AZ

Mikayıl İsmayılovun gəlini barəsindəki axtarış qərarı qanunsuz elan olundu – Sensasion gəlişmə

Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun gəlini Fidan Abbasovanın Xətai rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədovun hərəkətlərinin qanunsuz hesab edilməsi, barəsindəki axtarış haqqında 17 may 2024-cü il tarixli qərarının ləğv edilməsi barədə ərizəsinə  baxılıb. Musavat.com xəbər verir ki, məhkəmə Fidan Abbasovanın şikayətini araşdıraraq belə qərar gəlib ki, icra məmuru Xatir Məmmədov icra sənədi üzrə əsassız olaraq onun barəsində axtarış qərarı qəbul edib.

 

Məhkəmənin qərardadından belə aydın olur ki, icra məmuru qanunsuzluğa yol verib, Fidan Abbasova barəsində heç bir qanuni əsas olmadan, qanunsuz olaraq həbsli axtarış qərarı verib. İcra məmuru Xatir Məmmədov Fidan Abbasovaya heç bir halda rəsmi heç bir bildiriş təqdim etməyib, onun yaşadığı ünvana getməyib. Buna baxmayaraq Fidan Abbasovanın yaşadığı ünvanda yaşamadığı ilə bağlı əsassız akt tərtib edib. İcra məmuru Xatir Məmmədov qərəzli hərəkətlər edərək borclu barəsində əsassız olaraq təqdimat verib.

 

Məhkəmədə Fidan Abbasova şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş edib. O, verdiyi izahatda bildirib ki, icra məmuru onunla qərəzli şəkildə danışaraq barəsində axtarış qərarı qəbul edib. Halbuki ona bu barədə bildiriş təqdim edilməyib.

 

Məhkəmə araşdırması zamanı Fidan Abbasova 16 may 2024-cü il tarixinə aid evinin qarşısında quraşdırılmış kameradan videogörüntüləri məhkəməyə təqdim edib. Məlum olub ki, həmin tarixdə icra məmuru onun yaşadığı ünvana gəlməyib. Eyni zamanda məhkəmə tərəfindən təhlil edilmiş icra işi materiallarından aydın olub ki, icra məmuru tərəfindən rəsmi qaydada borcluya bildiriş göndərilməyib. Halbuki, Fidan Abbasova icra məmurunun göstərdiyi ünvanda yaşayır. Qanunun mənasına görə borclunun yeri məlum olmadıqda icra məmuru tərəfindən borclunun axtarılması haqqında qərar qəbul edilir. Borclunun faktiki yaşadığı ünvan məlum olduğu halda icra məmuru tərəfindən axtarış qərarının qəbul edilməsi qanunsuzdur. Buna görə də Xətai rayon Məhkəməsi Xətai İcra Şöbəsinin icra məmuru Xatir Məmmədovun hərəkətlərini qanunsuz hesab edib və onun tərəfindən Fidan Abbasova barəsində qəbul edilmiş 17 may 2024-cü il tarix axtarışı qərarının ləğvi barədə qərardad çıxarıb.

 

Yada salaq ki, Fidan Abbasova Xətai rayon İcra şöbəsinin məmuru Xatir Məmmədovun barəsində qanunsuz olaraq məcburi gətirilmə qərar çıxarması barəsində də şikayət etmişdi. Fidan Abbasovanın vəkili Ziya Ələsgərov Musavat.com-a demişdi ki, müvəkkilinə qarşı qanunsuz addımlar atılır. Vəkil bildirmişdi ki, Xətai Rayon Məhkəməsində qarşılıqlı iddiaya baxılarkən qarşı tərəf vəsatətlə çıxış edib və işə mahiyyəti üzrə baxış sonuclanana qədər Fidan Abbasovaya sosial şəbəkələrdə və KİV-də Orxan İsmayılzadə barəsində şəxsi məlumatların paylaşılmasının qadağan edilməsini xahiş edib. Məhkəmə vəsatəti təmin edərək bu barədə qərardad çıxarıb. Vəkil bildirib ki, Fidan Abbasova Orxan İsmayılzadə barəsində şəxsi məlumatları deyil, özünün hədələnməsi, aldadılması, övladının ata adının təmin edilməsi, aliment tələbindən danışıb və bunlar heç bir halda Orxan İsmayılzadənin şəxsi məlumatları hesab edilə bilməz. Orxan Mikayıl oğlu İsmayılzadə ona qarşı Xətai Rayon Məhkəməsinə şərəf ləyaqətin və işgüzar nüfuza zərər verilməsinə dair iddia təqdim edib. Orxan Mikayılzadə məhkəməyə şikayətində Fidan Abbasovanı övladının atasının onun olmasını bildirməklə şər atdığını, onun şərəf və ləyaqətini alçaltdığını iddia edib. Xətai Rayon Məhkəməsində Orxan İsmayılzadənin şikayətini araşdıran hakim Aygün Həsənova obyektiv qərar verilməsi üçün bioloji qohumluğun təyini - atalıq testi təyini haqda qərardad verib. Qərardad icra olunması üçün Məhkəmə Tibb Ekspertizası(MTE) və Pataloji Anatomiya Birliyinə (PAB) həvalə olunub. Bioloji qohumluğun təyini - atalıq testi - DNT-nin keçirilməsinin zamanı haqda tərəflərə məlumat verilib. Lakin Orxan İsmayılzadə ekspertizanın keçirildiyi ünvana gəlməyib.

 

Həmin gün Musavat.com-a açıqlama verən Fidan Abbasova bildirib ki, məhkəmə qərardadı əsasında ekspertizanın keçirildiyi MTE və PAB-ın Bakı şəhəri, Mərdanov qardaşları 131 ünvanında yerləşən inzibati binasına gəlib. Özü ilə övladı Nili də gətirib. Fidan Abbasova deyib ki, Orxan Mikayılzadə ekspertizanın keçirilməsində iştirak etməyib.

 

Onun sözlərindən sitat: “Orxan İsmayılzadə mənim ona şər ataraq guya övladımın atasının onun olduğunu bildirməyinin şərəf, ləyaqətini alçaldan hal olmasını iddia edir. Bunu sübut etməyin tək yolu ekspertiza idi və bu gün Orxan İsmayılzadə ekspertizada iştirak etmədi”, - deyə Fidan Abbasova bildirib.

 

ARAYIŞ

 

Bioloji qohumluğun təyini - Atalıq testi necə keçirilir?

 

Hər bir fərdin genomik DNT ardıcıllığı digər insanlardan fərqlidir (eyni yumurta əkizləri istisna olmaqla). Hər yeni fərddə yarısı anadan, yarısı atadan olmaqla yeni bir DNT qarışığı ortaya çıxır. Ana və atadan (irsi olaraq) köçürülən və bədənimizin kodlarını daşıyan bu məlumat toplusu, hüceyrə nüvələrində DNT adlanan quruluşda kodlanır. Yalnız bir-biri ilə əlaqəli olan insanlar (məsələn, ana, ata və uşaqlar) ortaq DNT ardıcıllığını paylaşırlar. Bu üsulla test edilən insanın bioloji ata olub-olmaması ortaya çıxır.

 

Bəs atalıq testi necə aparılır?

 

Bioloji quruluşumuzla bağlı bütün məlumatlar DNT dediyimiz quruluşda 2 nüsxədə kodlanır. Bu nüsxələrdən biri anadan, digəri atadan gəlir. Beləliklə, genetik məlumatlarımızın yarısını anamızdan, yarısını da atamızdan alırıq. Bu səbəbdən həm ata, həm də anamız ilə ortaq gen bölgələrimiz var. Bu məlumatlara uyğun olaraq keçirilən atalıq testində uşaqla ata arasında tamamilə ortaq olması lazım olan bölgələrin analizi aparılır. Uşağın və atanın analiz edilən gen bölgələri bir-biri ilə eynidirsə, bu, bioloji qohumluğun olduğunu müəyyən edir. Bu gün etibarlılıq faizini artırmaq üçün ən az 15 ümumi gen bölgəsi atalıq testlərində araşdırılır və nəticələr 99.99% dəqiqliklə alınır. Qeyd edək ki, Fidan Abbasova bir daha ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına, Ombudsmana, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova müraciət edib. O, üzləşdiyi qanunsuzluqların aradan qaldırılmasını xahiş edib. Deyib ki, qayınatası Mikayıl İsmayılov onu həbslə hədələyir, tələblərindən əl çəkməsini tələb edir. Onun sözlərinə görə, Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə 2012-ci ilin may ayında faktiki nikahı baş tutub. Faktiki nikahı rəsmi nikaha çevirənədək cavabdehlə birlikdə yaşayıb, faktiki ailə münasibətləri 3 sentyabr 2016-cı ilədək davam edib: “Faktiki nikahımızdan 5 may 2015-ci il tarixdə Nil adlı övladımız anadan oldu, lakin Orxan uşağın atası olması ilə bağlı nə rəsmi nikaha düşdü, nə də atalığı qəbul etdi. Dedi ailəsi buna razı deyil, o da ailəsinin sözünü yerə sala bilməyəcək. Orxanın atası Mikayıl İsmayılov həmin vaxt yüksək vəzifəli məmur idi və istədiyi kimi istədiyi şəxsə təzyiq etmək imkanında idi. O zaman Sabunçu rayon Məhkəməsində iddia qaldıraraq övladımın atasının müəyyən edilməsini xahiş etdim. Məhkəmə prosesinin gedişatında Mikayıl İsmayılov şəxsən mənimlə görüşdü. Onların adının məhkəmələrdə hallandırılmamasını xahiş etdi. Dedi ki, əgər iddiamı geri çəksəm, Orxan məhkəmədən kənar şəkildə bütün məsələni həll edəcək və övladımızın atası olmasını etiraf edəcək”.

 

Fidan Abbasova deyib ki, qarşı tərəfin yalan vədinə inanıb və ərizəsini məhkəmədə geri çəkib:

 

“Məni aldatdılar, iddiadan imtina etdirdilər. Daha sonra isə mənə artıq-əskik nəsə danışsam, ciddi problemlər yaradacaqları barədə hədə-qorxular gəlməyə başladılar”.

 

Fidan Abbasova deyir ki, hazırda tək ana olaraq qız övladı böyüdür və istəmir ki, övladının atasının kimliyinin qeyd edilməməsi ilə taleyinə ləkə düşsün:

 

“Axı faktiki olaraq onun atası var. Heç kim bu faktı təkzib edə bilməz və heç kim qanundan üstün deyil. Özüm hərbçi qızıyam və qardaşım da hazırda ön cəbhədə xidmət edir. Orxan İsmayılzadədən istədiyim tək şey mənim həyatımı puç etməsinə baxmayaraq, övladımın atası olması faktını danmasın və övladımın sənədlərində atasının kimliyi yazılsın. Heç bir Azərbaycan qadını, heç bir azərbaycanlı belə hərəkətlərə layiq deyil”.

Tarix: 27 İyun 2024, 15:49   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
10
pravda.az

10Mənbələr