AZ

Gün eynəklərinin əksəriyyəti standartlara cavab vermir - Ekspertlər nə deyir?

Azərbaycana Çin, Dubay, Hindistan, Türkiyə və İrandan gətirilən gün eynəklərinin səksən faizi standartlara cavab verməyən plastik eynəklərdir.

Bu sözləri açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, günəş eynəkləri əmtəə bazarına daxil olmadan öncə sertifikatlaşmalı və yoxlanılmalıdır.: "Bu istiqamətdə kifayət qədər iş görülmür. Çünki Nazirlər Kabinetinin 343 nömrəli qərarı (Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında) ləğv olunub”.

E.Hüseynov qeyd edib ki, orijinal firma eynəklərinin yanında xüsusi kağız testlər olmalıdır. Eynək brenddirsə, üzərində "polaroid" yazılır. Alıcı öz hüququnu bilməli, gün eynəyi alarkən sertifikat tələb etməlidir.

Birlik sədri, həmçinin xatırladıb ki, məhsulun brend olmağı onun keyfiyyətinə zəmanət vermir: "Bahalı mağazalarda müəyyən standartlara əsasən hazırlanan eynəklər satılır. Lakin kim deyə bilər ki, hansı eynək hansı göz problemindən əziyyət çəkən insan üçün məsləhətlidir. Ümumiyyətlə, insanlara tövsiyə edirəm ki, günəş eynəklərindən uzaq olsunlar".

Məsələ ilə bağlı "Report"a danışan oftalmoloq (okulist) Rəna Qanbay isə Azərbaycan iqlimində günəşə qarşı eynəklərin istifadəsinin vacib olduğunu bildirib.

“Gün eynəklərindən istifadə Cənub və Şərq ölkələrində xüsusilə də yayda ultrabənövşəyi şüaların insan oqranizminə yaxından təmas edən iqlimə malik yerlərdə mütləqdir. Çünki bədənin temperaturu olduğu kimi, buynuz qişanın da öz temperaturu var. Buynuz qişa baxmayaraq ki ön səddədir, göz qapağı açılıb-yumulduqda onu daim nəmləyir. Buna görə də buynuz qişanın temperaturu normadan aşağı olur. Gözdə damar olmadığına görə o, gözyaşı və hava ilə qidalanır. Hava isti olanda isə gözdə nisbi quruluq, çatlar yaranır. Belə hallarda biz lubrikant (süni göz yaşı) deyilən dərmanları tövsiyə edirik. Bu səbəbdən günəşli günlərdə çölə çıxanda göz eynəkləri mütləq istifadə olunmalıdır”, - deyə oftalmoloq qeyd edib.

R.Qanbay eynək taxmaq kompleksi olan, yaxud işi səbəbindən istifadə edə bilməyən insanlara linza taxmağı tövsiyə edir, küçələrdə satılan eynəkləri isə məsləhət görmür: “Yol kənarında satılan və üstünə plyonka çəkilmiş eynəklər nə şüşədəndir, nə də plastmasdan. Belə eynəklər gözdə yad cisim hissi, yaşarma, kirpik dibi kəpəyi, göz qapaqlarının şişməsi, göynəmə, yanma, görmə itiliyinin azalması kimi fəsadlar yaradır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
4
aznews.az

5Mənbələr