AZ

Çində torpaq sürüşmələrində 21 nəfər itkin düşüb, 9 nəfər ölüb

Çində

Pekin, 18 iyun, AZƏRTAC

Çində şiddətli yağışlar səbəbindən baş verən torpaq sürüşmələrində 21 nəfər itkin düşüb, 9 nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, ölkənin şimal-qərbindəki Sincan Uyğur Muxtar Rayonunun Çanci şəhərində baş verən sürüşmədə 4 nəfər itkin düşüb. Yeri fövqəladə hallarla mübarizə departamentinin məlumatına əsasən sürüşmə nəticəsində bir neçə avtomobil torpaq axını altında qalıb. Axtarış-xilasetmə işləri zamanı avtomobildə qalanlar xilas edilsə də, 4 nəfərin taleyindən xəbər yoxdur.

Çinin cənubundakı Quandon əyalətinin Meycou şəhərindəki sürüşmədə isə 5 nəfər ölüb, 15 nəfər itkin düşüb. Axtarış işlərinə helikopterlər də cəlb olunub. İyunun 16-dan başlayan şiddətli yağıntı səbəbindən bəzi yaşayış məntəqələri ilə əlaqə kəsilib. Bəzi məktəblərdə dərslərə fasilə verilib. Hancian çayı hövzəsindəki 17 çayda suyun səviyyəsi təhlükəli həddə çatıb.

Fucien əyalətinin Upin rayonundakı sürüşmə nəticəsində 4 nəfər ölüb, 2 nəfər itkin düşüb. Yağıntının miqdarı 372 millimetrə çatıb. Rayon üzrə 378 evə, 880 hektar əkin sahəsində, 73 kilometr uzunluğunda yola, habelə kommunikasiya xətlərinə ziyan dəyib. Ümumi maddi ziyan 415 milyon yuan (təxminən 57,64 milyon ABŞ dolları) qiymətləndirilir.

Çinin Meteorologiya Mərkəzi bəzi bölgələr üzrə “sarı” səviyyədə yağıntı xəbərdarlığı elan edib. Anhuy, Ciansi, Cıcian, Hubey, Ciansi, Hunan, Quandon əyalətlərində, habelə Şanxay şəhərində və Quansi Cuan Muxtar Rayonunda şiddətli yağışların yeni dalğasının müşahidə olunacağı gözlənilir. Quandon, Hunan və Ciansi vilayətlərində sel və daşqınların olacağı proqnozlaşdırılıb. Meteorologiya Mərkəzi yerli hökumət qurumlarına mümkün fəsadlara hazır olmağı, fermer və balıqçılıq təsərrüfatlarında çalışanlara qabaqlayıcı tədbirlər görməyi tövsiyə edib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
41
azertag.az

10Mənbələr