AZ

Qax, Zəqatala, Balakən və Şəkini dolu vurdu – ƏKİN SAHƏLƏRİ VƏ MEYVƏ BAĞLARI BÖYÜK ZƏRƏRDƏ 

Azərbaycanın bölgələrində qeyri-sabit hava şəraiti, dolu, külək və güclü yağışlar davam edir. 

FED.az xəbər verir ki, ötən gün bu hadisələrdən ən çox Şəki-Zaqatala, Qax, Balakən bölgəsi zərər çəkib. 

Belə ki, iyunun 22-də saat 23 radələrindən başlayaraq Qax rayonu ərazisində güclü külək başlayıb. 

FED.az rayon icra hakimiyyətinə istinadən xəbər verir ki, Qax şəhəri və ətraf kəndlərin ərazisində leysanla müşahidə edilən külək əsib, sonra leysan dolu ilə əvəz olunub. 15-20 dəqiqə davam edən dolu fərdi təsərrüfatlara və meyvə ağaclarına ziyan vurub. Külək bəzi ərazilərdə şiddətləndiyindən təhlükəsizlik tədbiri olaraq elektrik enerjisinin verilməsi dayandırılıb.

İyunun 22-də gecə saatlarından başlayaraq Zaqatala rayon ərazisində hava şəraitinin kəskin dəyişməsi güclü külək və dolu ilə müşayiət olunub.

Rayonun Fövqəladə Hallar Komissiyasının məlumatına görə, güclü külək, leysan və dolu daha çox Makov, Muğanlı, Lahıc kəndləri istiqamətində müşahidə edilib. İri gövdəli ağaclar aşaraq elektrik və rabitə xətlərini zədələyib. Bu səbəbdən Muğanlı, Makov və Lahıc kəndləri istiqamətində avtomobillərin hərəkətində çətinlik yaranıb.
İlkin məlumatlara əsasən, dolu daha çox rayonun Yeni Suvagil kəndinə yağıb. Nəticədə meyvə ağaclarına, bostan-tərəvəz bitkilərinə ciddi ziyan dəyib.

Təbii fəlakət Balakən rayonundan da yan keçməyib.

Rayonda küləklə müşahidə edilən leysan və dolu Balakən şəhəri də daxil olmaqla ətraf yaşayış məntəqələrinə xeyli ziyan vurub. Əsasən dolu yağan ərazilərdə şəxsi təsərrüfatlara ziyan dəydiyi bildirilir. Bununla yanaşı, güclü külək nəticəsində Balakən şəhəri və yaxın kəndlərdə ağaclar aşıb, elektrik naqilləri və rabitə xətləri zədələnib.
Külək və leysan yağışları ara verdiyi saatlardan başlayaraq hər iki rayon ərazisində təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına başlanılıb. 

Şəkidə də dolu yağıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə iyunun 22-si axşam və 23-ü gecə saatlarında Balakən, Şəki, Zaqatala rayonlarına diametri 20 millimetrədək olan dolu düşüb. Şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti arabir 20-25 m/s-dək güclənib.

Bölgələrdə qeyri-sabit hava şəraiti iyunun 23-də də davam edir. Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. İyunun 23-ü gecə saatlarında Şahdağın 3000 metr yüksəkliklərinə qar yağıb. 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 34, Aran rayonlarında 35, dağlıq rayonlarda 21, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək isti olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
2
fed.az

10Mənbələr