AZ

Harri Keyn: “Karyeramın zirvəsindəyəm”

İngiltərə yığmasının və “Bayern”in hücumçusu Harri Keyn AÇ-2024-ün Sloveniya yığması ilə 3-cü tur oyunu öncəsi bəzi fikirlərini paylaşıb.

Arena.az “Daily Mail” dərgisinə istinadən məlumat verir ki, ingilis hücumu özünün idman forması haqda daınışmaqla yanaşı, AÇ-2024-də İngiltərə yığmasının ünvana səslənən tənqidlər selinə münasibətini açıqlayıb:

“Mən özümü karyeramın zirvəsində hiss edirəm və ümidvaram ki, növbəti dörd-beş il ərzində heç nə pisə doğru dəyişməyəcək. Beləliklə, bu Avropa çempionatından başlayaraq, yeni mövsümdə “Bayern”də fürsətlərim olacaq. Ona görə də düşünürəm ki, mənim üçün ən vacib məqam ilhamlı qalmaq, tərəqqiyə davam etmək, ətrafımdakı insanlara isə dəstək olmaqdır”, deyə Keyn vurğulayıb.

Harri həmçinin İngiltərə yığmasının ünvanına xüsuilə azarkeşlərin dilindən səslənən tənqidlərə mövqeyini açıqlayıb: “Mən tənqidlərdən mümkün qədər uzaq olmağa çalışıram, amma bu günlərdə buna məhəl qoymamaq mümkün deyil. Hər kəsin öz fikrini söyləmək hüququ var və böyük beynəlxalq yarış keçiriləndə bu, daha da güclənir.

Özümüzlə səmimi ola bilərik ki, istədiyimiz kimi oynamadıq (AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Danimarka yığması ilə oyun (1:1) – redaktorun qeydi). Bununla belə, bizim üçün yaxşı əlamət odur ki, bununla hələ də nəticə əldə edirik”, deyə Keyn vurğulayıb.

Xatırladaq ki, hazırda İngiltərə yığması 4 xalla “C” qrupuna başçılıq edir. İngilislər sonuncu, 3-cü turda Sloveniya yığması ilə qarşılaşacaqlar. Oyun iyunun 25-də keçiriləcək.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 12 məhsuldar ötürmə verib.

Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 93 oyun keçirib, 64 qol vurub, 19 məhsuldar ötürmə verib.

İngilis hücumçu 2023/2024-cü illər mövsümü Almaniya Bundesliqasının 36 qolla (32 oyun) ən sərrast futbolçusu olub. Keyn 2024-cü il “Qızıl buts” mükafatına əsas namizəddir.

“Transfermarkt” internet-portalı 30 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
170
arena.az

1Mənbələr