AZ

Köhnə model “Saab” sürür, müəllim işləyir... - NATO-nun yeni Baş katibi barədə MARAQLI FAKTLAR

Xəbər verdiyimiz kimi, Hollandiyanın Baş naziri Mark Rutte rəsmi olaraq NATO-nun yeni Baş katibi seçilib. Alyansa üzv olan 32 ölkənin daimi nümayəndələri çərşənbə günü Brüsseldə Şimali Atlantika Şurasının iclasında Ruttenin təyinatını yekdilliklə təsdiqləyiblər.  Rutte Anders Foq Rasmussen və Yens Stoltenberqdən sonra bu vəzifəyə təyin olunan üçüncü keçmiş Baş nazir və dördüncü Hollandiya siyasətçisi olacaq.

 

Bəs Mark Rutte kimdir?

 

Sfera.az onunla bağlı maraqlı məlumatları təqdim edir:

 

Hollandiya şirkətinin Şərqi Hindistandakı nümayəndəsi olan İzak Ruttenin 6 övladının ən kiçiyi Mark Rutte 14 fevral 1967-ci ildə Haaqada anadan olub. Uşaqlıqdan fortepianoda ifa edən Ruttenin məqsədi konservatoriya təhsili almaq olsa da, sonradan fikrini dəyişərək Leyden Universitetinin Tarix fakültəsinə daxil olub. 1992-ci ildə magistratura təhsilini başa vurduqdan sonra Rutte Unileverdə işləməyə başlayıb. Kadrlar direktoru və insan resursları üzrə baş direktor kimi vəzifələrdə çalışan Rutte, həmçinin liberal sağçı Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyasının (VVD) gənclər təşkilatının rəhbəri seçilib. Siyasətdə sürətlə yüksələn Rutte 2006-cı ildə bu partiyanın lideri olub. O, 14 oktyabr 2010-cu ildən Hollandiyanın Baş naziridir. 

 

Mark Rutte siyasətdəki bacarığından başqa, sadə həyat tərzi ilə də diqqət çəkən adlardan olub. İllərdir, Haaqada eyni mənzildə yaşayan Rutte tez-tez Baş nazirin ofisinə velosipedlə gedir. Köhnə model “Saab” avtomobilinin sahibi olan Baş nazir bir neçə il əvvələ qədər smartfondan da istifadə etməyib. Telefonunda yazılan mesajları sildiyi üçün siyasi rəqibləri tərəfindən tənqid edilən və məlumatları gizlətməkdə günahlandırılan Rutte köhnə model telefonu olan “Nokia”sında yer qalmadığı üçün mesajları daim sildiyini bildirib. Bu müzakirələrə görə Rutte “Nokia” ilə vidalaşaraq 2022-ci ildə smartfona keçib. Vərdişlərini asanlıqla dəyişməyən Baş nazir müntəzəm olaraq qəhvə içmək, səhər yeməyi üçün eyni ünvanlara üstünlük verir. Hətta Fransa Prezidenti Emmanuel Makronun Haaqaya səfəri zamanı Rutte onu sevimli, köhnə İndoneziya restoranına aparıb. Mark Rutte həmçinin Kanadanın Baş naziri Castin Trüdo və komandasını Haaqadakı bir fransız kafesində qonaq edib və burada adambaşına təxminən 50 avro ödəyib.

 

Hollandiyanın Baş naziri olaraq aylıq 10 min avro civarında maaş alan Rutte NATO-nun Baş katibi olduqdan sonra daha yüksək gəlir əldə edəcək. Qeyd edək ki, NATO Baş katibinin maaşı hazırda ayda 26 min 500 avro ətrafındadır. Ancaq gəlirdəki bu artımın Ruttenin sadə həyat tərzini çox dəyişməyəcəyi bildirilir. Hazırda Rutteni narahat edən yeganə məsələ orta məktəb müəllimi kimi fəaliyyətini davam etdirə bilməyəcəyidir. Belə ki, Rutte 2010-cu ildə Hollandiyanın Baş naziri olduqdan sonra da həftədə bir gün Haaqadakı orta məktəbdə sosial elmlər müəllimi kimi fəaliyyət göstərib. Müəllimlikdən böyük zövq aldığını bildirən Baş nazir bir qədər sərt və intizamlı sayılsa da, tələbələri tərəfindən sevilir. Rutte NATO-nun Brüsseldəki işindən başqa mümkün olduğu qədər Haaqada yaşamağa davam edəcəyini, ona görə də tədrisi davam etdirməyin yollarını axtardığını bildirib.

 

Günay Rəsulqızı
 

Seçilən
90
1
sfera.az

2Mənbələr