AZ

Deputat: "Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayı artır"

Azərbaycana gələn ərəb turistlərin sayında kəskin artım qeydə alınıb. 3 illik azalmadan sonra yenidən Körfəz dövlətlərindən Azərbaycana gələnlərin sayı artmaqdadır. 

İqtisadiyyat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

"Bu ilin ilk 5 ayında əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 1,5 dəfə artaraq 156,3 min nəfərə çatıb. Bu dövrdə Avropa İttifaqından və MDB-dən gələnlərin sayında isə dəfə deyil faiz artımları qeydə alınıb. Körfəz dövlətlərindən gələnlərin sayının artması turizm mövsümünün başlanması və bu istiqamətdə təbliğat-təqdimat tədbirlərinin genişləndirilməsi ilə bağlıdır.

Bütövlükdə, bu ilin yanvar-may aylarında Azərbaycana 965,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,4 faiz çox turist gəlib. Gələnlərin 28,8 faizi Rusiya, 18,2 faizi Türkiyə, 9,4 faizi Hindistan, 9,3 faizi İran, 4,3 faizi Gürcüstan, 3,0 faizi Qazaxıstan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna,  hər birindən 1,3 faiz olmaqla Türkmənistan, Çin və Küveyt, 1,2 faizi Belarus, 12,2 faizi digər ölkələrin vətəndaşları olub". 

Deputat qeyd edib ki, Hindistandan gələn turistlərin sayındakı artımlar bu ölkənin ilk üçlüyə daxil olmasına səbəb olub:

"İndiyədək Azərbaycana ən çox turistin gəldiyi 3 ölkə yalnız qonşu dövlətlər idi.Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 2,8 dəfə, Hindistandan 2,6 dəfə, Cənubi Koreyadan 2,2 dəfə, Qazaxıstandan 1,8 dəfə, Filippindən 1,8 dəfə, İspaniyadan 1,7 dəfə, Səudiyyə Ərəbistanından 1,7 dəfə, Tacikistandan 1,7 dəfə, Qırğızıstandan 1,7 dəfə, Bəhreyndən 1,7 dəfə, Omandan 1,6 dəfə, İrandan 1,5 dəfə artıb.

Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. 2024-cü ilin ilk 5 ayında ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
50
iqtisadiyyat.az

10Mənbələr