AZ

Əhməd Əhmədovun növbəti iclasının vaxtı bilindi - FOTO -- YENİLƏNİB

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Avtosfer.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilərkən qarışıqlıq yaranıb.

Əhməd Əhmədovun xalası, zərərçəkmiş Bikə Əhmədovanın bacısı Şəfaqət Bədəlova etiraz edib. O, prosesdə adının şahid kimi deyil, hüquqi varis kimi tanınmasını istəyib.

Hakim məsələnin iş məhkəmə baxışına veriləndən sonra araşdırılacağını desə də, şahid etiraz edib.

Nəticədə qalmaqal yaranıb və şahid məhkəmə zalından çıxarılıb. Bundan sonra proses davam etdirilib.

Sonra hakim Əhməd Əhmədovdan cinayət işinin məhkəmə baxışına göndərilməsinə etiraz edib-etmədiyini soruşub. Əhməd Əhmədov isə cavabında: "Vallah, nə bilim, bilmirəm ki", - deyə cavab verib.

Məhkəmənin baxış iclası iyulun 4-ü saat 12:20-yə təyin edilib.

Qeyd edək ki, Ə.Əhmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsinə yerləşdirilib.

İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

***

İkisi azyaşlı olmaqla, ailəsinin beş üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun məhkəməsi başlayır.

Avtosfer.az xəbər verir ki, ilin ən dəhşətli cinayəti Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılır.

İş üzrə hazırlıq iclası keçirilir, yəni işə mahiyyəti üzrə baxılmır. Məhkəmə Əhmədin anket məlumatları ilə tanış olur, ilkin dinləmələr keçirilir.

25 yaşlı Əhmədin prosessual fəaliyyət qabiliyyəti olmadığından qohumu Əhmədov Elçin Məhərrəm oğlu onun hüquqi varisi kimi tanınıb. İclas bir qədər sonra başlayacaq.

***

Əhməd Əhmədovun məhkəməsi başlayıb.

İclasda müttəhim Əhməd Əhmədov və digər proses iştirakçıları məhkəmə zalında hazır olublar.

Hakim Səbinə Məmmədzadə Əhmədin şəxsi məlumatlarını elan edib. Əhməd məhkəmə qərarı ilə anlaqsız hesab edildiyindən icra hakimiyyətindən ona qanuni nümayəndə təyin edilib. Hazırkı mərhələdə tərəflər tərəfindən heç bir vəsatət qaldırılmayıb.

***

Əhmədin qadın qohumlarından biri məhkəmədə yüksək səslə etiraz edib. O, hüquqi varis qismində tanınmamasından narazıdır. 

Hakim xanımı zaldan çıxarıb, prosesə bir neçə dəqiqəlik fasilə verilib.

Qeyd edək ki, Ə.Əhmədov valideynlərini, 9 yaşlı qardaşını, bacısını və onun azyaşlı qızını xüsusi amansızlıqla öldürməkdə ittiham olunur. Ekspert rəyləri ilə onun hadisə törədərkən anlaqsız vəziyyətdə olduğu təsdiq edilib.

Prokuror Əhməd barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün məhkəməyə qərar göndərib. Məhkəmə də eyni qənaətə gələrsə, Əhməd cinayət məsuliyyətindən azad ediləcək, məcburi müalicəyə göndəriləcək.

Seçilən
48
16
avtosfer.az

10Mənbələr