AZ

Azərbaycanda əmlaka "kupça" verilməsi 32 faiz azalıb- niyə?

Image

Elnur Fərzəliyev: “Alqı-satqı olunan həyət evlərinin böyük əksəriyyətinin çıxarışı olmadığına görə onlar rəsmi rəqəmlərlə göstərilə bilmir”

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatının aparılması ilə bağlı statistika açıqlanıb. Açıqlanan rəqəmlərə əsasən, bu ilin yanvar-may aylarında Azərbaycanda daşınmaz əmlak üzərində 154 337 mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bəlli olub ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 32 faizdən çox azalıb.

Qeyd edək ki, son vaxtlar ölkədə sənədsiz evlərə çıxarışların kütləvi veriləcəyi ilə bağlı məlumatlar yayılıb. Məlumdur ki, hazırda 500 mindən artıq fərdi həyət evinin çıxarışsız olduğu bildirilir. Həmin tikililərin qeydiyyatı istiqamətində aparılan müzakirələr, hələ ki, konkret nəticə verməyib.

Maraqlıdır, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının 32 faiz azalması nə ilə bağlıdır?

“Satılan həyət evlərinin böyük əksəriyyətinin çıxarışı yoxdur, belə olan halda…” 

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, göstərilən rəqəmlər təkrar alqı-satqı, təkrar özəlləşmələrlə bağlıdır: “Bir vətəndaş çıxarışlı binada ev alıb, alqı-satqı edib, yenidən sənədləri təqdim edib çıxarış alıb. Hazır çıxarışların təkrar verilməsi, bir də ilkin çıxarışların verilməsi var. Bunlar ümumi olaraq statistikada çıxarışların verilməsi kimi göstərilir. Danılmaz faktdır ki, hazırda daşınmaz əmlak bazarında durğunluq hökm sürür. Əmlak bazarı mövsümi olaraq bir az dayanıb. Həm də sənədsiz evlərin sənədləri elə sürətlə verilmir ki, bu da bir göstərici olsun. Məlumdur ki, satılan həyət evlərinin böyük əksəriyyətinin çıxarışı yoxdur. Belə olan halda, çıxarış olmayanda rəsmi statistikada göstərilə bilmir. Onu da nəzərə almaq lazımdır ki, çıxarışı olmayan torpaqlarda fərdi həyət evi tikmək qadağan olunub. Eyni zamanda, həmin evlərə kommunal xətlərin çəkilməsinə icazə verilmir. Alqı-satqı olunan həyət evlərinin böyük əksəriyyətinin çıxarışı olmadığına görə onlar rəsmi rəqəmlərlə göstərilə bilmir. Bu gün ölkədə on minlərlə qeydiyyatsız tikili mövcuddur. 

Günel CƏLİLOVA





Seçilən
66
1
baki-xeber.com

2Mənbələr