AZ

Əliyev Blinkenə - Minsk Qrupu buraxılsın, Ermənistan konstitusiyası dəyişdirilsin- İrəvana təzyiqlər artdı...

Image

ABŞ-ın Cənubi Qafqazla bağlı siyasətinin təhlili bu ölkənin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesinin tezləşdirilməsində xüsusi maraqlı tərəf kimi çıxış etdiyini göstərir. Bunu ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan prezidenti İlham Əliyevə etdiyi zəng və aparılan müzakirələrdən də görmək olar.

Ölkə prezidentinin Mətbuat Xidmətinin məlumatına əsasən, telefon danışığı əsnasında Antoni Blinken Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi baxımından əldə olunmuş nəticələri təqdir edərək ABŞ-ın iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə dəstəyini davam etdirməyə əzmli olduğunu vurğulayıb və tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib. Dövlət katibi ABŞ-ın Azərbaycan ilə ikitərəfli əlaqələrə verdiyi əhəmiyyəti qeyd edərək iqlim dəyişikliyi və enerji sahəsində birgə məqsədlərə nail olmaq yolunda ölkələrimiz arasındakı konstruktiv əməkdaşlığı vurğulayıb. Antoni Blinken ölkəsinin Azərbaycan ilə yenilənmiş və daha möhkəm ikitərəfli əlaqələri dəstəklədiyini deyib. Onu da əlavə edib ki, ABŞ Azərbaycanda keçiriləcək COP29-un uğurla nəticələnməsi üçün səylərini əsirgəməyəcək. Qeyd edilənlər fonunda prezident İlham Əliyev regionda sülhün təmin edildiyini, sülh müqaviləsinin əsasını təşkil edən prinsiplərin və onun mətninin təşəbbüskarının Azərbaycan tərəfi olduğunu vurğulayaraq, ikitərəfli əsasda normallaşma prosesi və sülh gündəliyinin irəli aparılması səylərinin davam etdirildiyini vurğulayıb. ABŞ-ın sülh gündəliyinə töhfə vermək əzmini yüksək qiymətləndirən dövlət başçısı Ermənistanda konstitusiya, müvafiq qanunlar və ölkədaxili normativ-hüquqi aktlar əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının sülh gündəliyinin irəli aparılması baxımdan vacibliyini qeyd edib. Bundan başqa, prezident İlham Əliyev artıq keçmişin qalığı olan münaqişə səhifəsinin tamamilə bağlanması üçün qeyri-funksional olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün institutların fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtının çoxdan yetişdiyini əlavə edib. Qeyd edək ki, regiona səfər edən digər ABŞ rəsmiləri də sülhün imzalanmasının tezləşdirilməsini gündəmə gətiriblər. Məsələn, elə bu günlərdə ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayen Ermənistana səfəri çərçivəsində qeyd olunan xüsusda mühüm çağırışlar edib. O qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi təkcə uzun müddətdir davam edən münaqişəyə son qoymayacaq, həm də regiona Rusiyanın təsirini azaldacaq və Mərkəzi Asiyadan Türkiyəyə yeni ticarət yolu açacaq: “Bizim nəzərimizdə Mərkəzi Asiyadan Aralıq dənizinədək ərazidə yeni ticarət yolunun yaradılması üçün nəsildə, bəlkə də bir neçə nəsildə bir dəfə ələ düşən imkan var. Bu yalnız Ermənistan və Azərbaycan arasında sülh olarsa, baş tuta bilər. Bu, təkcə sadəcə olaraq ticarətə deyil, həm də bütün yol boyunca yeni sənayelərin açılmasına imkan verəcək”. ABŞ dövlət katibinin köməkçisi deyib ki, sözü gedən ticarət yolu Azərbaycandan keçərək Mərkəzi Asiyadan Gürcüstanın Qara dəniz sahilinədək mövcud nəqliyyat xətlərini də gücləndirəcək: “Bu iki marşrut Mərkəzi Asiya ölkələrinə qlobal bazarlara ilk dəfə olaraq Rusiyadan və ya Çindən asılı olmayan çıxış verəcək”. ABŞ diplomatı ümidvar olduğunu bildirib ki, Ermənistan Azərbaycanla sülh razılaşmasının əlavə “dividentlərini” başa düşür: “Rusiya Ukraynada qalib gəlmir və yəni Qafqaza uzun illər olduğu bir şəkildə qayıtmayacaq. Odur ki, xüsusilə də Ermənistan vətəndaşlarının bunu deməsi mühümdür: “biz qərara gəlmişik ki, irəliyə doğru gedək, biz geri qayıtmaq istəmirik”. İndi isə Rusiyanın Ukraynada ilişib qalmasına görə irəliyə getmək imkanı var”.

Bunun ardınca Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin müavini Riçard Vermanı qəbul edib. Görüşdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların intnsivləşdirilməsi, müvafiq müqavilənin mümkün qədər tez imzalanması yenidən diqqət mərkəzində olub. Beləliklə, ABŞ rəsmilərinin yanaşması Vaşinqtonun Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tez imzalanmasında maraqlı olduğunu nümayiş etdirir. Sülh müqaviləsinin imzalanması üçün əlverişli zəmin mövcuddur. Hazırda bunu üçün əsas məsələ Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiyaların açılmasıdır. Sərhədlərlə bağlı artıq müəyyən adımlar atılır. Ermənistan kommunikasiyaları da açmağa meyllənir. Qazaxın və Naxçıvanın anklav kəndlərinin qaytarılması isə sülh prosesini tezləşdirmək iqtidarındadır. Üstəlik, nəzərə alınmalıdır ki, Nikol Paşinyan  Konstitusiya İslahatları Şurasına Ermənistanın yeni konstitusiyası üçün layihənin hazırlanmasına göstəriş verib. Şura yeni konstitusiyanın tam mətnini 2027-ci ilin yanvarına qədər hazırlamalıdır. Gözlənilir ki, burada Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları aradan qalxacaq. Amma həmin vaxta qədər Ermənistanla sülh müqaviləsi imzalanması da mümkündür. Belə ki, müqavilədə Ermənistanın qanunvericilik bazasını dəyişdirməsi, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına son qoyacağına dair öhdəlik götürməsi təsbit oluna bilər. Bundan başqa, dünya nəhənglərinin regional qarşıdurmasında Ermənistana “geopolitik alət” rolunun ayrılması da heç kimə sirr deyil. Rusiya və Çin ilə qlobal qarşıdurma vəziyyətində olan Qərb dünyanın müxtəlif strateji regionlarında maraqlarını təmin etməyə çalışır. İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz regionunun yeni geosiyasi transformasiyası fonunda ABŞ Ermənistanı Rusiya orbitindən çıxarmağa çalışır. Bunun üçün də Ermənistanın qonşularla münasibətlərinin normallaşdırılması əsas şərtlərdən biridir. Bu səbəbdən də ABŞ Ermənistnı Azərbaycanla sülh müqaviləsinin imzalanmasını tezləşdirməyə çağırırır. Ermənistanın “Qraparak” qəzetinin yazdığına görə, ABŞ Ermənistan hakimiyyətinə təzyiq edir ki, Azərbaycanla müqavilə mümkün qədər tez imzalansın.

Ramil QULİYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
50
baki-xeber.com

10Mənbələr