AZ

Hulusi Kılıç: Azərbaycan Ordusu güc və peşəkarlıq nümunəsidir

Hulusi

Ankara, 27 iyun, AZƏRTAC

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlıq etdiyi Azərbaycan Ordusu bütün region üçün güc və peşəkarlıq nümunəsidir. Əminəm ki, Azərbaycanın şanlı ordusunun potensialı durmadan artacaq.

Bu fikri Türkiyənin Azərbaycandakı sabiq səfiri, “IMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə AZƏRTAC -ın müxbiri ilə söhbətində deyib.

Onun sözlərinə görə, dövlət başçısının məharətli komandanlığı və xalqın hərtərəfli dəstəyi sayəsində Azərbaycan Silahlı Qüvvələri ölkənin müdafiəsi üzrə bütün bacarıq və imkanlara malikdir.

“Dəmir yumruq” sayəsində tarixi ədalət bərpa olundu, Ümummilli Lider Heydər Əliyevin vəsiyyəti yerinə yetirildi. Gənclər Azərbaycanın tarixi torpaqlarının erməni işğalından azad edilməsi ilə fəxr etməlidirlər”, -deyə Kılıç bildirib.

O, Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından az sonra müasir ordu quruculuğuna başlandığını, bu sahədə genişmiqyaslı islahatlar aparıldığını, hərbi kadrların hazırlanması istiqamətində Türkiyə ilə sıx əməkdaşlıq edildiyini xatırladıb. “Heydər Əliyev Azərbaycanda ordunun güclənməsi naminə əlindən gələni etdi. Silahlı Qüvvələrin formalaşdırılması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir silahlarla təchiz edilməsi üçün bütün zəruri vəsait ayrılıb. Bu kurs Prezident İlham Əliyev tərəfindən davam etdirilib. Ermənistan üzərində tarixi Qələbə bu siyasətin nə qədər düzgün olduğunu sübut etdi”, - deyə Kılıç bildirib.

Diplomat vurğulayıb: “Şübhəsiz ki, Azərbaycan Cənubi Qafqazın ən güclü ordusuna malikdir. Azərbaycan Ordusu dünyanın aparıcı dövlətlərinin təcrübəsindən faydalanır, o cümlədən NATO-nun aparıcı ölkələrindən birinin - Türkiyənin bu sahədə yeniliklərini öyrənir. Ankaranın öz ordusu ilə Azərbaycan Silahlı Qüvvələrinin inkişafı arasında heç bir fərq qoyulmur”, -deyə Kılıç vurğulayıb.

O qeyd edib ki, Türkiyə və Azərbaycan qonşu dövlətlərə qarşı ərazi iddiası irəli sürmür, lakin düşmənlər Ankara və Bakının maraqlarına və təhlükəsizliyinə qəsd etməyin nəticələrinin tam miqyasını aydın başa düşməlidirlər.

“Bütün dünya bilir ki, Türkiyə və Azərbaycan çağırışlar və təhdidlər qarşısında güclərini birləşdirir. Bu, 1918-ci ildə Qafqaz İslam Ordusu qardaş Azərbaycanın köməyinə gələndə də, 44 günlük Vətən müharibəsi zamanı Bakı Ankaradan açıq-aşkar diplomatik və siyasi dəstək alanda da belə idi”, -deyə Kılıç qeyd edib.

O, Türkiyə ilə hərbi sahədə əməkdaşlığa hazır olduğunu bəyan edən Prezident İlham Əliyevin sözlərini xatırladıb və deyib: “Azərbaycanın lideri Türkiyə Silahlı Qüvvələrini dünyanın ən güclü ordularından biri adlandırıb. O, Azərbaycanda qardaş ölkənin ordusunun “kiçik modelini” yaratmaq niyyətində olduğunu bəyan edib. Bu gün çoxsaylı birgə təlimlər də daxil olmaqla, bu istiqamətdə əməli addımlar atılır”.

Diplomat Şuşa Bəyannaməsinin iki qardaş ölkə arasında əməkdaşlığı, o cümlədən müdafiə sektorunda əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırdığını vurğulayıb.

Sabiq səfir Türkiyə ilə Azərbaycanın birliyinin digər türk dövlətləri üçün nümunə olduğuna əminliyini ifadə edib.

Kılıç vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük müharibə dövrü də daxil olmaqla əldə etdiyi bütün nailiyyətlər məktəb dərsliklərinə salınmalıdır.

 
Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
5
azertag.az

6Mənbələr