, zəbt olunmuş ərazilərini azad etməyə çalışırdı. Çətinlik həm də onunla bağlı idi ki, real müttəfiqimiz yox idi, beynəlxalq qurumlar, əksər dövlətlər Ermənistanın tərəfində idi. Rusiya açıq və gizli yollarla Ermənistanı silahlandırırdı [33]. Rusiyanın hərtərəfli köməyi ilə yanaşı ABŞ da Ermənistanın haqsız mövqeyini müdafiə edirdi. ABŞ konqresi 1992-ci il oktyabrın 24-də “Azadlığa dəstək aktı”na 907-ci düzəlişi qəbul etməklə bütövlükdə rəsmi Vaşinqtonun ermənipərəst mövqeyini göstərdi. Bu sənəddə işğala məruz qalan Azərbaycan guya Ermənistanı “blokadada saxlamaq”da ittiham olundu [15, s.369].
 
Azərbaycan Ordusu 1992-ci ilin payızında iri hərbi əməliyyatları dayandırdı. Üstəlik, Ordunun daxilində müəyyən ixtilaflar başladı. Bu şəraitdə Ermənistan irimiqyaslı hərbi yürüşlərə start verdi, Azərbaycanın içərilərinə doğru irəliləyərək, 1993-cü il aprelin 2-də Kəlbəcər şəhərini, az sonra bütövlükdə rayonu işğal etdi. Kəlbəcər üzərinə hücum birbaşa Ermənistan ərazisindən həyata keçirildi. Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası ilk dəfə qətnamə qəbul etdi (30 aprel 1993-cü il 822 saylı qətnamə). Bu qətnamədə “erməni silahlı qüvvələrinin” işğal olunmuş ərazilərdən çıxarılması tələb edildi
 
Kəlbəcərin itirilməsindən sonra ölkədə siyasi böhran dərinləşdi...
 
(Davamı var)
 
Ədəbiyyat:

1. Anjey Kaspşik 23-cü dəfə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi təyin edilib.- report.az/qarabag/anjey-kaspsik-23-cu-defe-atet-sedrinin-sexsi-numayendesi-teyin-edilib/.

2. ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlər.- lib.aliyevheritage. org/ az/5874742.html.

3. Azərbaycanın dönüşü.- novator.az/2019/10/04/az-rbaycanin-donusu/.

4. Azərbaycan tarixi. Yeddi cilddə. VII cild. Bakı, “Elm”, 2008.

5. Qarabağ danışıqlarına görə güllələnmiş Karen Dəmirçyanın oğlu Bakıya gəlir. 2014-cü il, 23 iyun.- modern.az/az/news/59628.

6. Qarabağ tarixi. sumlib.az/ Qarabağ Tarixi/11.pdf.

7. Qarabağ tarixinin səlnaməsi (1994-cü il).- web.archive.org/web/ 20121217054943/http: //azerbaycanli.org/az/page 646.html.

8. Nağı A. Qarabağ müharibəsi. Qısa tarix. Bakı, “Namiq Həbibov”, 2015.

9. Rzalı R. Qaradağlı faciəsi.- “Azərbaycan” qəzeti, 2011, 17 fevral, s. 6.

10. Sultanov Z. “Horadiz əməliyyatı”: azad olunan doğma torpaq. “Xalq qəzeti”, 2015, 6 yanvar, s.5.

11. Tomas de Vaal. Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında. “İlay MMC”, Bakı, 2008.

12. Armenian aggression-Qazax.- qazax.net.

13. “By Giving Karabakh Lands to Azerbaijan, Conflict Would Have Ended in 97, Says Ter-Petrosian”. Asbarez. 19 April 2011.

14. Cohen, Ariel (ed). Eurasia in Balance: US and the Regional Power Shift. Aldershot, England: Ashgate. 2005.

15. Cornell Svante E. Small nations and great powers: a study of ethnopolitical conflict in the Caucasus. Routledge, 2001. 

16. Cornell Svante E. The Nagorno-Karabakh Conflict.Report N 46, departament of East European Studies, Uppsala University, 1999. 

17. Goble P. “How The “Goble Plan” Was Born”. RFE/RL. Caucasus Report 3, no.23, 8.06.2000.

18. Gullen R., A .Reprter at large, “ROOTS”. THE NEW York, aprel 15, 1991.

19. Human Rights Watch/Helsinki.Azerbaijan: Seven Years of Conflict in Nagorno-Karabakh.- New York.Washington. Los Angeles. London/ Brussel, 1994.-C.6.-archive.org/ details/azerbaiyansevenyoohuma/ page/6mode/2up.

20. Muradzade N. “Can economic cooperation contribute to sustainable peace in Karabakh?”, moderndiplomacy.eu. Modern Diplomacy Journal. 27 noyabr 2020. Moderndiplomacy.eu/2020/11/27/can-economic- cooperation-contribute-to-sustainable-peace-in-karabakh/.

21. Nagorno-Karabakh: Remembering the victims of Khojaly.- web.archive. org/web/20220925181411/ //www.bbc.com/news/world-europe-17179904.

22. Uhlig M.A.The Karabakh War World Policy Journal №4, 1993, s.47-52.

23. Агдабанская трагедия.- 1905.az/ru/агдабанская-трагедия.

24. “Бакинскими армянами пожертвовали ради сохранения власти КПСС”:азербайджанский эксперт о годовщине чернего января.-UA REGNUM, 22.01.2007.-old.memo.ru/hr /hotpoints/caucas1/msg /2007/01/ m80784.htm.

25. Бекарян К. Европейские инициативы в карабахском конфликте.- web.archive.org/web/ 20160602204451/http: //uames.orgua/php/art.php?id=76.

26. “Воздушная война в Карабахе”. Журнал «АвиаМастер», N6/2000q.

27. В Прокуратуре Союза ССР (ТАСС). Голос Армении (Коммунист) N68(16347), 22 марта, 1998г.-press.karabakh.info.

28. Дашдамиров А. Карабахский конфликт в контексте перестройки.// Вестник аналитики, №3 (21), 2005.  

29. Казимиров В. Кто искал силового решения в Карабахе?- web.archive.org/ web/20120111231033/ htpp://www.arev.ru/var19.php.

30. Мемориал. Хроника конфликта.-old.memo.ru/hr/hotpoints/karabah/ getashen/chapter1.htm.

31. Начало конфликта.-supremecourt.az/ru/static/vilw/10 .

32. Правозашитный центр общество “Мемориал”.-web.archive.org/ web/20050109000816///www.memo.ru/hr/hotpoints/karabah/Getashen/index.htm.

33. Рохлин Л. «Спецоперация или коммерческая афера?».-журн. «Независимое военное обозрение», №13, 1997 г.

34. Сумгаитский палачь Григорян найден. vestikavkaza.ru/articles/ Sumgaitskiy-palach-Griqoryan-nayden.-29.11.2013.

35. Том де Ваал. Глава 4.1988-1989гг. Кризис в Армении. Русская служба Би-би-си (8 июля 2005).-newsbbc.co.uk/hi/russia/in-depth/newsid-4658000/4658961.stm.

36. Том де Ваал. Черный сад. Глава I, февраль 1988 года.- news.bbs.сo.uk/ ni/russian/ in-depth/ newsid-4640000 /4640183.stm.

 

Seçilən
77
1
moderator.az

2Mənbələr