AZ

Zəngəzur dəhlizi ətrafında maraqlı proseslər başladı- regionun kommunikasiya xəritəsi dəyişir...

Image

ABŞ Ermənistan ərazisindən keçməklə Türkiyə ilə Azərbaycan arasında birbaşa quru əlaqəsinin olmasında maraqlıdır. Bunu erməni politoloq Qrant Mikaelyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayenin son açıqlamalarını şərh edərkən deyib.

Xatırladaq ki, ABŞ dövlət katibinin köməkçisi   Vaşinqtonun Bakının Zəngəzur dəhlizi ilə   ideyasını dəstəkləyib-dəstəkləmədiyi barədə suala belə cavab verib: “Amerika tərəfi adətən bu ideyadan İrəvanın irəli sürdüyü “Dünyanın kəsişməsi” layihəsinə çox oxşar olan bir növ ticarət yolu kimi danışır. Artıq marşrut xətləri var, ona görə də onlara baxmağa başlamaq məntiqlidir. Yüklərin bir hissəsinin Ermənistan ərazisindən Gürcüstana, qalan hissəsinin isə Türkiyə ərazisindən tranzitini nəzərdə tutan bir neçə marşrut açmaq olar. Və biz tək bir marşrut deyil, yollar şəbəkəsini inkişaf etdirməyə başlaya bilərik”. ABŞ rəsmisi məsələni “ABŞ-ın dəstəklədiyi geniş konsepsiya” adlandırıb. Bu yanaşma fonunda Mikaelyan amerikalı diplomatın sözlərini Bakının Zəngəzur dəhlizi ideyasına dəstək kimi qiymətləndirir:  “Zəngəzur dəhlizi mahiyyət etibarı ilə Ermənistan üzərindən Naxçıvana ekstraterritorial marşrut əldə etmək ideyasıdır. Zəngəzur dəhlizi ilə bağlı mövqeyi çox qeyri-müəyyən olan Rusiyadan fərqli olaraq, ABŞ-ın bu mövzuda strateji marağı var. ABŞ və Türkiyə Mərkəzi Asiyada öz təsirlərini artırmaqda maraqlıdırlar, bunun üçün Türkiyə ilə Xəzər dənizi arasında birbaşa əlaqə lazımdır. Onlar Zəngəzur dəhlizini bu məqsədə çatmaq üçün bir vasitə hesab edirlər. Və burada, doğrudan da, ABŞ-ın birbaşa marağı var ki, Azərbaycan və Türkiyə Ermənistan ərazisindən keçməklə birbaşa quru əlaqəsi yaratsın. ABŞ-ın Zəngəzur dəhlizinə indi münasibəti dəyişib. Məsələ burasındadır ki, Vaşinqton bu marşrutda rus sərhədçilərinin yerləşdirilməsini istəmirdi. Amma indi bu məsələ qapandığından, ABŞ bu məsələdə öz müsbət mövqeyini açıq şəkildə ifadə etməyə başlayıb”. İndiki vəziyyətdə politoloq hesab edir ki, Ermənistan üçün ən yaxşı variant yolun açılması ideyasından tamamilə imtina etmək olardı: “Əks halda, Zəngəzur dəhlizi Ermənistanın Sünik bölgəsinin “udılması” istiqamətində ilk addım olacaq. Amerikalılar isə, Qarabağın acınacaqlı təcrübəsi göstərdiyi kimi, Sünikin itirilməsinə o qədər də əhəmiyyət verməyəcəklər”. Şübhəsiz ki, erməni politoloq burada ifrata varır və Azərbaycan Qərbi Zəngəzuru güc yolu ilə ələ keçirmək niyyətində deyil. Ölkəmiz məsələyə əməkdaşlıq formatı kimi yanaşır və bunu ABŞ, eləcə də digər ölkələr qəbul edir. Türkiyəli analitik Ramazan Yıldız məsələyə bu prizmadan yanaşır: “Müharibələr, çoxalan əhalinin artan ehtiyacları, neftin tədricən tükənməsi, terror təhlükəsi və Şərqlə Qərb arasında üçüncü yolu seçən ölkələrin artması dünya üzrə beynəlxalq ticarət yollarının önəmini hər gün artırır. Bu baxımdan, Çindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan Orta dəhliz indi hər kəsin diqqət mərkəzindədir. Bakı-Tiflis-Qars dəmir yolu bu dəhlizin mühüm hissəsi hesab olunur. Digər mühüm ticarət marşrutu Zəngəzur dəhlizidir. Layihəyə Azərbaycanın qərb bölgələrini Naxçıvan və Türkiyəyə birləşdirmək məqsədi daşıyan nəqliyyat və logistika amilləri də daxildir. Bu dəhliz Zəngəzurdan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı quru yolu ilə birləşdirməyi hədəfləyir. Bu, bu aralıqda ən qısa xətdir. Türkiyə və Azərbaycan arasında birbaşa ticarət və nəqliyyat xətti yaratması planlaşdırılan dəhlizin regionun iqtisadi inkişafına töhfə verəcəyi gözlənilir. Bu, bir çox sahələrdə ortaqlığı olan Ankara və Bakının regional təsirini artıra bilər, həm də Türkiyənin Orta Asiya və Qafqazla əlaqəsini gücləndirəcək, geosiyasi baxımdan bu, çox mühüm təşəbbüs olacaq. Əslində bu, cümhuriyyət tarixində ilk dəfə türk dövlətləri ilə fiziki əlaqənin qurulması demək olacaq. Həmçinin Türkiyə-Azərbaycan müttəfiqliyini daha da genişləndirəcək. Zəngəzur dəhlizinin təhlükəsizliyi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasından asılıdır. Bu kontekstdə beynəlxalq təcriddən xilas olmaq istəyən İrəvan NATO-ya üz tutur. Ermənistanın Azərbaycanla yeni münaqişə istəmədiyini tez-tez təkrarlaması çox vacibdir. Bu mənada bölgədə sülh və sabitliyin qorunması üçün tərəflər arasında diplomatik səylər davam etdirilir”.

Bu arada Ermənistan baş naziri Nikol Paşinyan sülh müqaviləsi imzalanmazdan əvvəl Azərbaycanla kommunikasiyaların açılmasını tamamilə mümkün hesab etdiyini bildirib: “Praktiki addımlarla real dünya formalaşdırmaq, ondan sonra müqavilə imzalamaq mümkündür”. Azərbaycan isə bəyan edir ki, Zəngəzur dəhlizinin reallaşması regional əməkdaşlığı və sabitliyi möhkəmləndirəcək. Çünki Azərbaycanın əsas hissəsi və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin qurulmasında maneələrin aradan qaldırılması ilə region ölkələrinin faydalana biləcəyi yeni avtomobil və dəmiryol şəbəkələrinin formalaşdırılması imkanı yaranıb. Zəngəzur dəhlizinin reallaşması yeni nəqliyyat marşrutlarının fəaliyyətə başlamasına gətirib çıxaracaq, regional əməkdaşlığı möhkəmləndirəcək. Hər halda, Qərbdə də bu yanaşma hakimdir.

Ramil QULİYEV





Seçilən
311
50
baki-xeber.com

10Mənbələr