AZ

Səməd Seyidov: Bu gün tamamilə başqa bir Azərbaycanın, Türk dünyasının şahidiyik

Səməd

Şuşa, 15 iyun, AZƏRTAC

Bu gün tarixi gündür. Bu gün tamamilə başqa bir Azərbaycanın, Türk dünyasının şahidiyik. Təsadüfü deyil ki, bizim bu üçüncü sessiyamız “Türk dünyası-2040”: gələcəyə konseptual baxış” adlandırılır. Bundan öncəki hər iki sessiya gələcəyə baxışla bağlı idi. Hər iki sessiyada dərin, məzmunlu, vacib əhəmiyyətli məsələlər müzakirə edildi.

AZƏRTAC xəbər verir ki, bunu “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Türk dünyası-2040”: gələcəyə konseptual baxış” mövzusunda üçüncü plenar sessiyanın moderatoru, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

O qeyd edib ki, bu gün dünya öz istiqamətində, öz inkişafında, öz çağırışlarında, öz təhdidlərində, öz problemlərində strateji təhlil və konseptual baxış tələb edir: “Atdığımız hər bir addım, hər bir nəticə məhz strateji təhlil nöqteyi-nəzərdən həyata keçirilir. Bunun da kökü var: Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin siyasəti. Türk dövlətləri rəhbərlərinin, prezidentlərinin görüşləri, gələcəyə baxışları”.

Səməd Seyidov deyib ki, 2009-cu ildə yaradılmış qurum məhz strateji və konseptual baxış nəticəsində 2021-ci ildə Türk Dövlətləri Təşkilatı zirvəsinə yüksəlib.

“Müharibədə 44 gün ərzində qalib gələn Azərbaycan illər boyu strateji siyasət aparırdı, konseptual yanaşmalar gündəmə gətirirdi. Təsəvvür edin, müharibə qutarandan, cəmi bir neçə ay keçəndən sonra müqəddəs Şuşada Şuşa Bəyannaməsi imzalandı. Bu Bəyannamə strateji baxış fəlsəfəsidir. Gələcəyə baxış fəlsəfəsidir. Konseptual yanaşma fəlsəfəsidir. Bu, mənzərəni tamamilə dəyişir. Dünyada Türk dünyasının mövcudluğunu dəyişir. Üstündən bir neçə müddət keçəndən sonra İstanbulda Zirvə toplantısında “2040 – dünyaya strateji baxış” adlandırılan, mühüm strateji əhəmiyyət kəsb edən sənəd qəbul olunur. O sənədin içərisində bu gün müzakirə etdiyimiz demək olar ki, bütün mövzular əhatəsini tapıb. Orada dörd əsas istiqamət tapa bilərsiniz. Birincisi, xarici siyasət, ümumiyyətlə, siyasət və təhlükəsizlik. Bu gün bu haqa bütün məsələlər müzakirə olundu. İkincisi, iqtisadiyyat, bu məsələlər də müzakirə olunacaq. Üçüncüsü, xalqlarımız arasında əlaqələr, onların yaxınlaşması, bu gün Şimali Kiprin burada olması, bizim ailəmizin üzvü kimi fəaliyyət göstərməsi, çıxış etməsi bu siyasətin, bu strategiyanın nəticəsidir. Nəhayət, dördüncüsü, dünya dillərində danışmaq, dünya ilə ünsiyyət qurmaq, dünyanı Türk dünyasına yaxınlaşdırmaq və Türk dünyasını dünyaya açmaq siyasətidir”, - deyə S.Seyidov bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
2
azertag.az

10Mənbələr