AZ

CƏRRAH, İSLAHATÇI, AZƏRBAYCANLI... - Pezeşkian İranın yeni prezidenti ola biləcəkmi?

İlkin nəticələr göstərir ki, İranda keçirilən növbədənkənar prezident seçkçilərinin birinci turunda qalib müəyyən edilməyib.

Hurriyyet.az xəbər verir ki, İranın Ali Rəhbərinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili və keçmiş səhiyyə naziri Məsud Pezeşkianın prezidentlik uğrunda mübarizəni seçkinin ikinci turunda davam etdirəcəyi gözlənilir. İkinci tur iyulun 5-də keçiriləcək.

Qanunvericiliyə görə, birinci turda qalib gəlmək üçün namizəd 50%-dən çox səs toplamalıdır. Əks halda, bir həftə sonra ikinci tur keçirilir və bu turda birinci turda ən çox səs toplayan iki namizəd iştirak edir. İran seçki komissiyasının son rəsmi məlumatına görə, Pezeşkian 6 milyon, Cəlili 5,6 milyon (ümumilikdə 61 milyon seçici) səs toplayıb. İlkin nəticələrə görə, 4 namizəd arasında yeganə islahatçı namizəd olan Pezeşkian səslərin təxminən 43 faizini, mühafizəkarların nümayəndəsi Cəlili isə 39 faizini toplayıb.

Seçki ərəfəsində, əvvəllər o qədər də tanınmış adam olmayan Məsud Pezeşkian gözlənilmədən rəy sorğularında liderliyi ələ alıb. Peşəkar cərrah olan Məsud Pezeşkian ata tərəfdən azərbaycanlıdır. O, olduqca vicdanlı, ziyalı, təmiz adam reputasiyasına malikdir. Məhz buna görə, seçicilər ona üstünlük versə də, İranın real idarəçisi olan zümrənin Pezeşkianın qələbəsinə imkan verməyəcəyini proqnozlaşdıranlar çoxdur. Məsələ ondadır ki, seçkidə iştirak edən 4 namizəddən 3-ü mühafizəkar qanada aiddir və ilk turda 3-cü, 4-cü yeri tutan mühafizəkar namizədlərin öz seçicilərini Səid Cəliliyə səs verməyə çağıracağı şübhə doğurmur.

Bununla yanaşı, müşahidəçilər qeyd edirlər ki, ikinci turda islahatçı namizədin - Pezeşkianın dəstəyinin artacağını da istisna etmək olmaz. Belə ki, birinci turda iştirak etməyən, lakin islahatçıları dəstəkləyən namizıədlər Pezeşkianın ilk turdakı qələbəsindən ruhlanaraq, seçkiyə qatıla və ona səs verə bilərlər...

Pezeşkian 2008-ci ildən İran parlamentində Təbriz, Azərşəhr və Oskov rayonlarını təmsil edib. Onun parlamentdəki nüfuzlu “türk fraksiyasının” sədri olması xüsusi diqqət çəkir. Bu fraksiya müxtəlif siyasi oriyentasiyalı azərbaycanlıları özündə birləşdirir və həmvətənlərimizin məskunlaşdığı şimal-qərb əyalətlərində hökumət layihələrinin həyata keçirilməsinə, həyat səviyyəsinin yüksəldilməsinə çalışır. O, dövlət vəsaitlərinin Kürdüstan bölgəsi, Sistan və Bəlucistan əyalətləri də daxil olmaqla periferik, yəni mərkəzdən uzaq bölgələrə köçürülməsinə çağırır. Pezeşkian xəstəlik hesab etdiyi narkomaniyanı dekriminallaşdırmaq üçün cəhdlər göstərməsilə də tanınıb. Nəhayət, ən əsası, bu namizəd məktəb dərsliklərində və Azərbaycan ərazilərində Azərbaycan dilinin istifadəsinə dair çıxışlar edib.

O, 2021-ci ildə də prezidentliyə namizədliyini vermişdi. Lakin Mühafizəçilər Şurası hicab qanununu və Mehsa Əmininin ölümü işini tənqid etməsini əsas gətirərək onun prezidentliyə namizədliyini qadağan etmişdi. Bu dəfə isə müşahidəçilərin qənaətinə görə, İranı idarə edən dini rejim seçici fəallığını təmin etmək üçün Pezeşkianı seçkiyə buraxmaq qərarına gəlsə də, yuxarılda qeyd edildiyi kimi, onun real olaraq prezident seçilməsində qətiyyən maraqlı deyil.

Qeyd olunur ki, prezident seçiləcəyi təqdirdə belə, Pezeşkianın dürüstlüyü onu təkcə Ali Dini lider və ətrafı deyil, İslam İnqilabı Keşikçiləri Korpusu və iqtisadiyyatdan pay tələb edən digər maraq qrupları ilə də toqquşmağa məcbur edəcək. Bu toqquşmanın isə ikincilərin xeyrinə başa çatacağına şübhə edənlər azdır...

Marqalı məqamlardan biri odur ki, cənubdakı soydaşlarımızın yaşadığı İran dövlətində keçirilən bu seçkiyə şimalda -Azərbaycan cəmiyyətində maraq o qədər də yüksək deyil. Görünür, bu da ondan irəli gəlir ki, çoxları İranda prezidentin heç də dövlətdəki əsas söz sahibi olmadığını yaxşı bilir və onu da bilir ki, bir Azərbaycan əsilli İran vətəndaşının prezident seçilməsinin İranın dövlət siyasətinə ciddi təsir etməsi, onu dəyişməsi imkanları da minimumdur...

AzPolitika.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
16
hurriyyet.az

10Mənbələr