AZ

“Ermənistanın kapitulyasiya aktına tez qol çəkməsinin səbəblərindən biri də bu idi”


“Xatırlayırsınızsa, möhtərəm cənab Prezident çıxışlarında bir neçə dəfə qeyd etmişdir ki, Vətən müharibəsi zamanı Azərbaycanın uğurlu əməliyyatlarından biri Ağdam istiqamətində idi”.
Yeniavaz.com
xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov AZƏRTAC və AzTV-yə müsahibəsində deyib.
Nazir jurnalistin “Antiterror əməliyyatları ətrafında müxtəlif versiyalar səsləndirilir. Bu əməliyyatların planlaşdırılmasının, həyata keçirilməsinin hədəfi nə idi?” sualına belə cavab verib:
“Ermənistan silahlı qüvvələrinin böyük bir birləşməsi - bizim hesabımızla təxminən 15-18 min nəfərlik şəxsi heyət mühasirəyə düşmüşdü. Biz bu əməliyyatı yekunlaşdırmaq üçün mühasirəyə düşən həmin hərbi birləşmələrin ətrafına toplarımızı, raket sistemlərimizi yığmışdıq və artıq onların zərərsizləşdirilməsi üçün tədbirlərə başlayırdıq. Ermənistanın kapitulyasiya aktına tez qol çəkməsinin səbəblərindən biri də bu idi. Möhtərəm cənab Prezident insanpərvərlik göstərdi və mühasirəyə düşənlərin məhv edilməsinə imkan vermədi”.
General-polkovnik qeyd edib ki, mühasirəyə düşmüş həmin kontingent üçtərəfli Sazişə əsasən Azərbaycanın ərazisini dərhal tərk etməli idi:
“Ancaq onlar bunu etmədilər, əksinə, təxribatlara əl atdılar, mövqelərini gücləndirməyə başladılar. Bilirsiniz, möhtərəm cənab Prezident çıxışlarında qeyd edirdi ki, antiterror əməliyyatlarının keçirilməsi üçün səbəblər hansılar idi. Birincisi, bilirsiniz ki, bunlar təxribatlar törədirdilər, qanunsuz seçkilər keçirirdilər. Ermənistan rəsmən bunları təbrik etdi. Bunlar hamısı zəmin yaratdı ki, antiterror əməliyyatı keçirilsin. Bu, birincisi. İkincisi, sual verdiniz ki, bu antiterror əməliyyatının hədəfi kim idi. Xüsusi qeyd etmək istəyirəm, möhtərəm cənab Prezident daim deyir ki, mən yaxşı bilirəm nəyi nə vaxt etmək lazımdır. Cənab Prezident bütün güc strukturlarının rəhbərliyini toplayıb tapşırıq verəndə bir neçə məsələyə xüsusi diqqət yetirirdi. İlk növbədə, Orduya aid təbii olaraq mənə tapşırıq verildi ki, heç bir mülki şəxsə, heç bir mülki obyektə zərbə endirilməsin. Ordu heç bir yaşayış məntəqəsinə daxil olmur. Ordu ancaq və ancaq hərbi birləşmələrə qarşı fəaliyyət göstərir. Digər qurumların rəhbərlərinə - Daxili İşlər Nazirliyinə, xüsusi xidmət orqanlarına, Sərhəd Qoşunlarına tapşırıqlar vermişdi. Qeyd edim ki, bu tapşırıqlar hamısı düzgün verilmişdi. Beynəlxalq qurumların nümayəndələri gəlib bunların hamısını gördülər. Bununla yanaşı, demək istəyirəm ki, hörmətli Birinci vitse-prezident də humanitar məsələlərə çox ciddi fikir verməyi tapşırmışdı və nəzarətdə saxlayırdı. Antiterror əməliyyatından əvvəl, yəni, kütləvi zərbələrdən əvvəl Qarabağ iqtisadi zonasında yaşayan ermənilərə bir saat əvvəlcədən xəbər verilmişdi ki, hərbi obyektlərdən uzaq dursunlar. Görün, Azərbaycan necə humanistlik nümayiş etdirir. Bu da onu göstərdi ki, Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatı ancaq və ancaq erməni silahlı qüvvələrinə qarşı idi. Bilirsiniz, bu yaxınlarda özləri də təsdiqlədilər ki, Qarabağ zonasında yerləşən hərbi birləşmələr erməni silahlı qüvvələrinin tabeliyində olan qurumlar idi”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
6
yeniavaz.com

6Mənbələr