AZ

AÇ-2024-də 12-ci gün: C və D qruplarında mübarizə sona çatır - YENİLƏNİR

Zaman amansızdı. Sanki qitə birinciliyi dünən start götürmüşdü. Amma sabah artıq qrup mərhələsinə yekun vurulacaq. Bu gün və sabah pley-offa bütün vəsiqələr sahibini tapacaq.

25 iyun
D qrupu
Fransa – Polşa

Hakim: Marko Quida (İtaliya)
Cəzalı: yoxdu
Stadion: “Siqnal İduna Park” (Dortmund)
Əvvəlki oyunlarının balansı: +9=5-3
Niderland – Avstriya
Hakim: İvan Krujlyak (Slovakiya)
Cəzalı: yoxdu
Stadion: “Olimpiaştadion” (Berlin)
Əvvəlki oyunlarının balansı: +10=4-6
Niderland, Fransa – 4, Avstriya – 3, Polşa – 0.

Bu qrupda hələ ki hər şey proqnozlaşdırıldığı kimi irəliləyir. Polşa qrupun ən zəif halqası kimi görünürdü və belə də oldu. Komanda iki oyundan sonra nəinki ilk iki pillədən birini tutmaq, hətta pley-off şansını da itirdi. Polşa şəxsi oyunda Avstriyaya uduzduğu üçün 3-cü pillədə qərarlaşan bu komandanı geridə qoymaq şansı qalmayıb. Bu baxımdan Fransanın işi asan olacaq. Axı psxioloji cəhətdən çökən Polşa meydana motivasiyasız çıxacaq. Polşalılar, sadəcə, nüfuz üçün oynayacaqlar. Bu məqam onsuz da əvvəlcədən favorit sayılan “xoruzlar”ın qələbə şansını bir qədər də artırır. Fransızların əsas superulduzu Mbappenin durumu hələ də qeyri-müəyyəndi. Avstriya ilə oyunda burnu qırılan “Real”ın yeni üzvü Niderlanda qarşı görüşü buraxsa da, adı iştirak ərizəsində idi. Ona görə də Mbappenin bu gün start heyətində meydana çıxmaq ehtimalı var. Ulduz futbolçu turnirin sonuna qədər qoruyucu maska ilə oynamalı olacaq. Fransa həm də mümkün qədər çox qol vurmağa çalışacaq. Sonda Niderlandla Fransanın xalları eyni olsa, qrup liderini müəyyənləşdirmək üçün top fərqi əsas götürüləcək. Çünki şəxsi oyunda bərabərlik qeydə alınıb. Ümumiyyətlə, fransızların inamlı qələbəyə ehtiyacı var. Artıq 2 tur arxada qalsa da, Fransanın hələ heç bir futbolçusu bu turnirdə qol vura bilməyib! Halbuki heyət ulduzlarla zəngindi. Fransa Polşaya son 42 ildə məğlub olmayıb. Bu müddətdə keçirilən 8 qarşılaşmanın 4-də “üçrənglilər” sevinibsə, daha 4 oyunda bərabərlik qeydə alınıb. Polşa güclü rəqibini sonuncu dəfə DÇ-1982-də 3-cü yer uğrunda oyunda məğlub edib (3:2).

“Narıncılar”in işi daha çətin görünür. Avstriya yaxşı formadadı və bunu Fransa ilə oyunda da göstərib. Əslində məğlubiyyət bu komandaların heç biri üçün faciə sayılmayacaq. Çünki həm Niderlandın, həm də Avstriyanın ən yaxşı üçüncülərdən biri kimi pley-offa vəsiqə qazanmaq şansı yetərincə yüksəkdi. Yeri gəlmişkən, bu komandaların yolu ötən qitə turnirində də kəsişmişdi. O vaxt Niderland qrup mərhələsini 3 qələbə ilə tamamlamışdı. Həmin qələbələrdən biri məhz Avstriya ilə oyunda əldə olunmuşdu (2:0). Polşanın Fransaya qarşı olduğu kimi, Avstriyanın da Niderlanda qarşı sindromu var. Avstriya güclü rəqibini sonuncu dəfə 1990-cı ildə Vyanada keçirilən yoldaşlıq oyununda məğlub edib (3:2). Həmin vaxtdan bəri 4-ü özəl, 3-ü rəsmi olmaqla keçirilən 7 oyunun hamısında niderlandlılar sevinib.

C qrupu
İngiltərə - Sloveniya

Hakim: Kleman Türpen (Fransa)
Cəzalı: yoxdu
Stadion: “ReynEnerjiŞtadion” (Köln)
Əvvəlki oyunlarının balansı: +5=1-0
Danimarka – Serbiya
Hakim: Fransua Letesye (Fransa)
Cəzalı: yoxdu
Stadion: “Allyants Arena” (Münhen)
Əvvəlki oyunlarının balansı: +5=0-5
İngiltərə – 4, Danimarka, Sloveniya – 2, Serbiya – 1.

Bu turnirdə hələ ki oyun baxımından ümidləri doğrultmayan favoritlərdən biri də İngiltərədi. Həmişəki kimi güclü heyətə malik ingilislərin yuxu gətirən oyunu sosial şəbəkələrdə də ciddi müzakirələrə səbəb olur. Komanda son 6 oyunun yalnız 2-də birdən artıq top vurub. Ona görə də “üç şir”in əlinə pley-off ərəfəsində həm “ağzıgöyçəkləri” susdurmaq, həm də psixoloji cəhətdən ruhlanmaq üçün yaxşı fürsət düşüb. Bunun üçün FİFA-nın reytinq cədvəlində 57-ci pillədə qərarlaşan Sloveniya üzərində inamlı qələbə qazanmaq lazımdı. Hərçənd ingilislərin işinin asan olacağı inandırıcı görünmür. Sloveniya həm Serbiyadan, həm də Danimarkadan xal almağı bacardı və komandanın pley-off ümidi davam edir. Top fərqinin heç də pis olmadığını nəzərə alsaq, Sloveniyaya hətta heç-heçə də pley-off üçün kifayət edə bilər. Ona görə də Matyaj Kekin komandası böyük ehtimalla yalnız qapının toxunulmazlığı barədə düşünəcək. Bu komandaların yolu sonuncu dəfə DÇ-2018-in seçmə mərhələsində kəsişmişdi. Həmin vaxt bu rəqiblər eyni qrupa düşmüş və 2016-nın oktyabrında Lüblyanada keçirilən görüş qolsuz bitmişdi. Bu, İngiltərənin Qaret Sautqeytin başçılığı altında keçirdiyi ikinci oyun idi. Bu, indiyə qədər Sloveniyanın İngiltərəyə qarşı keçirdiyi 6 oyun arasında uduzmadığı yeganə qarşılaşmadı. Həmin seçmə mərhələdə ingilislər “Uembli”də rəqibin müqavimətini yalnız Keynin 90-cı dəqiqədə vurduğu qol sayəsində qıra bilmişdilər (1:0). Danimarka ilə Serbiyanın da duelini maraqla gözləməyə dəyər. Ümumiyyətlə, bu qrupa rəng qatan məqam odu ki, son tur ərəfəsində bütün komandaların pley-off şansı davam edir. Heyətində kifayət qədər ulduz olan Serbiya İngiltərəyə qarşı matçda yaxşı təsir bağışlasa da, xal qazana bilməmişdi. Sloveniya ilə oyunda isə serblər yalnız son saniyələrədə məğlubiyyətdən qurtularaq ümidlərini son tura daşımağı bacardılar. Heç-heçə müəyyən mənada Danimarkaya sərf edə bilər. Çünki belədə skandinaviyalılar ən yaxşı üçüncülər arasına qatılaraq pley-offa yüksələ bilər. Amma Danimarka kimi komanda üçün heç-heçəyə oynamaq yaraşmaz. UEFA-nın saytında şəxsi oyunların statistikasında hər iki komandanın bir-birinə qarşı 5 qələbə qazandığı qeyd olunub. Amma bu, bir qədər yanlışdı. Çünki bu 10 matçın 7-si Yuqoslaviya dönəminə təsadüf edir. Serbiya müstəqil şəkildə çıxış etməyə başlayandan bəri komandalar 3 dəfə qarşılaşıb və hər 3 oyunda Danimarka sevinib. Son duel 2022-nin sentyabrında Kopenhagendə yoldaşlıq oyunu çərçivsində baş tutub və həmin vaxt meydan sahibləri 3 cavabsız qolla qalib gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
28
football-plus.az

10Mənbələr