AZ

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçirilir

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçirilir

İyunun 21-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” festival-konqresi öz işinə başlayıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, festival-konqres iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib və önünə güllər düzüblər. Heydər Əliyev Muzeyinə gələn ziyarətçilərə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar barədə məlumat verilib.

Zəngəzur Milli Parkında, Batabat yaylağında “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin rəsmi açılış mərasimi keçirilib.

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, 2020-ci il dekabrın 10-da Bakıda keçirilmiş Zəfər paradının ssenari müəllifi və aparıcısı, polkovnik Abdulla Qurbani tədbiri açıq elan edib, el ağsaqqalı Dədə Qorqud xeyir-duasını verib. Oğuz elinin çaparları Batabat yaylağının əhatəsində bayram rəmzi olan üç tonqal qalayıblar.

Sonra “Zəfər” kompozisiyası təqdim olunub. Əlahiddə Ümumqoşun Ordunun Şuşayadək zəfər yolu keçən qəhrəmanları Şuşaya sancılan və Zəfər paradında nümayiş etdirilən Zəfər Bayrağını meydana gətiriblər. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

2023-cü ilin antiterror tədbirlərində əldə etdiyimiz möhtəşəm qələbəyə həsr olunmuş “Zəfər marşı” ifa olunub.

Naxçıvan Dövlət Universiteti Tələbə Teatr Studiyası “Dərələyəz” kompozisiyasını təqdim edib.

2023-cü ildə keçirilmiş “Qərbi Azərbaycana qayıdış” festival-konqresindən yaddaqalan məqamları əks etdirən videoçarx nümayiş olunub.

Festival-konqresin plenar iclasında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycanın 30 illik işğala son qoyması, 2023-cü il sentyabrın 19-20-də isə dövlətimizin suverenliyinin onun bütün ərazisində təmin olunması vaxtilə Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının bərpası üçün də real imkanlar yaradıb. 2022-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı konsepsiya qəbul olunub, bu istiqamətdə konkret tədbirlərin icrasına başlanılıb. Naxçıvanda keçirilən növbəti “Qərbi Azərbaycana qayıdış” festival-konqresi də ölkəmizdə bu sahədə görülən işlərin tərkib hissəsi olmaqla yanaşı, həm də xalqımıza qarşı törədilmiş haqsızlıqlara bir daha nəzər salmaq fürsəti yaradacaqdır.

Səlahiyyətli nümayəndə qeyd edib ki, 1905 - 1906, 1918 - 1921, 1948 - 1953 və 1987 - 1991-ci illərdə xalqımıza qarşı mərhələli şəkildə deportasiya və soyqırımları həyata keçirilib. Sözsüz ki, deportasiya siyasəti tarixi-mədəni irsimizin məhvi ilə də müşayiət olunub, abidələrimiz dağıdılmış, qədim Azərbaycan toponimləri saxta və uydurma adlarla əvəzlənib, açıq şəkildə mono-etnik dövlətçilik və etnik təmizləmə siyasəti həyata keçirilib. 1970-1980-ci illərdə - Ümummilli Lider Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə bu proseslərin qarşısı alınıb, xalqımız növbəti deportasiya və etnik təmizləməyə məruz qalmaqdan xilas olub. Lakin 1987-ci ildə Ulu Öndərin Sovetlər Birliyinin rəhbərliyindən getməsi Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın növbəti acı taleyinin başlanğıcı olub, 1988-1991-ci illərdə azərbaycanlıların Ermənistandan deportasiyasının sonuncu və ən dəhşətli mərhələsi baş tutub. Həmin dövrdə Ermənistanda 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdı, 90-a yaxın kənddə, eləcə də böyük şəhərlərdə azərbaycanlılar əksəriyyət təşkil edirdilər. Həmin kəndlərdə və şəhərlərdə yaşayan soydaşlarımız 3 il ərzində Ermənistandan zorla çıxarılıb, soyqırımı və işgəncələrə məruz qalıblar.

Səlahiyyətli nümayəndə bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda yeni reallıqlar yaradan və bunu diktə edən dövlətdir. Müstəqil Azərbaycanın və onun qüdrətli Liderinin mövqeyi sülhə, beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanır. Qərbi Azərbaycana qayıdış konsepsiyası da bu üç prinsipə uyğun reallaşdırılır. Hər kəsin öz əzəli torpaqlarında yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib. Məhz bu səbəbdən də Zəngəzurda, İrəvanda və digər əzəli Azərbaycan torpaqlarında yaşamaq hüququnu beynəlxalq birlik qarşısında qaldıran xalqımız əmindir ki, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın davamı olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qərbi Azərbaycana qayıdış da reallaşacaq.

“Qərbi Azərbaycana qayıdış” festival-konqresi üçün zəngin proqram hazırlandığını diqqətə çatdıran Fuad Nəcəfli plenar və bölmə iclaslarındakı çıxışların, aparılan müzakirələrin ümumi məqsədə çatmaq üçün səmərəli olacağını bildirib, festival-konqresin işinə uğurlar arzulayıb, təşkilatçılara və dəvəti qəbul edib tədbirdə iştirak edən hər kəsə təşəkkür edib.

Bu mühüm tədbirin Qərbi Azərbaycana qayıdış mövzusuna həsr olunmuş sanballı bir ictimai-mədəni müzakirə platforması rolu oynadığını vurğulayan elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, Qərbi Azərbaycana qayıdış ümummilli məsələdir və hər birimiz bu istiqamətdə əlimizdən gələni etməliyik. Çünki bu, doğma evlərindən, ibadət yerlərindən, mədəniyyət abidələrindən məhrum edilmiş minlərlə həmvətənimizin insan hüquqları məsələsidir. Bu məqsədlə, məktəblilər arasında keçirilən “Qərbi Azərbaycana qayıdış” olimpiadası davam etdiriləcək, tələbələr arasında silsilə maarifləndirmə tədbirləri, Gənc Müəllimlərin Qərbi Azərbaycana Qayıdış Forumu təşkil olunacaq, Qərbi Azərbaycana həsr olunmuş elmi araşdırmaları təşviq edən qrantların verilməsi nəzərdən keçiriləcək.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında vurğulayıb ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tarixi ədalətsizliyə, faciələrə hüquqi-siyasi qiymət verib və bununla bağlı 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında”, 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı” və 2001-ci il avqustun 22-də “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” fərmanlar imzalayıb. Bu tarixlərdən başlayaraq hadisələrin elmi təhlili və obyektiv siyasi münasibətlərin formalaşdırılması təmin edilib.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycana qayıdış ideyası ilk dəfə beynəlxalq müstəviyə çıxarılıb, dünyanın bir çox ölkə və qurumlarına, siyasətçilərinə onlarla məktub və müraciətlər ünvanlanıb, icmanın 225 bəyanatı qəbul edilib. Bu gün Qərbi Azərbaycan İcmasının yeddi rəsmi sənədi artıq BMT-nin rəsmi sənədi kimi bütün rəsmi dillərdə və beynəlxalq qurumun üzvü olan bütün dövlətlər arasında yayılıb. 200 il ərzində ermənilər tərəfindən doğma ocaqlarından qovulmuş, artıq geriyə qayıda bilmək ümidini itirməkdə olan qaçqınlarda inam yaradılıb, insanlarımız bu ideya ətrafında sürətlə kənd-kənd, rayon-rayon təşkilatlanıb, Qərbi Azərbaycanın 24 rayonu və 277 yaşayış məntəqəsi üzrə icmalar formalaşdırılıb, Azərbaycan Respublikasının 41 rayonu üzrə nümayəndəliklər qərargahla təmin olunub. Bu gün artıq Qərbi Azərbaycana qayıdış tək qərbi azərbaycanlıların və Azərbaycan Respublikasında yaşayan 10 milyon soydaşlarımızın məsələsi deyil. Bu, 60 milyonluq dünya azərbaycanlılarının və bir çox məqamlarda bütöv Türk dünyasının məsələsidir. Bu, soydaşlarımızın beynəlxalq hüquqa söykənən haqqıdır. Bu, Ulu Öndər Heydər Əliyevin bizə vəsiyyəti, cənab Prezident İlham Əliyevin tapşırığı və atalarımız qarşısında övladlıq, övladlarımız qarşısında atalıq borcumuzdur.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Qərbi Azərbaycan Araşdırma Mərkəzinin təssisçisi, professor Mahirə Hüseynova bu ağrılı problemin gündəmə çevrilməsində, yüz minlərlə insanın tarixi Vətəninə qovuşmaq istəyini müxtəlif yerli və beynəlxalq təşkilatların platformalarından dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi ardıcıl dəstəyə görə Prezident İlham Əliyevə şükranlarını çatdırıb, doğma Naxçıvandan həqiqətlərin bəyan edilməsi üçün yaradılan platformaya görə əməyi keçən hər kəsə təşəkkür edib, festival-konqresin təşkilatçılarının işini yüksək qiymətləndirib.

Zəngəzur dəhlizinin önəminə toxunan Mehmet Hakkı Alma qeyd edib ki, Azəbaycan Ordusunun şanlı zəfəri ilə bitən 44 günlük Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yaranıb. Bunun nəticəsində Zəngəzur dəhlizinin reallaşması da gündəmə gəlib. Türk dünyasını birləşdirən bu mühüm koridor sadəcə iqtisadi, ticari və logistik əlaqələrin inkişafı deyil, həm də humanizm və sülh prinsiplərini özündə ehtiva edən mühüm sosial layihədir. Türk-islam mədəniyyəti tarixinin önəmli bir parçası olan Zəngəzur dəhlizi Avropa və Asiyanı birləşdirən mühüm bir körpü rolunu oynayır.

Tədbirdə “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibi olmuş şagirdlər mükafatlandırılıb.

Qədim yurd yerimiz olan Qərbi Azərbaycan torpaqlarında xalqımızın min illərlə formalaşdırdığı və yaşatdığı mədəniyyəti təbliğ etməklə yanaşı, əzəli yurd yerinə qayıdış prosesinə elm və təhsil ictimaiyyətinin dəstəyini ifadə etmək məqsədi daşıyan konqresdə ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında, həmçinin Türkiyə universitetlərində fəaliyyət göstərən tədqiqatçılar bir araya gəlib. Sabah davam edəcək konqres çərçivəsində keçirilən bölmə iclaslarında elm adamlarının Qərbi Azərbaycanla bağlı əldə etdikləri elmi yeniliklər dinləniləcək və fikir mübadiləsi aparılacaq.

Festival-konqresdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Milli Konservatoriyası, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dillər Universiteti, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi, Bakı Slavyan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Dövlət Gömrük Komitəsi Akademiyası, AMEA Naxçıvan Bölməsi, Naxçıvan Müəllimlər İnstitutu, eləcə də qardaş Türkiyədən olan universitetlər tərəfdaş qismində iştirak edirlər. Həmçinin Naxçıvan Muxtar Respublikasının şəhər və rayon icra hakimiyyətləri, Mədəniyyət və Təhsil nazirlikləri tərəfdaş qurum kimi qatılıblar.

Festival-konqres bədii hissə ilə davam edib.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
16
ilk.az

10Mənbələr