AZ

4SİM-in nümayəndəsi: SABAH.HUB-la ölkədə süni intellekt sahəsində layihənin həyata keçirilməsi nəzərdə tutulub

4SİM-in

Bakı, 30 iyun, AZƏRTAC

Ölkəmizdə sayca 3-cü “Baku ID” innovasiya festivalı keçirildi. Festivalın əsas məqsədi regiondan olan bütün startapları, eyni zamanda investorları ölkəyə cəlb etmək, regional startap ekosisteminin inkişafına töhfə verməkdir.

Bu barədə AZƏRTAC-a müsahibəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) rəqəmsal iqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva deyib.

“Tədbir çərçivəsində 4SİM ilə SABAH.HUB arasında müqavilə imzalandı. Anlaşma Memorandumunun əsas vəzifəsi dövlət tərəfindən 4SİM və özəl tərəfdaşlar tərəfindən SABAH.HUB olmaqla ekosistemin inkişafına dəstək olan layihələrdə bir araya gəlməkdir. Anlaşma Memorandumu çərçivəsində bu sahədə Azərbaycanda ekspertlərin, talantlıların yetişdirilməsi, maarifləndirmənin həyata keçirilməsi, eyni zamanda xarici ekspertlərin innovativ həllərinin Azərbaycana gətirilməsi istiqamətində əməkdaşlıq nəzərdə tutulub. Bundan savayı, süni intellekt sahəsində birgə layihənin həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin elm, biznesdə olan problemlərin elm sahəsində işlənilməsi ilə bağlı birgə təşəbbüs və bir çox işlər daxildir ki, onların sayı çoxdur”, - deyə rəqəmsal iqtisadiyyat şöbəsinin rəhbəri əlavə edib.

“Baku ID” innovasiya festivalı çərçivəsində 4SİM-in bir sıra təşəbbülərlə çıxış etdiyini diqqətə çatdıran Xəyalə Fətullayeva növbəti addımlar barədə məlumat verib: “4SİM-lə SABAH.HUB artıq bir çox təşəbbüslər üzərində artıq əməkdaşlıq edir. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ümumiyyətlə ölkədə təkcə startap ekosistemi deyil, bir çox texnoloji sahələrdə yeniliklərin tətbiqi, onların araşdırılması və koordinasiyasının həyata keçirilməsində məsuldur. Qeyd edim ki, “Bakı ID” tədbiri çərçivəsində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin sərgi zonasında stenddə müxtəlif texnoloji sahədə biliklərinə əmin olan gənclər özlərini yarışda sınayıblar. Qalib olan gənclər “Coursera” platforması üzərindən həyata keçirilən 4SİM Akademiyasından hədiyyə kuponları qazandılar, onlar həmin kuponlarla 6 həftəlik platformada 800-dək texnoloji sahədə olan kurslardan yararlana biləcəklər. Həmçinin, “Baku ID” festivalının sonuncu günü 4SİM tərəfindən “Süni İntellekt inqilabı: Startap ekosistemində çətinliklərin aradan qaldırılması və fürsətlərdən yararlanma” panel sessiyası təşkil olunub. Sessiyada çıxış edən spikerlər “Paşa Bank”ın Süni İntellekt və Data elmi şöbəsinin rəhbəri İlker Kurtuluş, BMT İnkişaf Proqramının Həllərin xəritələnməsi üzrə rəhbəri Ardita Zekiri, ABŞ Süni İntellekt İnstitutunun Məşvərət şurasının üzvü Vladimer Botsvadze, Türkiyə Prezidenti yanında Rəqəmsal İnkişaf İdarəsinin süni intellekt üzrə mütəxəssisi Merve Ayyüce Kızrak və ADA universitetinin dosenti Samir Rüstəmov və moderator “Sente Ventures” şirkətinin partnyoru İlkay Demirdağ davamlı inkişaf və innovasiya üçün süni intellektin startaplara yaratdığı imkanlar və çağırışlar haqqında öz fikirlərini bölüşüblər. Tədbirin bağlanış mərasimində startap yarışmasının qalibləri elan olunub və 12 startapın hər birinə 100 min ABŞ dolları investisiya mükafatı təqdim olundu. Çox sevindirici haldır ki, 4SİM-in icra etdiyi “KOB və startaplar üçün rəqəmsal investisiyaların cəlbi” layihəsinin iştirakçısı olan “NexusLAB” startapı mükafatçılardan biri olub”, - deyə X.Fətullayeva bildirib.

Qeyd edək ki, AZƏRTAC “Baku ID” tədbirinin media tərəfdaşı olaraq informasiya dəstəyi göstərib.

 

 

Seçilən
101
1
azertag.az

2Mənbələr