AZ

SON 20 İL: Güclü dövlət, güclü ordu, qalib Lider TƏHLİL

ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV: “Biz ilk dəfədir Silahlı Qüvvələr Gününü Müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik”

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə "Dəmir yumruq" əməliyyatı ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığını nümayiş etdirərək bütün dünyaya öz gücünü, qüdrətini göstərdi. Ermənistan və havadarları tərəfindən işğal olunmuş torpaqlarımız əsgər və zabitlərimizin qanı və canı bahasına azad edildi. Bu, Prezident İlham Əliyev tərəfindən son 20 il ərzində həyata keçirilən “Güclü ordu - güclü dövlət” strategiyasının və "dəmir yumruq" siyasətinin nəticəsidir. Prezident, Ali Baş Komandan İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günün 103-cü ildönümü ilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündəki nitqində qürur hissi ilə qeyd edib ki, biz ilk dəfədir Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik: "İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Bu günü biz hər il təntənə ilə qeyd edirdik. Müxtəlif tədbirlər keçirilirdi. Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir", deyən dövlət başçısı vurğulayıb. “Biz şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Dəfələrlə demişdim ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Belə də oldu. İkinci Qarabağ müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi”, deyən Ali Baş Komandan söyləyib ki, bu Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır: "Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik!... Çünki nəyi demişiksə, onu da etmişik". Dövlət başçısı çıxışı zamanı onu da bildirdi ki, biz cəsarət göstərdik, milli ruh nümayiş etdirdik və istədiyimizə nail olduq: "Bir daha demək istəyirəm ki, İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılıb. Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq, Ermənistan bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq”.

ÜMUMMİLLİ LİDERİN HAKİMİYYƏTƏ QAYIDIŞINDAN SONRA ORDUMUZDA VƏ XALQIMIZDA QƏLƏBƏYƏ QƏTİ İNAM YARANDI

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi. Daha sonra – dekabrın 25-də istedadlı general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin olundular. Qısa müddətdə yaradılmasına baxmayaraq, Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək cəsarət və igidlik göstərdi, Qazaxda Azərbaycan sərhədini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti, o cümlədən 15 general Nargin adasında güllələndi. Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun ənənələri sonrakı dövrdə qorunub saxlanıldı və inkişaf etdirildi. Bu, ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olub. Əbədiyaşar lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Ulu Öndər hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə böyük uzaqgörənliklə milli zabit kadrların yetişdirilməsininə çalışırdı. Çünki hələ yaxın keçmişdə Azərbaycan Ordusu yaradılmasına başlanıldığı vaxtdan müxtəlif təzyiqlərə məruz qalmışdı. Həm xaricdən, həm də daxildən göstərilən təzyiqlərin əsas məqsədi ordu quruculuğunun qarşısını almaqla Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna yol verməmək idi. Belə ki, sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Sovet hakimiyyəti illərində çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağrılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd aydın idi - azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək. Bu siyasətin mahiyyətini yaxşı bilən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən qısa müddət sonra - 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail oldu. Ulu Öndərimiz azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də nail olmuşdu. Bu gün Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin Silahlı Qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Vətən müharibəsində misilsiz igidliklər göstərdilər.1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. Lakin müstəqilliyin əvvəllərində ölkəmizə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda belə ordu quruculuğu işinin öhdəsindən gələ bilmədilər. Nəticədə torpaqlarımızın 20 faizi işğal olundu, vətəndaş qarşıdurması baş verdi, Azərbaycan müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qaldı. Belə bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ordumuzda və xalqımızda qələbəyə qəti inam yarandı. Dahi şəxsiyyətin çağırışı ilə genişmiqyaslı səfərbərlik keçirildi, hərbi hissələr tam komplektləşdirildi. Bundan ruhlanan ordumuz ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə uğurlu hücum əməliyyatları keçirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycan Ordusunun ilk sınağı 1994-cü ilin yanvarında oldu. Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Ordu quruculuğu işinə böyük önəm verən ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun - Silahlı Qüvvələr Günü elan olundu.

MÜSTƏQİL AZƏRBAYCANDA ORDU QURUCULUĞU PREZİDENT İLHAM ƏLİYEVİN HAKİMİYYƏTİ DÖVRÜNDƏ TAMAMİLƏ YENİ MƏRHƏLƏSİ

Hər bir dövlətin ordusu onun əsas sütunlarından biridir. Məhz bu gün müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin son 20 illik hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradıldı. Bu gün Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Rəşadətli Ordumuz öz gücünü 2016-cı ilin aprel ayında bir daha sübut etdi. Aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı. Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra - 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.

“GÜN GƏLƏCƏK VƏ BU GÜN İŞĞAL ALTINDAKI TORPAQLAR AZAD OLUNANDAN SONRA ORADA QALDIRILACAQ AZƏRBAYCAN BAYRAĞI AZADLIQ MEYDANINA GƏTİRİLƏCƏK VƏ HƏRBİ PARADDA GÖSTƏRİLƏCƏK”

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradda Prezident, Ali Baş Komandan İlham Əliyev demişdi: “2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Dövlətimizin başçısının qəti əminliklə dediyi bu sözlər – xalqımızın həsrətlə gözlədiyi qələbə arzuları çox keçmədən həyata keçdi. 2020-ci ilin iyulunda düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatların qarşısını rəşadətlə alan cəsur Azərbaycan Ordusu çox keçmədən xalqımıza öz tarixinin ən şanlı qələbəsinin sevincini yaşatdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı Şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu. Torpaqlarımızın azad olunması əmrinə daim hazır olan Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını alınması ilə bağlı Prezident, Müzəffər Ali Baş Komandanın əmri ilə genişmiqyaslı əks-hücum əməliyyatına – Vətən müharibəsinə başladı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi. Bəli, bu həmrəylikdən – “Dəmir yumruğ”a gedən, güclənən, möhkəmlənən Qalib Ordudur.

DOSTLUĞUN VƏ QARDAŞLIĞIN RƏMZİ AZƏRBAYCAN-TÜRKİYƏ

Paradda qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakı Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının daha bir əyani nümunəsi oldu. Bütün dünya bir daha gördü ki, ulu öndərlərimiz Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin Mustafa Kamal Atatürkün ifadə etdiyi kimi sevincli günlərdə də, kədərli günlərdə də daim bir-birinin yanındadır. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır. İki ölkə bundan sonra da həmrəylik nümayiş etdirəcək, böyük uğurlar qazanaraq tarix yazacaq."Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk”, - deyə Prezident İlham Əliyev paradda çıxışı zamanı bildirdi.Türkiyə hərbçilərinin paraddakı keçidi həm də düşmənə verilən növbəti mesaj oldu. Eyni zamanda bütün dünya bir daha gördü ki, Azərbaycan və Türkiyə bundan sonra da bütün məsələlərdə bir-birinin yanında olacaqlar. Qardaş Türkiyə hərbçilərinin paraddan keçidi coşqu ilə qarşılandı və bütün xalqımızı dərindən qürurlandırdı.Bir sözlə, Ümummilli Lider Heydər Əliyevin bir zamanlar bütün dünyaya bəyan etdiyi kimi, Azərbaycan vətəndaşının ən gözəl sabahları öndədir, ən qüdrətli zamanları irəlidədir! Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir! Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Bu əsəri zənginləşdirən Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bütün sahələrdə davamlı uğurlara imzanın atılması, Azərbaycanın dünya dövlətlərinin imzaları arasında imzasının olmasıdır. Bu, Heydər Əliyev işığının nurlandırdığı yolun davamçısı Prezident, Ali Baş Komandanımız Qalib Lider İlham Əliyev yolunun dönməz və sarsılmaz yoludur. Bəli, ruhun şad olsun, Ulu Öndər, Qarabağ Azərbaycandır! Azərbaycan xalqının Qalib Lideri, Azərbaycan xalqının Prezidenti İlham Əliyev dəmir siyasətinin nəticəsində "Dağlıq Qarabağ" problemi yoxdur! Prezident İlham Əliyev bildirib ki, biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır: "Bu dövrlə bağlı müraciətlərimi yenə də hər bir Azərbaycan vətəndaşının arzuladığı sözlərlə yekunlaşdırmaq istəyirəm: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
11
sesqazeti.az

10Mənbələr