AZ

Sahibkarlar Qarabağın gələcəyinə inanır — Yeni biznes nümunələri yaradılır

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçirilib. Məqsəd sahibkarlıq subyektlərinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanlarının və biznes perspektivlərinin təqdim edilməsi, dövlət-özəl əməkdaşlığı modeli üzrə müzakirələrin təşkilidir. Tədbirdə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan güzəşt və azadolmalar, digər dövlət dəstəyi tədbirləri, bu ərazilərin bərpa və iqtisadi reinteqrasiyasında sahibkarların rolu mövzularında panel müzakirələr təşkil olunub. Sahibkarlara bu ərazilərdə həyata keçirilməsi təklif edilən investisiya layihələri, məhsulların ixrac potensialı, logistika imkanları təqdim edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Həmçinin G2B (dövlət-biznes) formatında görüşlər keçirilməsi planlaşdırılır. Tədbir çərçivəsində biznes nümayəndələri Ağdam Sənaye Parkında olublar. Sahibkarlara məlumat verilib ki, Ağdam Sənaye Parkı rezident sayına görə ölkədə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır. Sənaye parkında ümumi investisiyalarının həcmi 216 milyon manatdan çox olan 25 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkarlıq subyektinə isə qeyri-rezidentlik statusu verilib. Bu sahibkarlıq subyektləri tərəfindən sənaye parkında ümumilikdə 2 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur. İndiyədək rezidentlər tərəfindən sənaye parkına 35 milyon manatdan artıq investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb. Tezliklə Ağdam Sənaye Parkında müxtəlif istehsal müəssisələri fəaliyyətə başlayacaq. Qeyd edilib ki, azad edilmiş ərazilərdə sənaye parklarının rezidentləri qeydiyyata alındıqları vaxtdan başlayaraq, 10 il müddətinə əmlak, mənfəət və torpaq vergilərindən azaddırlar. Bundan başqa, sənaye parklarında aşağı həddə icarə haqqı tətbiq edilir, dövlət vəsaiti hesabına elektrik, təbii qaz, içməli və texniki su, sürətli internetlə təmin edilmiş infrastruktur qurulur. Sənaye zonalarının avtomobil və dəmir yolu qovşaqlarının üzərində yerləşməsi yüklərin asan daşınmasına imkan verəcək. Tədbir iştirakçıları sonra Xankəndi şəhərinin iqtisadi potensialı ilə tanış olublar. Xankəndidə istehsal müəssisələrinə baş çəkən sahibkarlara şəhərin iqtisadi potensialı, yeni yaradılmış infrastruktur və həyata keçirilməsi təklif edilən investisiya layihələri barədə məlumat verilib. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının əsas fəaliyyət istiqaməti kimi parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov məlumat verib ki, Ağdam Sənaye Parkında da müəyyən edilmiş prioritet fəaliyyət istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov işğaldan azad edilmiş ərazilərdə ilk biznes quran sahibkarları təbrik edib. "Sahibkarlarımızı Qarabağın bərpasında və dirçəldilməsində fəal iştiraka görə "Tərəqqi" medalı ilə təltif edilmələri münasibətilə təbrik edirik. Onlar öz mənafeyini düşünmədən, Qarabağın gələcəyinə inanaraq işğaldan azad edilmiş torpaqlarımızda ilk biznes quranlardan oldular və nümunə yaratdılar. Hər birinizə bunun üçün təşəkkürümüzü bildirir və işlərində uğurlar diləyirik", - M. Cabbarov qeyd edib. 



Millət vəkili Vüqar Bayramov “Demokrat.az”a açıqlamasında Şuşada sahibkarların iştirakı ilə keçirilən tədbirin işğaldan azad edilmiş ərazilərimizdə iqtisadiyyatın, o cümlədən sahibkarlığın inkişafı üçün mövcud olan imkanların təqdimatı baxımından böyük əhəmiyyət daşıdığını söylədi: 


- Əlbəttə ki bu səpkii tədbirlər çox önəmlidir. Artıq işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlara 10 il müddətində vergi güzəştlərinin tətbiqi həyata keçirilir. Güzəştlər praktiki olaraq sahibkarların bütün vergilərdən
azad olunması anlamına gəlir. O cümlədən həmin ərazilərdə çalışan vətəndaşlar üçün də güzəştlər nəzərdə tutulub. Vətəndaşlar 600 manat birdəfəlik müavinət almaq hüququna malikdirlər. Eyni zamanda onların sosial haqları, ödənişləri dövlət tərəfindən kompensasiya olunur. Bu da onların əmək haqqının artmasına xidmət edir. Eləcə də sahibkarların ödədiyi kommunal ödənişlərin 20 faizi dövlət tərəfindən kompensasiya edilir ki, bu da onların investisiya xərclərinin minimallaşması imkanlarını artması, daha çox gəlir əldə etməsi anlamına gəlir. Bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda sahibkarlar üçün kifayət qədər geniş güzəştlər paketi təqdim olunmaqdadır. Həmin ərazilərdə fəaliyyət göstərən sahinkarlar kreditlər üzrə subsidiyalardan istifadə edə bilirlər. Yəni, kredit fazilərinin bir qismi dövlət tərəfindən qarşılanır. Bu da onların xərclərini minimallaşdırır. Bu baxımdan kifayət qədər böyük imkanlar təqdim olunur. Bu da sahibkarların həmin ərazilərə investisia qoyuluşunun həyata keçirilməsinə imkan yaradır. Gözlənti ondan ibarətdir ki, Qarabağ və Şərqi Zəngəzurda növbəti mərhələlərdə yeni iş yerləri özəl sektor hesabına yaradılacaq. 

İqtisadçı Fuad İbrahimov da “Demokrat.az”a açıqlamasında işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda yerli sahibkarlara geniş imkanlar yaradılmasının ümumilikdə sahibkarlığın inkişafına töhfə verdiyini bildirdi: 


- “Böyük Qayıdış” dövlət proqramının icrası çərçivəsində təkcə tikinti, abadlıq işləri aparılmır, həm də sənaye müəssisələri yaradılır, doğma yurdlarına qayıdan vətəndaşlarımız üçün yeni iş yerlərinin yaradılması, məşğulluğun artırılması proqramları da icra edilir. İşğaldan azad edilmiş ərazilərdə sənaye parklarının yaradılması məhz bu qəbildəndir. Sahibkarların iştirakı ilə keçirilən tədbirdə də qeyd edildi ki, bugünədək Şuşada fiziki və hüquqi şəxs olmaqla 20-yə yaxın sahibkara fəaliyyəti ilə bağlı müvafiq şərait yaradılıb. Şuşada “Qarabağ” küçəsində Prezident İlham Əliyev tərəfindən təməli qoyulan, dövlət-özəl tərəfdaşlığı çərçivəsində inşa edilən 10 binanın tikintisi sürətlə davam etdirilir. Bu binaların 8-i özəl investorlar, 2-si isə Şuşa Şəhər Dövlət Qoruq İdarəsi tərəfindən tikilir. Qeyd edilib ki, bu investisiya layihəsinə 1 manat da olsa dövlət vəsaiti sərf olunmayıb. Ağdamda Sənaye Parkı yaradılıb. Azad edilmiş ərazilərdə minlərlə iş yeri yaradılıb və bunun çox hissəsi özəl sektorun payına düşür. Orada çalışan sahibkarlara da bir çox güzəştlər tətbiq edilir. İnvestisiya layihələri çoxdur  və bu layihələr bir sıra sahələri əhatə edir. Məsələn, farfordan dekorativ mətbəx məhsullarının istehsalı müəssisəsinin qurulması ilə bağlı layihənin dəyəri 25 milyon manatdır. Layihə çərçivəsində farfordan dekorativ mətbəx məhsulları istehsalı müəssisəsinin yaradılması nəzərdə tutulur. Ölkədə bu sahədə istehlak məhsullarının idxal payı yüksəkdir, ölkədə yerli istehsal azdır. Müəssisənin istehsal gücü illik 18 milyon ədəd təşkil edir.  Məqsəd idxaldan asılılığı azaltmaqdır. Ağdam Sənaye Parkında yerli xammaldan istifadə edərək və daxili tələbatı nəzərə alaraq şəxsi sanitar məmulatların istehsalı təklif edilir. Bu layihənin dəyəri də 17 milyon manatdır. Bütün bunlar onu deməyə əsas verir ki Qarabağ və Şərqi Zəngəzur sürətlə inkişaf edir və bunda sahibkarların da payı çoxdur. 
 
Qeyd edək ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edərək bildirib ki, Qarabağı birlikdə bərpa etmək və bunu reallığa çevirmək üçün biznes ilə birgə fəaliyyət daha sıx olacaq. "Sahibkarlarla Şuşada keçirdiyimiz tədbir səmərəli müzakirələr, məhsuldar görüşlər və xoş təəssüratlarla yadda qaldı. Biznes nümayəndələri ilə birlikdə atılacaq addımları müəyyənləşdirdik, qarşılıqlı gözləntilərimizi və sual yaradan məqamları nəzərdən keçirdik. Vahid amalımız Qarabağı birlikdə bərpa etməkdir və bunu reallığa çevirmək üçün birgə fəaliyyətimiz daha sıx olacaq. Bütün tədbir iştirakçılarına təşəkkür edirik". 

Törə Zeynallı 
Demokrat.az

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi istiqamətində hazırlanıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
2
demokrat.az

10Mənbələr