Fələstin Əsir və Azad Edilənlər Nazirliyinin İsrail tərəfindən nəzarətə alınan fələstinlilərlə bağlı verdiyi yazılı açıqlama hökumətin Qəzzadakı Media Ofisi tərəfindən açıqlanıb.

İndex.az xəbər verir ki, açıqlamada, İsrail tərəfindən nəzarətə alınan qəzzalılardan 36-nın işgəncə altında öldüyü qeyd edilib.

İsrailin Qəzzaya hücumlarına başladığı 7 oktyabr 2023-cü ildən bu yana həbsdə olan ümumilikdə 54 fələstinlinin həyatını itirdiyi bildirilib.

Nazirliyin açıqlamasında aşağıdakı ifadələr yer alıb:

“İsrail həbsxanalarında məhbusların yaşadıqları fəlakətin miqyası çox böyükdür. Məhkumlar görünməmiş, dəhşətli və qeyri-insani həyat şəraiti ilə üzləşirlər. İsrail Qəzza məhbuslarına qarşı insanlığa qarşı cinayətlər, xüsusilə həbs cinayətləri törətməkdə davam edir. Beynəlxalq qurumların səhlənkarlığı ucbatından , İsrail həbsxanaları minlərlə fələstinli məhbus üçün kütləvi məzarlığa çevrildi”.

Bəyanatda həbs edilən fələstinlilərə qarşı dəfələrlə əl-ayaqlarını bağlamaq, uzun müddət gözlərini bağlamaq, elektrik cərəyanı vurmaq, sistematik ac qalmaq, zəncirlə asmaq, bədənlərini iti alətlə deşmək kimi müxtəlif işgəncələrin həyata keçirildiyi bildirilib.

Həbs edilən fələstinlilərin də tibbi yardımdan məhrum edildiyi, vəhşi itlərin məhbusların üzərinə buraxıldığı bildirilib.