AZ

Şəhid ailələrinin hüquqları artırılır

Dövlətin xüsusi diqqəti sayəsində şəhid ailələri 20 adda təminat və sosial qayğı ilə əhatə olunublar

Milli Məclisdə müzakirəyə çıxarılan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna dəyişiklik layihəsi ilk oxunuşda qəbul edilib. Sənəd şəhid ailəsinin üzvlərinə münasibətdə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotun saxlanılması ilə bağlı dəyişikliyi nəzərdə tutur. Belə ki, hazırkı qanunvericilik sənədində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması və yaxud saxlanılmaması ilə bağlı müddəa nəzərdə tutulmayıb. Bu isə  yaşayış sahəsinin uçotu ilə bağlı bir sıra uyğunsuzluqlara yol açır. Sözügedən qanun layihəsinə dəyişikliklər də məhz həmin kateqoriyaya aid olan subyektlərin mənzil şəraitinin yaxşılaşdırılması və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınma üzrə normativ tənzimləmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Beləliklə, qanunvericiliyin təkmilləşdirilməsindən sonra mövcud uyğunsuzluqlar tam aradan qalxmış olacaq və şəhid ailələrinin hüquqları artırılacaq.

Bu addım şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının daim yaxşılaşdırılması ilə bağlı ölkə Prezidentinin bilavasitə rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm təzahürlərindən biri hesab oluna bilər. 

Şəhid ailələrinin üzvlərinin etibarlı və fasiləsiz sosial müdafiəsi, mənzil-məişət şəraitlərinin və sosial şəraitlərinin yaxşılaşdırılması, müxtəlif güzəştlərin tətbiqinin artırılması dövlətimizin yürütdüyü sosial siyasətin ən başlıca istiqamətlərindən birini təşkil etdiyindən sosial təminat sahəsində ilk tədbirlər məhz onlar üçün nəzərdə tutulur. 

Dövlətimizin ərazi bütövlüyümüzün təmin olunmasında canını fəda etmiş şəhidlərimizin ailələrinə əlavə güzəştlərin edilməsi üçün qanunvericilikdə bir neçə dəfə dəyişikliklər olunub. Ötən illərdə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna bir neçə dəfə dəyişikliklər edilib. Həmin dəyişikliklərə əsasən, ailəsinin üzvü hesab edilmə halları artırılıb. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar da həmin təhsil müəssisələrini və elmi təşkilatların magistratura səviyyəsini bitirənədək şəhid ailəsinin üzvləri hesab ediliblər.

Həmçinin, ötən illərdə qanunda edilmiş digər dəyişikliyə əsasən, şəhid ailəsi statusunu almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada təminatların verilməsi halları artırılıb. Belə ki, dəyişikliyə əsasən, yalnız orta peşə-ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alanlar deyil, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alanlar da təhsil haqqını ödəməkdən azad olunublar.

44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfərdən sonra bu istiqamətdə daha əhatəli sosial əhəmiyyətli addımlar atılıb, büdcənin imkanları artdıqca bu sosial kateqoriayaya aid şəxslərin müavinətlərinin artımı həyata keçirilib. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” fərmanda da dəyişiklik edilərək şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 500 manatdan 600 manata qaldırılıb. Bundan başqa, şəhid ailələrinə Prezident təqaüdü, şəhidin pensiya hüququ olduqda ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiya, pensiya hüququ olmadıqda isə ailə başçısını itirməyə görə hər bir ailə üzvünə müavinət müəyyən edilib. 

Şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin elektron reyestiri yaradılıb ki, bu da həmin şəxslər barədə vahid informasiya bazasının təmin edilməsinə və daha çevik və operativ sosial xidmətlər göstərməyə imkan verməkdədir. 

Həmçinin, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və qanunlarda, Əmək və Vergi Məcəllələrinə dəyişikliklər edilməsi nəticəsində sosial güzəştlər tətbiq olulub. Belə ki, 2023-cü il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biri də şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının və ərlərinin və övladlarının vergi tutulmalı olan aylıq gəlirləri, əməkhaqqı gəlirləri ilə bağlı 800 manat məbləğində vergi güzəştinin verilməsidir. 

Beləliklə, çoxşaxəli sosial müdafiə tədbirləri nəticəsində hazırda 20 adda təminat və sosial qayğı ilə əhatə olunmuş şəhid ailələrinin davamlı olaraq bütün problemləri, o cümlədən mənzil qayğıları dövlətin xüsusi nəzarətində saxlanılmaqla ardıcıl qaydada öz həllini tapır. Dövlət şəhid ailələrinin sosial müdafiəsi istiqamətində sistemli tədbirləri həyata keçirərək qanunvericilikdə hansısa boşluqlar olduqda dərhal onların həllinə nail olur. 

ELBRUS

Seçilən
152
yeniazerbaycan.com

1Mənbələr