AZ

Avropanın Rusiyadan qaz asılılığı azalır: Burada Azərbaycanın da payı var - RƏQƏMLƏR

Avropa İttifaqı ölkələrinin Rusiyadan qaz asılılığı azalır. Qaz asılılığının azalmasında Avropada istehlakın azalması və digər ölkələrdən, o cümlədən Azərbaycandan qaz idxalının artması da mühüm rol oynayıb. 


Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, 2023-cü ildə ittifaq ölkələrinin təbii qaz idxalı təxminən 290 milyard kubmetr, istehlakı isə 330 milyard kubmetr olub. 


2021-ci illə müqayisədə Avropa İttifaqına üzv olan ölkələrdə qaz istehlakı 83 milyard kub metr azalıb. İki il əvvəl avropalılar 413 milyard kubmetr qaz istehlak etmişdi. 


İstehlakın azalması idxal qazına olan ehtiyacı da azaldıb. Bunun sayəsində 2021-ci ildə Rusiyadan 150 milyard kubmetr təbii qaz alan ittifaq ölkələri keçən il rus qazının alışını 43 milyard kubmetrə qədər endirib. 


Avropada qaz istehlakının azalması iki səbəblə bağlıdır. Birinci səbəb havaların əvvəlki illərlə müqayisədə isti keçməsidir. İkinci səbəb isə qazdan qənaətlə istifadə olunmasıdır. Buna uyğun olaraq, 2021-ci ildə 413 milyard kubmetr, 2022-ci ildə isə 356 milyard kubmetr qaz istehlak edən Avropa İttifaqı ölkələri ötən il istehlakı 330 milyard kubmetrə sala biliblər. 


İki il əvvəllə müqayisədə ittifaq ölkələrindədə qaz istehlakı 20 faizdən çox azalıb. Avropada qaz istehlakı ilə yanaşı qaz hasilatı da azalır. 2021-ci ildə 51 milyard kubmetr, 2022-ci ildə 47 milyard kubmetr qaz istehsal edən Avropa İttifaqı ölkələri 2023-cü ildə istehsalın həcmini 38 milyard kub metrə endiriblər. 


Ötən il Avropa İttifaqı ölkələri idxal etdiyi qazın 30 faizini Norveçdən, 19 faizini ABŞ-dən, 15 faizini Rusiyadan, 14 faizini Şimali Afrikadan, 7 faizini Azərbaycandan, 6 faizini Böyük Britaniyadan, 5 faizini Qətərdən, 3 faizini Nigeriyadan təmin edib. 


Avropa İttifaqına qaz idxalında Azərbaycanın payı artır. İttifaq ölkələrinin Rusiyaya alternativ mənbələr axtarışları çərçivəsində Azərbaycandan təbii qaz idxalında artım davam edib. 2021-ci ildə Avropa İttifaqı ölkələri Azərbaycandan 8 milyard kubmetr təbii qaz aldığı halda, ötən il idxal həcmi 11 milyard kubmetrə yüksəlib. Azərbaycanın Avropa İttifaqının təbii qaz idxal səbətində payı 3 faizdən 7 faizə yüksəlib.


İttifaq ölkələri enerji təchizatı təhlükəsizliyini təmin etmək və təbii qazı birbaşa Rusiyadan almamaq üçün səylərini davam etdirir. Bu kontekstdə Almaniya və bir çox üzv ölkə LNG idxalına diqqət yetirərkən, digər ölkələr Azərbaycan qazının idxalının artırılmasını ön plana çıxarır.


Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
50
sfera.az

10Mənbələr