AZ

Baş nazir müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları ilə bağlı qərarlar imzaladı

Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları və onlarla bağlı satınalmaların keçirilməsi Qaydası müəyyənləşib.

Yenicag.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları aşağıdakılardır:

– Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün və əhalinin təcavüzdən qorunması;

– Konstitusiya quruluşunun, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması;

– Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsinin, müdafiəsinin və toxunulmazlığının təmin edilməsi;

– kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi;

– terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə;

– müdafiə sənayesinin inkişafının təmin edilməsi;

– sülhməramlı missiyanın həyata keçirilməsi;

– mühafizə olunan şəxslərin təhlükəsizliyinin təmin edilməsi;

– strateji əhəmiyyətə malik dövlət obyektlərinin, ixrac neft və qaz boru kəmərlərinin və onların infrastruktur obyektlərinin mühafizəsinin təmin edilməsi;

– kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi və kibercinayətkarlığa qarşı mübarizə;

– xüsusi rabitənin və informasiya təhlükəsizliyinin təmin edilməsi;

– məhkumların və həbsdə saxlanılan şəxslərin müşayiəti və mühafizəsi;

– mülki müdafiənin təşkili;

– səfərbərlik və hərbi xidmətə çağırış.

Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları ilə bağlı satınalmaların predmetinə aşağıdakılar aiddir:

– silahların bütün növləri, döyüş sursatları, hərbi təyinatlı texnika, texniki vasitələr, sistemlər, avadanlıqlar, proqram təminatları, lisenziyalar, uçuş aparatları, üzmə vasitələri, maşınlar, alətlər, cihazlar, qurğular, mal-materiallar, dəstləşdiricilər, bunlarla əlaqəli hər növ vasitələr, ehtiyat hissələri, xidmətlər və işlər (istehsal, təmir,modernizasiya, bu istiqamətdə elmi tədqiqat və təcrübi-konstruktor

işləri, texniki servis xidmətləri);

– silah, döyüş sursatı, hərbi texnika və digər hərbi əmlak istehsal etmək üçün avadanlıq;

– silahların, döyüş sursatlarının, hərbi texnikanın və digər hərbi əmlakın hazırlanması məqsədilə istifadə olunan xammal, material və onların komponentləri;

– kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin təmin edilməsi üçün zəruri olan mallar, işlər və xidmətlər;

– hərbi qulluqçuların hərbi geyim forması, əşya əmlakı və ərzaq məhsulları;

– hərbi hissələrin, hərbi şəhərciklərin, hərbi infrastruktur obyektlərinin (bina və (və ya) qurğuların), habelə digər məxfi rejimli obyektlərin (bina və (və ya) qurğuların) layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası), sökülməsi, o cümlədən tikinti meydançasının təşkili, zəruri konstruksiyaların

qurulması, tamamlama və ya abadlıq işləri, müəllif nəzarəti, habelə bunlarla əlaqədar digər xidmətlər və işlər (qazma, geodeziya, mühəndis-axtarış, elmi-konstruktor, geoloji-kəşfiyyat, peykdən çəkiliş, seysmik, elmi tədqiqat işləri, əsas fondlara və vəsaitlərə xidmət göstərilməsi);

– müdafiə sənayesi obyektlərinin (silah, sursat, hərbi texnika və digər hərbi əmlakın istehsalı, təkmilləşdirilməsi, təmiri və utilizasiya üçün sahələrin) inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və sökülməsi;

– beynəlxalq və ölkə səviyyəli hərbi təlimlərin və hərbi yarışların təşkili ilə bağlı satın alınan mallar, işlər və xidmətlər;

– fövqəladə və səfərbərlik ehtiyatlarına tədarük olunan mallar;

– xüsusi prosedurun tətbiq edilməsi şərtilə bu Qaydada göstərilən meyarlar üzrə digər satınalmalar.

***

Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları üçün malların, işlərin və xidmətlərin satın alınmasını həyata keçirən dövlət orqanlarının (qurumlarının) siyahısı müəyyənləşib.

Bu barədə Baş naziri Əli Əsədov qərar imzalayıb.

Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları üçün malların, işlərin və xidmətlərin satın alınmasını həyata keçirən dövlət orqanlarının (qurumlarının) S İ Y A H I S I

1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;

4. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (onun strukturuna daxil olan və ya tabeliyində olan müəssisələr və qurumlar, eləcə də onların strukturuna daxil olan və ya tabeliyində olan müəssisələr);

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayı və Konvoy taboru;

6. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti;

7. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;

8. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti;

9. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti;

10. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;

11. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti;

12. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi;

13. Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi (fövqəladə və səfərbərlik ehtiyatlarının yaradılması üzrə həyata keçirilən satınalmalara münasibətdə).

***

Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan və ya tabeliyində olan müəssisələrə və qurumlara, eləcə də onların strukturuna daxil olan və ya tabeliyində olan müəssisələrə münasibətdə Müdafiə Sənayesi Nazirliyi) tərəfindən satınalma komissiyası yaradılacaq, komissiya onun adından satınalmanı keçirəcək və bu Qaydada nəzərdə tutulan hallarda nəticəsi barədə qərar qəbul edən müvəqqəti işçi qrup kimi fəaliyyət göstərəcək.

Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları və onlarla bağlı satınalmaların keçirilməsi Qaydası” nda əksini tapıb.

Qaydaya əsasən, satınalmalar üzrə biri sədr olmaqla, tək sayda azı 5 (beş) nəfərdən ibarət satınalma komissiyası satınalan təşkilatın nümayəndələrindən formalaşdırılır. Satınalma komissiyasının sədrini və üzvlərini satınalan təşkilatın rəhbəri təyin edir. Satınalma komissiyasının tərkibinə satınalan təşkilatın rəhbərinin müavini, maliyyə, hüquq, daxili nəzarət və təchizat funksiyalarını həyata keçirən struktur bölmələrin rəhbərləri daxil edilir. Satınalma komissiyasının sədri satınalan təşkilatın rəhbərinin müavini olur.

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin və onun strukturuna daxil olan və ya tabeliyində olan müəssisələrə münasibətdə satınalma komissiyası müdafiə sənayesi naziri tərəfindən formalaşdırılır.

Tək sayda azı 5 (beş) nəfərdən ibarət satınalma komissiyasının tərkibinə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Aparatının aidiyyəti struktur bölməsinin rəhbəri də daxil edilir. Satınalma komissiyasının sədri “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru olur.

Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan və ya tabeliyində olan digər müəssisələrə və qurumlara münasibətdə satınalma komissiyası bu Qaydanın tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının müdafiə sənayesi naziri tərəfindən formalaşdırılır və satınalma komissiyasının sədri Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini olur.

Satınalma komissiyası fəaliyyətində müstəqildir, qərarlarını əsaslandırmaqla və bu Qaydanı rəhbər tutmaqla sərbəst qəbul edir. Satınalma komissiyasının iclaslarında, o cümlədən satınalmanın nəticələri haqqında qərar qəbul olunarkən komissiya üzvlərinin azı dörddə üçü iştirak etməlidir. Komissiyanın qərarları komissiya sədrinin iştirakı ilə sadə səs çoxluğu ilə qəbul edilir.

Komissiya üzvlərinin səsvermə zamanı bitərəf qalmasına yol verilmir. Səslər bərabər olduqda, komissiya sədrinin səsi həlledicidir. Satınalma komissiyasına şərtlər toplusunun tərtib olunması, Qanunda göstərilən sənədlərə və təkliflərə baxılması, onların qiymətləndirilməsi məqsədilə Qanunun tələbləri nəzərə alınmaqla kənar məsləhətçilər (ixtisaslı mütəxəssislər və ya ekspertlər) cəlb edilə bilər.

Satınalma komissiyası aşağıdakı qərarlardan birini və ya bir neçəsini qəbul edir:

– şərtlər toplusunun təsdiq edilməsi haqqında;

– şərtlər toplusunda dəyişiklik edilməsi haqqında;

– təchizatçıların satınalmadan kənarlaşdırılması haqqında;

– satınalmanın ləğv edilməsi haqqında;

– təchizatçılar arasında birinci, ikinci və üçüncü yerlərin müəyyənləşdirilməsi haqqında;

– satınalma predmetinin iki və ya daha çox təchizatçı arasında bölünməsi haqqında;

– təkliflərin qiymətləndirilməsi nəzərdə tutulan müddət ərzində başa çatmadıqda, bu müddətin uzadılması haqqında.

Qərarlar onların qəbul olunmasında iştirak etmiş satınalma komissiyasının bütün üzvləri tərəfindən həmin gün imzalanır.

Satınalma komissiyasının qərarları ilə razılaşmayan üzvlər öz xüsusi rəylərini təqdim edərək qərarı imzalayırlar. Xüsusi rəy iki və daha artıq üzvlə birgə və ya fərdi rəylər şəklində tərtib edilə bilər.

Satınalma komissiyası tərəfindən satınalmanın nəticələri haqqında bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən yekun protokol tərtib edilir və komissiyanın bütün üzvləri tərəfindən imzalanır.

Satınalma komissiyasının bütün qərarları protokolla rəsmiləşdirilir. Satınalma komissiyası satınalmaları Qanunun tələbləri nəzərə alınmaqla təşkil edir.

Satınalma komissiyasının sədri və digər üzvləri bu Qayda ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirərkən obyektiv və bitərəf mövqedən çıxış etməlidirlər.

Satınalma komissiyası bu Qaydadan irəli gələn tələbləri pozduqda, təchizatçılar satınalan təşkilatın rəhbərinə (Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan və ya tabeliyində olan müəssisələrə və qurumlara, eləcə də onların strukturuna daxil olan və ya tabeliyində olan müəssisələrə münasibətdə Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinə) müraciət edə bilərlər. Satınalan təşkilatın rəhbəri satınalmanın təşkili və keçirilməsi zamanı bu Qaydanın tələblərinin pozulmasını təsdiqləyərsə, satınalmanın nəticələri ləğv olunur və satınalan təşkilat həmin hal üzrə yeni satınalma keçirir. Bu halda, qəbul olunmuş qərardan fərqlənən xüsusi rəy vermiş komissiya üzvlərindən başqa satınalma komissiyasının sədri və digər üzvləri 5 (beş) il ərzində hər hansı satınalma komissiyasının sədri və ya üzvü olmaq hüququndan məhrum edilirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
20
yenicag.az

10Mənbələr