AZ

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Azərbaycan

Bakı, 26 iyun, AZƏRTAC

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində, Əlahiddə Ümumqoşun Orduda, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Keçirilən tədbirlər zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranma tarixindən, ordumuzun keçdiyi şərəfli yoldan danışılıb. Qeyd olunub ki, bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də Ulu Öndərin misilsiz xidmətləri sayəsində vahid komandanlıq prinsipi ilə idarə edilən nizami ordu yaradılıb. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə yüksək döyüş qabiliyyətinə malik Azərbaycan Ordusu formalaşıb. Bunun nəticəsidir ki, Vətən müharibəsində rəşadətli Ordumuz qısa müddət ərzində düşmənin hərbi texnikasının böyük hissəsini və xeyli sayda canlı qüvvəsini məhv edərək torpaqlarımızı işğaldan azad edib, xalqımıza qələbə sevincini bəxş edib.

Plana uyğun olaraq, hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri, dəyirmi masalar, konfranslar, muzeylərə ekskursiyalar, habelə kitab, foto və rəsm sərgiləri təşkil olunub, sənədli və bədii filmlər nümayiş etdirilib, “Əsgərə məktub” layihəsi çərçivəsində Vətən müdafiəçilərinə məktublar ünvanlanıb. Həmçinin şəhidlərimizin məzarları ziyarət olunub və onların ailələri ilə görüşlər keçirilib.

Bayram tədbirlərində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin mədəniyyət və incəsənət nümayəndələrinin, rayon mədəniyyət şöbələri kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunub.

Tədbirlərdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.

26 İyun - Silahlı Qüvvələr Günü, həmçinin Azərbaycan Respublikasının xaricdəki nümayəndəliklərində təntənəli şəkildə qeyd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
18
azertag.az

10Mənbələr