AZ

Həvəskar balıqçılar üçün balıq ovuna icazə verildi, mövsümdən gözləntilər nədir?REPORTAJ

İmişli, 1 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Həvəskarlar balıqçılar üçün iyulun 1-dən balıq mövsümü açıq elan olunub. Balıqçılar artıq tilov və ləvazimatlarını hazır vəziyyətə gətiriblər. AZƏRTAC-ın bölgə müxbiri mövsümün ilk günündə balıqçılarla həmsöhbət olub, onların mövsümdən gözləntiləri, qadağaların balıq artımına təsiri ilə bağlı fikirlərini qələmə alıb. Bunun bağlı hazırlanan reportajı təqdim edirik:

Mil-Muğan bölgəsində balıqçıların ən çox üz tutduğu su hövzələrindən biri də Araz çayıdır. İmişli sakinləri olan həvəskar balıqçılar da buraya gəlir, həm balıq tutur, həm də bir növ istirahət edirlər. Uzun illərdir balıqçılıqla məşğul olan Zaur İsmayılov balıq tutmaqla bərabər, həm də balıqların qorunmasının tərəfdarıdır.

“Mövsüm açıq elan olunduğu üçün sevinirik, ilk gündən tilovlarımızı götürüb Araz çayına üz tutmuşuq. Hazırda sel sularına görə çayın suyu bulanıqdır, belə vaxtlarda balıq tilova gəlmir. Amma iki aydır bu günü gözləyirdik deyə, rəmzi də olsa çay sahilinə gəlmişik. Qeyd edim ki, balıqları tutmaqla bərabər, onların qorunması da vacibdir. Düzdür, qadağalara məhəl qoymayanlar da çox olur. Buna baxmayaraq, belə qadağalar balıq artımına müsbət təsir göstərir. Yaxşı olar ki, balıq ovuna qadağa elə onların populyasiya dövrü və iqlim şəraiti nəzərə alınaraq qoyulsun. Məsələn, durna balığının populyasiya dövrü dekabr ayından başlayır və mart ayına qədər davam edir. Çəki balığının isə kürüləmə dövrü mart, aprel və may aylarına təsadüf edir. Nəzərə alsaq ki, balıq ovuna qadağalar mayın 1-dən başlayır, artıq bu qadağa sadalanan balıqlar üçün effektli olmur”, - deyə həvəskar balıqçı bildirib.

Bu mövsümdən gözləntilərinin müsbət olduğunu vurğulayan Zaur İsmayılov qeyd edib ki, intensiv yağıntılar, çaylarda suyun artması su hövzələrinə müsbət təsir edir: “Lakin daşqınların da balıqlar üçün yan təsirləri var. Suyun həddən çox palçıqlı olması balıqların qəlsəmələrini tutur və çoxu tələf olur. Digər məqam isə çaylar üzərində qurulan nizamlayıcı qurğulardır. Məlumdur ki, balıqlar kürüləmək üçün üzü axara hərəkət edir. Həmin zaman nizamlayacı qapılar balıqların axınına mane olur. Qapıların aşağı axın hissəsində balıqların hərəkəti üçün xüsusi borular olur ki, onların da çoxunu lil tutur və balıqların hərəkəti üçün çətinlik yaranır. Bu məqamlar nəzərə alınsa, balıqların çoxalmasına da əlverişli şərait yaranar”.

Onun sözlərinə görə, balıqlar üçün əsas təhlükə mənbəyi elektrik avadanlıqları, sintetik torlardan istifadənin geniş yayılmasıdır. Çünki bu cür üsullar tutulan balıqdan əlavə, suda qalan balıqları və onların kürülərini də məhv edir. Nəticədə balıqların kütləvi şəkildə azalmasına ciddi təsir göstərir.

Nahid Hüseynov da həvəskar balıqçıdır, o, uzun illərdir bu sahəyə maraq göstərir. Deyir ki, balıq ovuna qadağaların tətbiqi yaxşı addımdır, bu işlə yanaşı, maarifləndirmə də gücləndirilməlidir. Xüsusilə, borokonyerliyə qarşı kütləvi şəkildə mübarizə aparmaq lazımdır. “Biz həvəskar balıqçılar olaraq onlara qarşı mübarizə aparırıq, lakin bu, kifayət etmir. Bu sahədə mübarizə tədbirləri daha da gücləndirilməlidir. Onu da deyim ki, balıq ovuna qoyulan qadağaların mövsümə görə deyil, balıq növlərinin kürüləmə dövrünə uyğun seçilməsi daha yaxşı olar”.

Qeyd edək ki, ölkə ərazisində mayın 1-dən sentyabrın 1-dək sənaye üsulu ilə balıq ovlanmasına qadağa qoyulur. İyul ayının 1-dən isə həvəskar balıqçılar üçün tilovlarla balıq ovuna icazə verilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
31
azertag.az

10Mənbələr