AZ

Xalqımız ona Qələbə sevinci yaşatmış Rəşadətli Ordusu ilə qürur duyur

Azərbaycan xalqının əsl bayram coşqusu ilə qeyd etdiyi əlamətdar günlər sırasında Silahlı Qüvvələr Gününün də yer alması təsadüf sayıla bilməz. Çünki ordu dövlətçiliyimizin, müstəqilliyimizin etibarlı dayağıdır. Bu əlamətdar hadisənin 26 iyun tarixinə təsadüf etməsi də tarixi zərurətdən irəli gəlir və xalqımızın keçmişinə verilən yüksək dəyərdir. Azərbaycan Ordusunun mövcudluğundan qürur duyan hər bir Azərbaycan vətəndaşı yaxşı bilir ki, ordumuzun güclənməsi əslində müstəqilliyimizin möhkəmlənməsinə və qorunub saxlanmasına güclü təminatdır.

Müdrik siyasətçi və qətiyyətli sərkərdə Heydər Əliyev bildirirdi ki, müstəqil dövlətin qüdrətini, gücünü ifadə edən əsas amillərdən bəlkə də ən vacibi onun güclü orduya malik olmasıdır. “Azərbaycan Ordusu, Silahlı Qüvvələrimiz böyük gələcəyə baxmalıdır. Ancaq bu böyük gələcəyi təmin etmək üçün bu gün Azərbaycanın güclü ordusu olmalıdır. Bu ordu sabah ondan güclü, beş il sonra ondan da güclü, on il, on beş il sonra daha da güclü olmalıdır. Azərbaycan Prezidenti və Ali Baş Komandan kimi, mən bu siyasəti aparıram və sizdən onu tələb edirəm. Buna nail olmaq üçün öz tərəfimdən əlimdən gələni etmişəm və bundan sonra da edəcəyəm”.

Müstəqillik illərində ordu quruculuğu prosesinin dövrün çağırışlarına müvafiq olaraq ardıcıllıqla həyata keçirilməsi Azərbaycanın hərbi qüdrətinin artırılması işinə mühüm töhfələr vermişdir. Ümumiyyətlə, ulu öndər tərəfindən hələ sovet dönəmində ordu quruculuğu istiqamətində bir sıra mühüm addımlar atılmışdı. Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin o dövrdə Bakıda açılması Heydər Əliyevin xidmətlərinin nəticəsi idi. Həmin məktəb peşəkar hərbçi kadrların yetişdirilməsi işində müstəsna rol oynayıb və bu gün də müstəqil Azərbaycan Ordusu üçün zabitlər hazırlayır.

Xalqın tələbi ilə  1993-cü ilin iyun ayında  Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. 

1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.

2003-cü ildən Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən dövlət başçısı İlham Əliyev Silahlı Qüvvələrin modernləşdirilməsini dövlət siyasətinin strateji isiqamətlərindən biri kimi öndə saxlayır. Azərbaycan dövləti hər zaman ordumuzun gücünə, qüdrətinə arxalanaraq ən yüksək tribunalardan bəyan edirdi ki, işğal altında olan torpaqlarımızı nə yolla olusa-olsun azad edəcək, ərazi bütövlüyümüzü təmin edəcəyik. Sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolunun seçiləcəyi  inkar edilmirdi. 2020-ci ildə yaşadığımız tarixi Zəfər Azərbaycan Ordusunun qəhrəmanlığını, şücaətini nümayiş etdirdi. Bu Zəfərə qədər Ordumuz 2016-cı il Aprel döyüşlərində, 2018-ci il Naxçıvan qələbələrində hansı imkanlara malik olduğunu işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə göstərmişdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin hər gününü tarixə qələbə səhifəsi kimi yazan Azərbaycan Ordusu Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşanı işğaldan azad etməklə Ermənistanın kapitulyasiya aktını imzalanmasını şərtləndirdi. Azərbaycanın tarixi Qələbəsi dünyaya səs saldı. Xalqımızın otuz illik arzusunu reallığa çevirərək hərbi qüdrətini bütün dünyaya göstərən ordumuzun qəhrəman əsgər və zabitləri işğaldan azad edilmiş ərazilərimizin mühafizəsi və müdafiəsində “Dəmir yumruq” kimi dayandılar.

Vətən müharibəsi xalqın öz ordusuna inamının, sevgisinin nümayişi, Azərbaycan hərbçisinin rəşadəti, qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirməsinin ifadəsidir. Bu Qələbəni şərtləndirən əsas amillərdən biri xalqımızın Azərbaycan Ordusunun qüdrətinə inamı idi. Eyni zamanda, bütün dünya yeni əsrin müharibəsini aparmış ordumuzun gücünü, peşəkarlığını və öz tarixi missiyasını uğurla reallaşdırmaq iqtidarında olduğunu gördü.

Azərbaycan xalqı ona Qələbə sevinci yaşatmış Rəşadətli ordusu, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı ilə haqlı olaraq qürur duyur.

Anar Məmmədov,

Milli Məclisin deputatı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
3
ikisahil.az

4Mənbələr