AZ

İstanbulun tarixi “Validə Sultan” gəmisində “Zəngəzur sənətkarlığı” sərgisi açılıb

İstanbul, 26 iyun, Günel Karatepe, AZƏRTAC

Türkiyədə fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan Vizyon Teatr və “Tək Hədəfim Təhsil” birlikləri tərəfindən həyata keçirilən “Biz birlikdə güclüyük” layihəsi çərçivəsində İstanbulun tarixi “Validə Sultan” gəmisində “Zəngəzur sənətkarlığı” adlı sərgi nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycanın İstanbuldakı Baş konsulluğu və Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi, “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin təşəbbüsü ilə “Zəngəzur sənətkarlığı” layihəsinə əsasən açılıb.

Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirin rəsmi hissəsində çıxış edən “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin rəhbəri Kamalə Kamal Cabbarova, Azərbaycanın İstanbuldakı Baş konsulluğunun konsulu Zaur Allahverdizadə, “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri professor Akkan Suver, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, “Tək Hədəfim Təhsil” Birliyinin rəhbəri Cem Yıldırım və digərləri Qərbi Azərbaycanın, eləcə də Zəngəzurun tarixi, buradakı xalqımıza məxsus böyük miras, ermənilər tərəfindən yox edilməyə çalışılan milli dəyələrimiz haqqında danışıblar.

Natiqlər Azərbaycan xalqının əzəli torpaqları olan Qərbi Azərbaycanda, Zəngəzurda min illər boyu yaratdığı böyük mədəniyyət, sənət, mədəni irs haqqında danışaraq, ermənilərin tarixin müxtəlif dövrlərində ərazilərimizə köçürülməsi, azərbaycanlıların öz ata-baba yurdlarından deportasiyası haqqında məlumat verib, bunun tarixi ədalətsizlik olduğunu vurğulayıblar. “Biz birlikdə güclüyük” layihəsi kimi işlərin Türk dünyası üçün əhəmiyyəti qeyd edilib.

Zəngəzur sənətkarlığına (əl sənəti) dair sərgisini ərsəyə gətirən Sərdarlar ailəsinin üzvləri - "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyinin sədri Lalə Sərdarlı, Toğrul Sərdarlı və İsgəndər Sərdarlı çıxış edərək layihə haqqında məlumat veriblər. Xalqımıza məxsus bu əl sənətinə dair nümunələrin maraqla qarşılandığını qeyd edən Sərdarlı ailəsinin üzvləri sərginin qardaş ölkədə yüksək səviyyədə təşkilində iştirak edən hər kəsə təşəkkürlərini bildiriblər.

Sonra layihə çərçivəsində mövzuya əsasən hazırlanan sənədli film nümayiş etdirilib.

Tədbirin bədii hissəsində Azərbaycan milli musiqi nümunələri və rəqsləri ifa edilib, milli mətbəximizin təamları qonaqlara təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin təşəbbüsü ilə reallaşan “Zəngəzur sənətkarlığı” layihəsinə əsasən Qərbi Azərbaycanın azərbaycanlılara məxsus, o cümlədən Türk dünyasının ortaq mədəni irsinin inciləri sayılan tarixi memarlıq abidələri, zəngin mədəni irs incilərinin elementlərini özündə ehtiva edən dekorativ tətbiqi sənət nümunələrinin hazırlanması və təbliği, həmçinin Türkiyədə də tanıdılması nəzərdə tutulub.

Layihə çərçivədə İstanbulda nümayiş olunan sərgidə “Turan Yolu-Zəngəzurum” adlı kolleksiyadan “İrəvanım”, “Sərdarım”, “Zəngəzurum”, “Dərələyəzim”, “Şərqin sədası”, “Çərxi-fələk” adlı əsərlərlə yanaşı, “Şuşa baharı”, “Səma naxışları”, “İpək Yolu” adlı əsərlər də ilk dəfə nümayiş etdirilib. Adıçəkilən bütün əsərlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq komissiyaları tərəfindən sənət əsərləri kimi qiymətləndirilərək qeydiyyata alınıb. Müəllifi Sərdarlı ailəsi olan əsərlər Azərbaycanın mədəniyyət tarixində ilk dəfə özləri tərəfindən yaratdıqları yeni metodologiya, üslub və formatda hazırlanıb.

“Turan Yolu - Zəngəzurum” kolleksiyasından bəzi əsərlər ilk dəfə Azərbaycan Milli İncəsənət Muzeyində, daha sonra Bakıda Yunus Əmrə İnstitutunda nümayiş etdirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
6
azertag.az

10Mənbələr