AZ

YAP nümayəndələri Vladivostokda keçirilən beynəlxalq forumda iştirak ediblər - FOTOLAR

Milli Məclisin deputatları, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu və YAP Təftiş Komissiyası sədrinin müavini Nizami Səfərov iyunun 17-də Rusiya Federasiyasının Vladivostok şəhərində keçirilən “Qlobal əksəriyyət çoxqütblü dünya tərəfdarıdır” mövzusunda siyasi partiyaların beynəlxalq forumunun iclaslarında iştirak ediblər.

"Unikal" xəbər verir ki, “BRICS+” formatında keçirilən və 32 ölkədən 150-dən çox nümayəndənin iştirak etdiyi tədbirin “Dünya dövlətlərinin informasiya məkanında məsuliyyətli davranışı geniş rəqəmsallaşma şəraitində hamının bərabər olduğu dünya düzəninin qurulmasının zəruri şərti kimi” mövzusunda plenar iclasında çıxış edən YAP İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu qeyd edib ki, BMT-nin üzvü olan dövlətlər arasında informasiya məkanında məsuliyyətli davranış prinsipləri haqqında sazişin olmasına baxmayaraq, bu sahədə təhlükəsizliyin təmin edilməsi prinsiplərinin qəsdən pozulması halları tez-tez müşahidə olunur. Onun sözlərinə görə, bəzi güclü ölkələr texnoloji üstünlükdən istifadə edərək öz iradələrini digər dövlətlərə diktə etməyə və onların daxili siyasətinə təsir göstərməyə çalışırlar.

E.Mirbəşiroğlu müstəqil siyasət yürüdən Azərbaycanın informasiya məkanında təhdidlərlə üzləşmək risklərinin yüksək olduğunu vurğulayıb: “Ötən il 1192 xüsusi təhlükəsizlik göstəricisi bloklanıb ki, bu da dövlət qurumlarını məqsədyönlü kiberhücumlardan qorumağa imkan verib. Həmçinin Azərbaycanın domen zonasında qeydiyyatdan keçmiş 97 informasiya resursu kiberhücumlara məruz qalıb. Bu faktlar informasiya məkanında təhlükəsizlik məsələsinin daha ciddi olduğunu göstərir. Müvafiq olaraq, Azərbaycan Respublikasında informasiya təhlükəsizliyinin təmin edilməsi üçün normativ hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi məsələsi daim diqqət mərkəzində saxlanılır. Azərbaycan Prezidenti “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nı təsdiq edib. Bu strategiya ölkənin informasiya məkanının təhdidlərdən qorunması, informasiya təhlükəsizliyi sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi və bu sahədə qarşıda duran vəzifələrin müəyyən edilməsi məqsədilə qəbul edilib”.

O, kibercinayətkarlıqla daha effektiv mübarizə aparmaq üçün ölkələr arasında təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi vurğulayıb.

“BRICS və tərəfdaş ölkələr – dünyanın əksəriyyətini təşkil edən dövlətlər arasında dialoqun inkişafı üçün uğurlu platforma” mövzusunda keçirilən plenar iclasda da çıxış edən E.Mirbəşiroğlu dünyada çoxqütblü sisteminin yaranması prosesinin dönməz xarakter aldığını, belə dünya nizamı çərçivəsində milli dövlətlərin öz maraqlarını və təhlükəsizliklərini daha etibarlı şəkildə təmin etmək imkanına sahib olacaqlarını söyləyib. O xüsusi olaraq qeyd edib ki, Azərbaycan Respublikası hər zaman xalqlar və dövlətlər arasında dialoq mühitinin yaradılması və inkişaf etdirilməsinin tərəfdarıdır, öz təşəbbüsləri ilə buna dəstək olur.

YAP Təftiş Komissiyası sədrinin müavini Nizami Səfərov isə forumun “Bölünməz və bərabər təhlükəsizlik həqiqi və davamlı beynəlxalq sülhün başlıca prinsipidir” mövzusunda plenar iclasında çıxış edərək bəzi dövlətlərin təhlükəsizliyinin digər dövlətlərin təhlükəsizliyi hesabına təmin edilməsinin yolverilməz olduğunu, bu prinsipin bütün səviyyələrdə, o cümlədən regional kontekstdə tətbiqinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, qarşıdurma siyasətindən uzaqlaşmaq, gərginliyin azaldılması, uzun müddət ərzində yığılıb qalmış problemlərin həlli dünyanın müxtəlif regionlarında, o cümlədən Cənubi Qafqazda yerləşən ölkələrin maraqlarına uyğundur.

“Bu gün bizim Azərbaycanla Ermənistan arasında münasibətlərdə mövcud olan, demək olar ki, bütün problemlərin həllini normal diplomatik kanallara çəkmək üçün unikal imkanımız var. Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin başlanması, sülh müqaviləsinin hazırlanması baxımından müvafiq strukturlar vasitəsilə təmasların olması, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin bərpası üzrə üçtərəfli işçi qrupunun iclaslarının keçirilməsi onu göstərir ki, yalnız öz maraqlarını güdən bəzi regiondankənar oyunçuları dövlət sərhədlərinin müəyyənləşdirilməsinə cəlb etmədən birbaşa qarşılıqlı fəaliyyət çoxdan gözlənilən sülhün bərqərar olması və uzunmüddətli beynəlxalq təhlükəsizlik rejiminin formalaşdırılması üçün optimal variantdır”, - deyən N.Səfərov Azərbaycanın tarixi qələbəsi sayəsində Cənubi Qafqazda dayanıqlı sülh və təhlükəsizliyin bərqərar olması üçün əlverişli şəraitin yarandığını vurğulayıb.

Forum çərçivəsində “Millətlərin azadlığı naminə!” – neokolonializmin müasir təcrübəsi ilə mübarizə tərəfdarlarının Forumunun Daimi Komitəsinin ilk əyani iclasında iştirak edən Nizami Səfərov yeni yaradılan Komitənin və onun nəzdindəki ekspert şurasının tərkibinə üzv seçilib.

Daimi Komitə iclasında müstəmləkəçilik dövründə bir sıra xalqlara qarşı törədilmiş cinayətlərə hüquqi qiymət verilməsi və onlara kompensasiya ödənilməsi məsələləri müzakirə edilib, müasir dövrdə dekolonizasiya probleminin hüquqi platformada həll edilməsinin vacibliyi xüsusi vurğulanıb.

İclasda çıxış edən YAP Təftiş Komissiyası sədrinin müavini N.Səfərov Azərbaycanın neokolonializm və onun müxtəlif təzahürlərinə qarşı mübarizə sahəsində gördüyü işlərdən ətraflı bəhs edib. O qeyd edib ki, bugünədək 80 keçmiş koloniya müstəqillik qazansa da, hələ də dünyanın 17 ərazisində yaşayan xalqlar üçün bu proses məntiqi-hüquqi sonluğa çatmayıb.

“Azərbaycan fundamental insan hüquqları və bir sıra xalqların öz müqəddəratını təyinetmə hüququnun pozulmasına qarşı beynəlxalq hüquq çərçivəsində çox ciddi mübarizə aparır. Azərbaycanın təşəbbüsü və səyləri nəticəsində son dövrlərdə bir sıra mühüm beynəlxalq hüquqi sənədlər qəbul edilib. Məsələn, 2018-ci ilin aprel ayında Bakıda keçirilmiş Qoşulmama Hərəkatının aralıq dövr nazirlər konfransının yekun sənədinin “Öz müqəddəratını təyinetmə hüququ və dekolonizasiya” adlı bölməsində BMT-nin Nizamnaməsinə və Baş Assambleyanın 1966-cı il 14 dekabr tarixli qətnaməsinə uyğun olaraq Fransız Polineziyası xalqının öz müqəddəratını təyin etmək üçün ayrılmaz hüququ təsdiq edilmişdir. 2018-ci ildən etibarən BMT Baş Assambleyasının Fransız Polineziyası ilə bağlı qəbul etdiyi bütün qətnamələrdə Bakı konfransının yekun sənədinə istinad olunur”, - deyə N.Səfərov diqqətə çatdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
49
unikal.az

10Mənbələr