AZ

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Bakı, 25 iyun, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirlik güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmağı, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamağı tövsiyə edir .

Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

“Bundan əlavə, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.

Eyni zamanda intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, bununla üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

İldırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir”, - deyə məlumatda bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
49
azertag.az

4Mənbələr