AZ

Dövlət qulluğunda orta maaş 2 min manata çatır – Artım faizi niyə geri qalır?

Dövlət qulluqçularının orta aylıq əməkhaqqısı ötən il əvvəlki ilə nisbətən 8,3 faiz artaraq 1933 manata çatıb. Bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb. Bununla belə, ötən il ölkə üzrə orta aylıq nominal əmək haqqı 11,2 faiz yüksəlib.

İqtisadçı, deputat Vüqar Bayramov bildirir ki, statistik müqayisə dövlət qulluqçuların maaşlarındakı artımın ölkə üzrə orta aylıq əmək haqqı artmından aşağı olduğunu göstərir.

“Yəni, Azərbaycanda əmək müqaviləsi ilə çalışanların orta maaşları dövlət qulluqçularının əmək haqqları ilə müqayisədə 2.9 faiz bənd daha çox yüksəlib”, - o, əlavə edib.

Dövlət qulluqçularının maaşlarındakı artımın ölkə üzrə orta aylıq artım səviyyəsindən geri qalmasının səbəbləri nədir?

V.Bayramov bildirir ki, rəsmi statistikaya görə, ötən il 1 milyon 741 min nəfər əmək müaviləsi ilə çalışıb:“Onlardan 899 min nəfər dövlət sektorunda, 842 min nəfəri isə özəl sahədə fəaliyyət göstərib. Digər tərəfdən, özəl sektorda çalışanların sayı isə ötən il 12,1 min nəfər artıb. Yəni, artıq özəl sektorda çalışanların sayı dövlət sektorunda muzdla işləyənlərin sayına çatmaqdadır. Özəl müqavilələrin sayının artması ölkə üzrə müqayisəli şəkildə daha yüksək maaş artımına səbəb olub”.

İqtisadçı deyir ki, digər tərəfdən, gizli məşğulluğun leqallaşdırılması da əmək haqqı fərqlərinə təsir göstərib.

Onun sözlərinə görə, son 5 ildə özəl sektorda əmək müqavilələrinin sayının artması məşğulluğun ağardılması ilə də birbaşa bağlıdır: “Bu sahədəki islahatlar ölkə üzrə ümumi rəsmi əmək haqqı fondunu artırıb. Nəticədə, ölkə üzrə nominal əmək haqqı dövlət qulluqçularının maaşlarına nisbətən daha çox artıb”.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
11
azpolitika.info

10Mənbələr