AZ

Cüdo: Yeniyetmələr AÇ-nin ilk günündə 2 medal qazandılar

Bolqarıstanın paytaxtı Sofiya şəhərində yeniyetmələr arasında təşkil olunmuş cüdo üzrə Avropa çempionatına start verilib.

Arena.az xəbər verir ki, yarışda Azərbaycan milli komandasının üzvləri də qüvvələrini sınayırlar.

İlk gündə 6 çəki dərəcəsində 9 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Oğlanlar arasında Bahadur Feyzullayev və Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq), Nihad Məmişov (55 kq) və Nihad Rəhimov (60 kq) güclərini sınayıblar. Qızlar arasında isə Xədicə Abdullayeva (40 kq), Leyla Ələkbərova və Nərmin Məmmədli (hər ikisi 44 kq), Diana Eldarova və Nuranə Hacızadə (hər ikisi 48 kq) tatamiyə çıxıblar.

Bahadır Feyzullayev bütün rəqiblərinə qalib gələrək Avropa çempionu titulunu qazanıb. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Məhəmmədəli Hüsiyev bürünc medal əldə edib.
Nihad Rəhimov və Diana Eldarova isə yarışı 5-ci yerdə tamamlayıblar.

Beləliklə, Avropa çempionatının ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl və 1 bürünc medalla kifayətləniblər.

Xatırladaq ki, yeniyetmələrin Avropa çempionatına iyunun 30-da yekun vurulacaq. Azərbaycan bu yarışda 14 çəki dərəsində 10 oğlan və 9 qız cüdoçu ilə təmsil olunur.

Seçilən
91
9
arena.az

10Mənbələr