AZ

700 bal toplayan ŞƏKİ MƏKTƏBLİSİ – Onun gələcək hədəfi nədir? – FOTO

Vəd verdi və sözünü tutdu. Söhbət I ixtisas qrupu üzrə 700 bal toplayan Şəki məktəblisi Zərifə İlyasovadan gedir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, haqqında söhbət açacağımız yeniyetmə dünənin məzunu, bu günün tələbəsidir.

O, 9-cu sinifdən bu yana riyaziyyat fənni ilə bağlı youtube kanalı açıb və sinif yoldaşlarına eləcə də digər həmyaşıdlarına bu sahədə dərsləri izah edərək üzərində işləyib.

Zərifə Şəki şəhər 18 nömrəli tam orta məktəbin keçmiş məzunudur. O, buraxılış imtahanlarında 300 ballıq maksimum nəticə göstərib. Bir neçə ay əvvəl ilk dəfə onu tanıyarkən və müsahibə alarkən inanmışdıq ki, Zərifə bu uğurunu blok imtahanında da təkrarlayacaq.

Və budur, ötən gün Dövlət İmtahan Mərkəzinin açıqladığı siyahıda Zərifə ölkə birincisi kimi yenidən gündəmə gəldi.

Zərifənin hədəfi bəllidir.

ADA Universitetinə qəbul olmaq, daha sonra Beynəlxalq proqram və layihələrə qoşularaq təhsilini davam etdirmək, Azərbaycanı “big-data” sahəsində tanıtmaq...

“Gələcəkdə “big-data” sahəsi üzrə mütəxəssisləşmək istəyirəm və yaxşı bir kadr olaraq yetişməyi planlayıram. Azərbaycanda kompüter, riyaziyyat sahəsində bir çox ali təhsil müəssisələri var və onlar heç də xarici ölkələrdən geri qalmır” deyən müsahibim artıq öz seçimini edib.

Bəs görəsən, Respublika birincisi olan Zərifənin gələcəklə bağlı planları nədir?

“Gələcək məqsədim xarici şirkətlərdə data analitik kimi fəaliyyət göstərməkdir. Çünki informasiya texnologiyaları günü-gündən inkişaf edir və “big-data” üzrə analiz, “big-data” biznes analitikası sahələrinə ciddi ehtiyac yaranacaq” deyən Zərifə ilk növbədə riyaziyyat ixtisası üzrə təhsil alacağını, daha sonra digər arzularını reallaşdıracağını söyləyir.

Zərifə ilə söhbətdən bəlli olur ki, onun təhsil aldığı sinfin daha beş şagirdi qəbul imtahanlarında 600-dən yuxarı, on nəfər isə 500-dən yuxarı bal toplayıb.






Tural Rasim oğılu, Bizim.Media, Şimal-Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
15
bizim.media

10Mənbələr