AZ

Sahibə Qafarova Silahlı Qüvvələr Günü münasibətilə çıxış etdi » AzadMedia.az


Azadmedia.az Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2024-cü il 25 iyun tarixli plenar iclasında çıxışını təqdim edir:

Hörmətli həmkarlar!
Bildiyiniz kimi, sabah ölkəmizdə Silahlı Qüvvələr Günü qeyd ediləcək. 106 il öncə yaradılmış Azərbaycan Ordusu şərəfli inkişaf yolu keçərək bu gün dünyanın ən güclü orduları sırasında yer alır.
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində və bir günlük antiterror tədbirlərində milli hərb tariximizə yazdıqları şanlı səhifələr xalqımızın qürur mənbəyidir.
Qəhrəman Ordumuzun döyüş meydanlarında göstərdiyi hünərlər qarşıya qoyulan hədəflərə nail olmaq üçün onun ən mürəkkəb hərbi əməliyyatları yerinə yetirməyə qadir olduğunu nümayiş etdirmişdir. Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış Ermənistan silahlı qüvvələri darmadağın edilmiş, əzəli və tarixi torpaqlarımız olan Qarabağ və Şərqi Zəngəzur düşmən əsarətindən xilas edilmişdir.
Tarixi ədalətin öz yerini tutması, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması naminə canından keçmiş şəhidlərimizin, qanlı döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin igidliyini və fədakarlığını biz heç zaman unutmayacağıq.
Hörmətli həmkarlar!
Silahlı Qüvvələr Gününü bayram edərkən Azərbaycan hərbi nailiyyətlərini qeyd etməklə yanaşı, müdafiə potensialını daha da möhkəmləndirməyə, regionda daimi sülh və sabitlik yaradılmasına kömək göstərməyə sadiq olduğunu da təsdiq edir.
Bu gün Silahlı Qüvvələrimiz işğaldan azad olunmuş bölgələrin müdafiəsi, dövlət sərhədlərimizin qorunması naminə öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
Əminliklə söyləmək olar ki, Azərbaycan Silahlı Qüvvələri qarşıdakı illərdə daha da inkişaf edəcək və dünyanın qüdrətli orduları sırasında öz yerini möhkəmləndirəcəkdir.
Hörmətli deputatlar!
Silahlı Qüvvələr Günü münasibəti ilə biz müzəffər Ali Baş Komandanı, Silahlı Qüvvələrin qəhrəman əsgər və zabitlərini, bütün hərbi qulluqçularımızı ürəkdən təbrik edir, Azərbaycanın milli maraqlarının və hərbi təhlükəsizliyinin qorunması naminə şərəfli missiyalarını həyata keçirməkdə onlara yeni uğurlar arzulayırıq!
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
7
azadmedia.az

9Mənbələr