AZ

Paşinyan onlara “fərari”, Şahramanyan “canlı girov” dedi- kim haqlıdır...

Image

Bəhruz Quliyev: “Mən deyərdim ki, hər ikisi növbəti dəfə səhvə, hətta cinayətə yol verir”

Qondarma və artıq özünü buraxdığını elan edən keçmiş “Arsax”ın Bakıda həbsdə olan quldur, separatçı “lider”lərinə Ermənistanın siyasi dairələrində münasibət birmənalı deyil. Ermənistanın həm müxalifət, həm də iqtidar komandalarında təmsil olunanların əksəriyyəti 

törətdikləri müharibə cinayətlərinə görə hazırda Bakıda həbsdə olan quldur dəstənin keçmiş başçılarından imtina edib. 

Özünü buraxmış “Artsax”ın saxta “prezidenti” Samvel Şahramanyan uzun müddət idi ki, görsənmirdi, Ermənistanın Baş naziri Nikol Paşinyanın separatçılar barədə dediklərindən sonra üzə çıxıb jurnalistlərə açıqlama verib. 

Belə ki, N.Paşinyan parlamentin noyabrın 12-də keçirilən iclasında Bakıda həbsdə olan separatçı dəstənin keçmiş rəhbərlərini mahiyyətcə fərari adlandırıb. Paşinyanın onları fərari adlandırması  Samvel Şahramanyana yaman od qoyub. 

O, jurnalistlərlə söhbətində artıq məhv olmuş  “Artsax”ın olmayan “hərbi siyasi rəhbərliyi”nin  Bakıda “canlı girov” kimi qaldıqlarını, əhalini isə təxliyyə etdiklərini deyib. 

Şahramanyan onu da deyib ki, Paşinyanın onları fərari adlandırması ona pis təsir etdiyi üçün müsahibə verib.

S.Şahramanyan həmçinin qeyd edib ki, yaxın vaxtlarda bu məsələlərə ətraflı toxunacaq...

Gördüyünüz kimi, artıq Ermənistan hökuməti separatçıların hansı yuvanın quşu olduqlarını açıq şəkildə bəyan edib, Baş nazir onları mahiyyətcə fərari adlandırır.

Paşinyan onlara “fərari”, Şahramanyan isə “canlı girov” deyir, hansı haqlıdır?

“Şahramanyanın Bakı həbsxanalarında törətdikləri qanlı cinayətlər səbəbindən istintaqı aparılan sələflərini və onlara bərabər tutulan “liderlər”i “canlı girov” adlandırması heç nəyi dəyişmir” 

“SƏS” Media Qrupunun rəhbəri, siyasi analitik Bəhruz Quliyev “Bakı-Xəbər”ə şərhində “Millət olmağa çalışan bir toplumun keçmişi yoxdursa, təfəkkürü inkişafdan qalıbsa, beyni atrofiyaya uğrayıbsa, başqa xalqlara kinlə, ikrahla, xəyanətlə baxırsa, özünü başqalarından daim üstün tutursa, bu, xəstəlik əlamətidir. Onu sağaltmaq da çətin olur, bəzən sonu məhvə gedib çıxır. Ermənilər Qafqaza ayaq açdıqları gündən yerli xalqlara düşmən olublar, onlara qucaq açanların sonradan kabusuna çevriliblər. Bu bir gerçəklikdir, reallıqdır. Çox təəssüf olsun ki, ermənilər ən çox onlara torpaq verən, isti yuva qurmağa dəstək olan biz azərbaycanlılara qarşı çıxıblar, tarixdə görünməmiş vəhşiliklər törədiblər. Fürsət düşdükcə qanunsuz məskunlaşma aparıblar, torpaqlarımızda özlərinə dövlət qurublar, bir az da iştahlanıb ərazilərini uydurduqları “Böyük Ermənistan” ssenarisinə uyğun olaraq genişləndirməyə çalışıblar”-deyə bildirdi.

B.Quliyev qeyd etdi ki, ilk dəfə Çar Rusiyası, ikinci dəfə isə Sovet hakimiyyəti süqut edərkən Azərbaycan torpaqlarında qondarma, saxta Ermənistan dövləti yaradıblar.  

B.Quliyev bildirir ki, həm Ermənistanın Baş naziri Paşinyan, həm də keçmiş qondarma qurumun keçmiş baş separatçısı postunu tutan Samvel Şahramanyan böyük yanlışlığa yol verir: “Mən deyərdim ki, hər ikisi növbəti dəfə səhvə, hətta cinayətə yol verir. Bütün dünya ictimaiyyətinə də məlumdur ki, Azərbaycanın Qarabağ bölgəsində özlərini “öz müqəddəratını təyinetmə hüququ” adı altında təqdim etməyə çalışmaq separatçı, yaratdıqları “dövlət” isə qondarma idi. Həmin qanunsuz qurumun bütün üzvləri cinayətkar, onları dəstəkləyənlər isə ən azından onlar qədər cinayət məsuliyyəti daşıyanlardır. Beynəlxalq qanunlar da separatçılığın əleyhinədir. Belə olmasaydı, Azərbaycana qarşı ərazi iddialarından çıxış edərək ərazilərimizdə separatçı, qondarma “dövlət” yaratmış Ermənistan bu qurumu rəsmi olaraq tanıyardı. Göründüyü kimi, İrəvanın buna cəsarəti çatmayıb, çünki beynəlxalq hüquq onun tərəfində olmayıb. Bu gün separatçıların keçmiş başçısı Şahramanyanın Bakı həbsxanalarında törətdikləri qanlı cinayətlər səbəbindən istintaqı aparılan sələflərini və onlara bərabər tutulan “liderlər”i “canlı girov” adlandırması heç nəyi dəyişmir. Sağdan sola, aşağıdan yuxarı nə qədər baxsan separatçıların liderləri cinayətkardırlar, Arkadi Qukasyana, Bako Saakyana, Arayik Arutyunyana, Ruben Vardanyan və digərlərinə hansı adı qoysalar da, hansı titulu versələr də Azərbaycanın suveren  ərazilərində törətdikləri cinayətlərə görə layiq olduqları cəzanı alacaqlar. Paşinyanın separatçılara “fərari” deməsi də, hüquqi dillə desək, yanlışdır, çünki, fərari legitim qurumda xidmət etməkdən imtina edənlərə deyilir. Əgər Paşinyan onları Ermənistan ordusunun, yaxud hakimiyyətinin nümayəndəsi kimi təqdim edirsə, onda baş nazir paralel olaraq Ermənistanın Azərbaycana qarşı qanunsuz ərazi iddialarını, ermənilərin də törətdikləri qanlı cinayətləri etiraf etmiş olub. Ancaq nə baş verirsə versin, Ermənistanda kim nə danışırsa danışsın, mahiyyət dəyişməyəcək və cinayətkarlar cəzalarını layiqincə alacaqlar”.

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
35
baki-xeber.com

10Mənbələr