AZ

Azərbaycanda benzin bahalaşdı? - SON DƏQİQƏ

Son günlərdə Azərbaycanda Aİ-92 markalı benzin və dizelin bahalaşacağı barədə xəbərlər yayılıb.

Ekologiya.az xəbər verir ki, məlumat rəsmi olmasa da, teleqram kanallarında tirajlanır.

Məlumatda bildirilir ki, hər iki məhsulun qiymətində bahalaşma çox olmayacaq.

Uzun zamandır ki, Azərbaycanda ekspertlər və sürücülər Aİ-92 markalı benzinin və dizelin keyfiyyətinin aşağı olduğunu bildirirlər. Buna görə də sürücülər əksər hallarda avtomobillərini qorumaq üçün Aİ-95 markalı benzindən istifadə edirlər.

Benzinin keyfiyyətsiz olması təkcə avtomobillərə deyil, ekologiyaya da ciddi ziyan vurur. Ona görə də ekspertlər uzun zamandır bildirirlər ki, Aİ-92 bahalaşıb, Aİ-95 ucuzlaşmalıdır.

Onu da bildirək ki, dünyada bu kimi problemlərdən qurtulmaq üçün elektrik mühərriklərə üstünlük verilir. Azərbaycanda da bu keçid prosesi artıq başlayıb və ekspertlər bildirirlər ki, benzinin qiymətinin bahalaşması mövcud vəziyyəti stimullaşdıracaq. Ona görə də bahalaşma olarsa bu, zərurətdən baş verəcək.

Onu da bildirək ki, 2022-ci ildən etibarən elektrik avtomobillərin ölkəyə gətirilməsi zamanı mühərrikin həcminə görə idxal dövlət gömrük rüsumu və ƏDV alınmır.

Hazırda ölkədə Aİ-92 markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti 1 manat, dizelinki isə 80 qəpikdir.

Bunu  Milli Məclisin üzvü Vahid Əhmədov Aİ-92 və dizel qiymətlərinin artacağı haqda məlumatı şərh edərkən deyib.

“Ola bilər ki, Aİ-95 markalı benzinin istehsalına start veriləndə, bu markalı benzin ucuzlaşsın. Hazırda Aİ-92 və Aİ-95 arasında qiymət fərqi 2 dəfədir. Aİ-92 nisbətən bahalaşarsa, Aİ-95 isə bir qədər ucuzlaşarsa, insanlar təbii ki, daha keyfiyyətli və ekoloji baxımdan az ziyanlı Aİ-95-ə üstünlük verəcək. Bilirsiniz, indi Aİ-92 ucuzdur, əsasən də köhnə maşınlarda istifadə olunur, bunun da ekologiyaya, xüsusilə Bakının havasına mənfi təsiri böyükdür”, - o bildirib.

Millət vəkilinin sözlərinə görə, elektromobillərin istifadəsinin genişlənməsi çox lazımlıdır:

“Əslində elektromobillərə tələbat kifayət qədər artıb, bütün dünya faktiki olaraq elektromobillərlə işləməyə başlayıb. Azərbaycanda da bununla əlaqədar proqramlar var, müəyyən işlər görülüb. Biz də xüsusi qanunlar qəbul edib, elektromobil idxalını vergidən azad eləmişik və s. Daha keyfiyyətli və ekoloji zərəri az olan yanacağa, o cümlədən elektromobilə tam keçid üçün tədrici addımlar atılmalıdır və atılır. Aİ-92 və dizelin bahalaşması da bu kompleks tədbirlərin bir hissəsi ola bilər”.

V.Əhmədov mümkün qiymət artımının iflyasiya və ya bahalaşmaya təsir etməyəcəyini də vurğulayıb:

“Bu, ciddi deyil, cüzi artımdır. Nəzərə alsaq ki, Aİ-95 benzinindən istifadə artıb və elektromobillər də çoxalmaqdadır, bu artımın hər hansı bahalaşma yaradacağını proqnozlaşdırmıram. İnflyasiya ümumiyyətlə 2024-cü il üçün birrəqəmli gözlənilir. Son 6 ayın yekunlarına görə inflyasiya 2,7 faiz idi. Ümumi il ərzində isə, haradasa, 5,6 faizə yaxın olacağı proqnozlaşdırılır”

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
3
ekologiya.az

10Mənbələr