AZ

Deputatlar mərhum jurnalist Zülfüqar Hüseynzadə barədə: "Qəlbi Qarabağ, Kəlbəcərlə döyünən bir dostumuz idi..."

Bu gün mərhum jurnalist, Moderator.az saytının təsisçisi Zülfüqar Hüseynzadənin dünyasını dəyişməsindən bir il ötür. 
 
Uzun müddətdir ki, onunla dostluq edən, Moderator.az saytında davamlı olaraq şərhləri yer alan millət vəkilləri bu dəfə Zülfüar Hüseynzadədən danışdılar. Onlar mərhum jurnalistlə bağlı xatirələrini bölüşdülər. 
 
 
Millət vəkili Cavanşir Feyziyev keçən bir ildə mətbuatda Zülfüqar Hüseynzadənin yoxluğundan bəhs etdi:
 
"Bir il keçdi. Bizə  göz qırpımı kimi qısa görünən bir il Zülfüqar Hüseynzadə üçün böyük bir vaxt imkanı və bir çox işlər görmək üçün fürsət idi. Bu bir ildə o nələr edə bilərdi?!  Daim axtarışda və yanlış hesab etdiyi nəsnələri dəyişmək arzusunda olan Zülfüqar Hüseynzadə ilin hər gününü və həyatın hər anını cəmiyyət üçün faydalı olmağa çalışırdı. Düşüncələrində bir çox çıxılmazlıqlardan çıxış yolu tapır və onu həvəslə bölüşürdü. Tələsirdi. Həyatda və cəmiyyətdə hər şeyin  ideal düzəndə olmasını istəyirdi. Öz fikirlərini mübahisə və müzakirə meydanına çıxarmaqdan çəkinmirdi. Cəmiyyət üçün problem hesab etdiyi məsələləri diqqətlə araşdırır, təmkinlə və təkzibolunmaz məntiqlə öz oxucusuna və ya müsahibinə təqdim edə bilirdi. Daha çox neqativ hallar haqqında düşünsə də təbiətən və ruhən çox nikbin insan idi və bütün çətinliklərin və çatışmazlıqların tamamilə aradan qaldırıla biləcəyinə inanırdı. Heç vaxt torpaqlarımızın işğaldan azad olunacağına zərrə qədər də şübhə etməmişdi. Xoş xəyallarının addım- addım gerçəkləşdiyi 44 gün bəlkə də Zülfüqarın həyatında ən xoşbəxt günlər idi. Çox sevinirdi və tələsirdi. Tələsirdi ki, doğulub böyüdüyü Kəlbəcər azad olunsun. Tələsirdi ki, Kəlbəcərə qayıtsın və nə vaxtsa düşmən təcavüzünün yarımçıq qoyduğu gənclik illərinin arzularına doğma torpağında qovuşsun. Həyatının ən böyük arzusunun gerçəkləşdiyini görmək üçün Kəlbəcərə getdi. Ata ocağını ziyarət etdi və qayıtmadı. Zülfüqar orada qaldı. Onu sevən doğmalarının, dostlarının, məsləkdaşlarının və həmkarlarının qəlbini  acı təəssüflə yandırdı. Amma bu gedər- gəlməzlikdə  bir hikmət və bir təsəlli var. Zülfüqar məhz orada  və məhz o zaman özünü dünyanın ən xoşbəxti hiss etmişdi. Həyatının ən böyük arzusuna qovuşmuşdu. Həyat, arzu - xəyal, torpaq, vətən və ata ocağı. Zülfüqar müqəddəs saydığı hər şeyin bir arada olduğu anda və məkanda həyata “əlvida” dedi və ən böyük sevgisinə - doğma torpağına qovuşdu. Allah rəhmət eləsin! Xatirəsi hər zaman əzizdir".
 
 
Tanınmış deputat Qüdrət Həsənquluyev Zülfüqar Hüseynlinin vaxtsız ölümünün hər kəsi məyus etdiyini bildirdi: 
“Zülfüqar bəy çox tez bizi tərk etdi. Onun özü boyda bir ürəyi vardı. Allah onu xeyirxah əməllər üçün yaratmışdı. Çalışırdı ki, ehtiyacı olan insanlara kömək etsin. İnsanların dərdinə şərik olmağı bacarırdı. Etibarlı dost, peşəsinə sadiq bir insan idi. İstedalı jurnalist, böyük vətənpərvər bir vətəndaş, dost kimi hər zaman qəlbimizdə yaşayacaq. Qəlbi Qarabağ, Kəlbəcərlə döyünən bir dostumuz bu gün bir ildir ki, aramızda yoxdur. Təklif edirəm ki, mətbuatda onun adına mükafat təsis olunmalıdı. Çünki onun kimi insanlar vətənpərvərlik nümunəsi idi. Allah ruhunu şad etsin”.
 
Deputat Əli Məsimli bildirdi ki, Zülfüqar Hüseynzadənin qəfil vəfatı onu tanıyanları çox  sarsıdıb:
 
“Mənim Zülfüqar Hüseynzadə ilə yaxından tanışlığım Milli Məclisdə fəaliyytim dövründən  başlandı. Bu  tanışlıq  əvvəlcə uzun illərin yaradıcı  əməkdaşlığına çevrildi. Mənim Milli Məclisdəkı çıxışlarımın əksəriyyəti  Moderator.az-da dərc edilirdi. Milli Məclisdə hətta qısa zaman kəsiyində çıxışım olmayanda, Zülfüqar mənə mesaj yazırdı ki, ”qardaş, xeyli vaxtdır bizim saytımızda çıxış etmirsən, saytmız darıxıb”.
Özü  hansısa  aktual, düşündürücü bir sosial-iqtisadi məsələyə və ya hadisəyə dair baxışlarını göndərir və və onun ətrafında fikir mübadiləsi təklif edirdi. Mənim Moderator.az-da Milli Məclisdəki çıxışlarımdan əlavə çıxan iri həcmli yazı və müsahibələrim belə yaranırdı...
 Zülfüqar Hüseynzadənin  bir  səxsiyyt və peşəkar  media mənsubu kimi  fəaliyyəti və davranışları  daxili məntiqi əlaqəli olub, bir-birini tammalayırdı. O, mahiyyətcə sadə,səmimi və  təbii, təbii olduğu qədər  də həm də  olduğu kimi görünən və göründüyü kimi olan bir insan idi. Bu xüsusiyyətlər ona ətrafdakıların  böyük rəğbətini  yaratmaqla yanaşı, həm də onun ətrafında böyük dost çevrəsi gətirmişdi. Moderator.az on yaşını qeyd edəndə düzənlənən tədbirdə iştirak edənlərin timsalında bu,çox aydın görünürdü.  Bizim münasibətlərimiz də yaradıcı əməkdaşlıq münasibətlərindən  təbii dostluq münasibətinə çevrilmişdi. Bir-birimizə “qardaş” deyə  müraciət edirdik.  
      Zülfüqar Hüseynzadə  vətənpərvər, etibarlı insan, yaxşı dost, səmimi insan olmaqla yanaşı. həm də peşəkar,savadlı,  öz işini yaxşı bilən,imzasını təsdiq etməyi bacaran tanınmış  jurnalist idi.. Zülfüqar Hüseynzadənin  fəaliyyətində Qarabağ mövzusunun, dədə-baba torpaqlarımızın işğalı ilə barışmaz mövqeyinin və ərazilərimizin  düşmən tapdağından mütləq azad olacağı  inamının  hər zaman  prioritet təşkil etməsi və bu əsasda rəhbərlik etdiyi "Moderator.az" saytının  sözügedən yöndə fəaliyyətinin  çox fərqlənməsi  mənim ona rəğbətimi daha da artırırdı.
       "Moderator.az” saytının Azərbaycanın media məkanında özünəməxsus layiqli yeri, dəst-xətti var. Moderator.az” yenə də həmin dəst-xətti  sadiq olaraq cəmiyyət üçün aktual, düşündürücü, ciddi analitik məzmunu ilə  diqqət çəkən mövzulara üstünlük  verməklə,siyasi baxışlarından asılı olmayaraq öz səhifələrində hamıya söz demək  haqqı verməklə öz fəaliyyətini davam etdirir. Moderator.az”-ın yeni rəhbərliyinin Zülfüqar bəyin dostlarına səmimi münasibti də təqdirəlayiqdir.
Zülfüqar Hüseynzadənin xatirəsi bizlərin, onu tanıyanların qəlbində  hər zaman böyük sayğı və sevgi ilə qalacaq".
 
 
Milli Məclisin üzvü Vahid Əhmədov onunla bağlı xatirələrindən danışdı:
“Zülfüqar haqqında ən əziz, doğma sözləri seçsəm belə azdır. O, dövlətini, millətini sevən bir insan olub. Bizim onunla çox görüşlərimiz olub,  hər zaman söhbət əsnasında müharibə ilə bağlı danışardı, doğulduğu yerə çox bağlı  idi. Müharibə ilə bağlı müzakirələrimizdə həmişə “bu müharibə nə zaman başa çataqaq?”, - deyə narahatlığını bildirirdi. Çox istəyirdi ki, gedib öz doğulduğu yerdə yaşasın. Zülüfüqar olduqca fədakar jurnalist, eyi zamanda qorxusuz, demokratik fikirli insan idi.  Onun yazıları xüsusi ilə köşə yazıları hər zaman diqqət mərkəzində olardı. Mən onun yazılarını  hər zaman sevə-sevə oxuyurdum.
Mərhum dostumuz dünyasını dəyişməmişdən iki gün öncə görüşmüşdük. Deyirdi ki, vətənə gedirəm. Getdi və qismət elə gətirdi ki, orada həyatla vidalaşdı. Bəlkə də vətənə, doğulduğu yerə irəli gələn sevgisindən elə Kəlbəcərdə dünyasını dəyişdi. Ürək ağrısından əziyyət çəkirdi, buna qarşı müalicə də alırdı, amma həyatdır, Allah hər kəsə bir ömür payı verir. Mən deyərdim ki, Zülfüqar şərəfli bir ömür yaşadı. O, Azərbaycanın müstəqilliyi dövründə də mübarizə aparan şəxslərdən biri olub. Zülfüqar məqalələrində müstəqillk,  azadlıq uğrunda ciddi işlər görən jurnalist kimi sözünü deməyi bacarmışdı. Elə fəaliyyət göstərdiyi saytda da daha çox yeri hərbi məsələlərə verirdi, bunların hamsını mən izləyirdim, görüşlərimiz olurdu təəssüf hissi ilə qeyd edirəm ki, aramızdan  çox tez getdi. Allah rəhmət eləsin”.
 
 
Milli Məclisin üzvü Arzu Nağıyev mərhumu belə xatırlayıb:
“Zülfüqardan danışarkən onun yazıları, dəst-xətti, hər zaman göz önünə gəlir. Azərbaycan jurnalistkasında öz stili, istiqaməti  olan, eyni zamanda reportajı, öz fikirlərini, ideyalarını ortaya qoymaq bacarığı olan yazar kimi yadaşlarda qalıb.  Əsas məqam odur ki, çox ciddi məsələlərin istər iqtisadi, siyasi,  hərbi və digər müəlumatları onunla təhlil etdikdə bütün istiqamətlərdə yüksək səviyyəli biliklərə sahib olduğu hiss olunurdu. Düşünürəm ki, onun yaratdığı Moderator.az saytı hamı üçün açıq olan bir müstəvi, kütləvi informsasiya vasitəsidir. Zülfüqarla vətən müharibəsi ilə bağlı çox genişmiqyaslı müzakirələrimiz, araşdırmalarımız olub. Vətən onun üçün ən yüksəkdə duran bir amal idi. Hər zaman Kəlbəcər, öz doğulduğu torpaqla bağlı bütün prosesləri izləyir, tezliklə vətənə qayıtmaq eşqi ilə yaşayırdı. Biz Zülfüqarla İctimai Nəzarət şurasının üzvü kimi Bakı Dövlət Universitetində bir yerdə fikirlər səsləndirərək, müzakirələr aparmışıq, eyni zamanda Azərbaycan İqtisad  Universitetində birgə fəaliyyətimiz olub. Yəni Zülfüqarla hər hansı bir məsələni təhlil etmək müəyən nəticələr çıxarmaq xoş idi. O, gözəl ailə başcısı, gözəl dost idi. Ruhu şad olsun.  Allah ailəsinə can sağlığı versin. Zülfüqar aramızda olmasa da onun ruhu bizimlədir. Zülfüqarın yeri istər Azərbaycan mətbuatında, istərsə də dostlar arasında hər zaman görünür. Düşünürəm o, özü olmasada onun fikirləri, ideyaları dostları, övladları üçün örnək olacaq. Bu gün Zülfüqarın anım günüdür, Allah rəhmət eləsin. Biz də onun dostları kimi, ailəsi, övladları ilə bağlı istənilən addımı atmağa hazırıq. Ruhu şad olsun”.
 
 
Milli Məclisin deputatı Zahid Oruc isə bildirib ki, Zülfüqar Hüseynzadə Azərbaycan jurnalistikasının parlaq simalarından, imzalarından biri olub:
 “20 ildən çox dövür keçir ki, onu tanıyırdım və parlamentdə hər zaman sadəliyi, mehribanlığı  insanlığı, yüksək mədəniyyəti ilə fərqlənirdi.
Şəxsi ünsiyyətimizdə mən hər zaman ondan ictimai problemlərə həssaslıq, sadə vətəndaşların qayğıları ilə yaşamaq və onları hər zaman tribunaya gətirməsinə paralel olaraq dövlət və dövlətçilik ənənələrini yüksək tutduğunun şahidi olmuşuq.  Həmişə bizimlə fikirlərini bölüşəndə Kəlbəcər, Murov dağı, işğalda olan torpaqlarımızı bir qırmızı xətt kimi onun gözlərinin önündən keçirdi. Özü böyüklükdə bir vətən idi Zülfüqar Hüseynzadə. Ona görə ki, həqiqətən hər danışığı sözdə, fikirdə, baxışında, qələmə aldığı yüzlərlə məqaləsində, çıxışlarında hansısa bir ictimai tədbirdə mövqeyini bölüşəndə düşmənə qarşı barışmaz və prinsipial mübarizədən bəhs edərdi.
 Zülfüqar Hüseynzadə Qarabağ müharibəsində bütün varlığı ilə illərlə iştirak etmiş simalardan biridir. Bəlkə də rəmzi mənada onun Kəlbəcər  torpağını, azadlığını görəndən sonra elə cismən qovuşması mənəvi və ya qələminin şəhidliyinin ifadəsi olmaqla burada bir ilahi qanuna uyğunluq var idi. Çox istədiyi torpağa qovuşmuş oldu. Müxtəlif məsələləri o,  həyacanla vətəndaş yanğısı ilə qələmə alanda, bir bölgənin  problemini  icdimailəşdirəndə sanki daha çox içində onu yaşadığını, qəlbən qəbul etdiyini görürdüm. 
Zülfüqar Hüseynzadə özünün qısa ömründə o qədər yazdı- yaratdı, böyük işlərə imza atdı. Düşünürəm onun qələm dostları, onu tanıyanlar  deyirlər ki, bu insanın xatirəsi bizim qəlbimizdə hər zaman yaşayacaq. Kəlbəcər torpağında onun büstü qoyulanda, xatirə lövhəsi olanda və on minlərlə insanlar doğma yurd-yuvalarına dönəndə, Kəlbəcər ziyarət olunanda  hər zaman Zülfüqar Hüseynzadə onların sırasında öz şərəfli və parlaq yerini göstərəcək. Fikrimcə, yeni  qələm adamlarının formalaşmasında istedadlı insanların formalaşmasında parlaq bir obraz kimi çıxış edəcək. 
Zülfüqar Hüseynzadə özü Kəlbəcər, Murovdağı uca məqamlı bir insan idi.  Hər insanın bu həyatda gəlib çatdığı yer var. Zülfüqarın ömrü bitsə də qəlbimizdə yaşayacaq. Ruhunu böyük ehtiramla anıram, əminəm ki, Zülfüqar Hüseyinzadə haqqında hər kəs sevgi və sayqı dolu xatirələrlə zəngindir".
 
 
 Milli Məclisin deputatı Azay Quliyev isə bildirib ki, onunla dostluğu uzun müddətdir davam edir: 
“Mənim üçün çox dəyərli və qiymətli şəxsiyyət idi. Mən Zülfüqarı iki istiqamətdə daha yaxından tanıdım QHT-sədri, həmçinin parlament  jurnalisti kimi. Zülfüqar mənim yaddaşımda dövlətini, millətini sevən biri kimi qalıb. Hər hansı bir məsələ haqqında danışanda mənliyini, qürurunu  qoruyaraq çıxış edirdi.  Səmimi olaraq qeyd edim ki, Zülfüqar haqqında ancaq gözəl sözlər deyə bilərəm. Təəssüflər olsun ki, insanlar bir-birinin qədrini  bu dünyadan getdikdən sonra bilirlər və xoş sözlər deməyə çalışırlar, amma inanın bu sözlər onun yox olduğu üçün deyil, o sağlığında bu sözləri qazanmış bir şəxsiyyət idi. Onunla danışanda gözlərindəki nuru, həyata sevgisini, yaşamaq yaratmaq eşqini görmək mümkün idi. Ona görə Zülfüqar Hüseynzadə müsbət insan kimi yaddaşımda qalıb. 
Öz çəkisi olan bir sayt yaratmaq, onu böyük bir auditoriyaya təqdim etmək asan məsələ deyildi. O, jurnalist etikasını, peşəkarlığını heç nəyə qurban verməzdi. Zülfüqar insan kimi də çox gözəl insan idi. O öz dürüstlüyü ilə hər zaman  kütlə və dostlar arasında çox böyük hörmət qazanıb. QHT-ilə bağlı özünün təhşkilatı var idi, ətraflı xatırlamasam da bilirəm ki, bu sahədə də işgüzarlığını nümayiş etdirib.
Bunların ən başlıcası mən onu gözəl qələm sahibi olan jurnalist kimi xatırlayıram. Allah rəhmət elənin, Siz də sağolun ki, Zülfüqar Hüseynzadənin dəsti xəttini, onun yaratdığı, özünəməxsus stili qoruyub saxlayır, eyni ilə davam edirsiniz. Fikrimcə, onun ruhu da belə rahatlıq tapır. Zülfüqardan sonra da onun işi davam edir. Sonda demək istəyirəm ki, insanların dəyərini vaxtında bilmək lazımdır”. 
 
Milli Məclisin üzvü Aqil Məmmədovun sözlərinə görə, Zülfüqar Hüseynzadəni  9 ildir ki, tanıyırmış:
“İlk  görüşümüzdən çox müsbət auralı, səmimi, mehriban insan olduğunu hiss etdim. Zülfüqar istər həyatda, istər peşəsində təmənnasız insan idi. Biz onunla çox tədbirlərdə işdirak etmişik. Samux rayonuda onunla birlikdə şəhid yaslarına gedib, dəfələrə şəhid ailələrini ziyarət etmişik, Heç gözləməzdim ki, onun bu yaradıcılığı media sahəsində  həyat  fəaliyyəti belə tez başa çatsın. Zülfüqar eyni zamanda işini bilən insan olub, eyni zamanda insanlar arasında xüsusi rəğbət qazanıb. Ömrü belə qısa olsa da, fikrimcə, qocaman ömür yaşayan insanlardan daha çox yaddaşlarda qalıb. Onun ölüm xəbəri sarsıdıcı oldu. Zülfüqarın gedib öz torpağında vəfat etməsi Allahın ona verdiyi bir şans idi. Çünki o torpağını çox sevirdi. Zülfuqarın peşəkarlığı, ədaləti, sözlərlə ifadə edilə bilməz. Hər zaman çalışırdı. Qarabağ müharibəsi dövründə gücünün yetdiyi qətər həqiqətlərini ictimaiyyətin diqqətinə çatdırmağa çalışırdı. Sadə insanların fikirlərinin mediada işıqlandırılması haqqı-ədaləti qorumaq onun əsas prinsipal mövqeyi idi. Zülfüqar haqqında danışanda ancaq xoş xatirələr, insanlıq dolu bir şəxsiyyət yada düşür. Allah rəmət eləsin”.
 
 
 
Millət Məclisin deputatı Fazil Mustafa Zülfüqar Hüseyinzadənin vəfatından sarsıldığını deyjb:
“ Zülfüqar mediyada öz dəsti-xətti ilə seçilən bir insan idi, mən moderatır.az saytına ən operativ sayt kimi bir ad qoymuşdum. “Facebook”da bir status paylaşan kimi dərhal moderatır.az-da  işıqlanırdı, diqqət çəkən yazıları peşəkar baxışı ilə diqqətindən yayındırmırdı. Bu onun mediada ortaya qoyduğu çox fərqli bir üslub idi. İstənilən vaxt onunla hər hansı bir məsələ üzrə mübahisə və ya müzakirə insana zövq verirdi. Çünki özünün bir baxışı vardı. Hər mövzuya toxunarkən çalışırdı ki, söhbət əsasında Azərbaycanın maraqlarından kənar heç bir addım olmasın, iradlarını bildirir, sevdiklərini rahatlıqla söyləyə bilirdi. Açıq sözlü, zəngin fikirli olduğu üçün sayt rəhbəri olaraqda özünə məxsus bir üsluba sahib idi. Ona görə də Zülfüqarın xidmətləri bu sahədə kifayət qədər böyükdür. O, həm də bir vətənpərvər öz doğma ocağını həyatı ilə birlikdə yaşadan insan idi. Sanki Kəlbəcəri də özü ilə birlikdə Bakıya gətirmişdi. Zülfüqar doğma kəndinin ruhunu özündə daşıyan mənim tanıdığım çox az obrazlardan biri olub. Vəfatı da sanki öz arzusuna uyğun baş verdi. Elə bil gözləyirdi ki, Qarabağ azad olsun və o vəfat etsin. Cavan yaşda həyatını itirmək, təbii ki, insana çox ağır zərbə vurur. Amma ölümün özündə bir xoşbəxtliyi daşıyan insan idi.  Zülfüqar öz istədiyi yerdə  dünyasını dəyişdi və onun bu vəfatı çox düşündürücüdür. Zülfüqar bəlkədə hər şeydən çox arzulamışdı ki, o torpaqlarda rahat ölsun.
Onun Milli Məclisdə faliyyəti, bütün deputatlarla, ümumilikdə insanlarla çox gözəl təmas qurması ürək açan birhal idi. Biz onu hər zaman bele kommunukasiyalı, insansevər biri kimi xatırlayacağıq və unutmayacağıq. Mən Zülfüqar Hüseyinzadəni bir tale adamı hesab edirəm.
Tale adamlarında standart həyat olmur, onların həyatlarında özlərindən sonra müzakirə etməyə, müraciət etməyə bir tale qoyub gedirlər. O bu dünyada öz taleyini qoyub getdi. Zülfüqarı xatırladıqca biz o taleyi də  gözdən keçirəcəyik və ona böyük ehtiramımızı əsirgəməyəcəyik”.
 
 
 Xəyalə Rəis 
 Moderator.az 
 
 
 
 
 
 
 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
1
moderator.az

10Mənbələr