AZ

Gündəlikdən səhifələr - Səttar Bəhlulzadə - 115

Bu il dahi rəssam Səttar Bəhlulzadənin (1909-1974) 115 illik yubileyinin tamam olması ilə də əlamətdardır və rəssamın vəfatından düz yarım əsr ötür.

Səttar Bəhlulzadə anadan rəssam doğulmuşdu. Onun təxəyyülü, dünyagörüşü, fikri, duyğusu, bir sözlə, bütün həyatı rəssamlıqdır. Adam onun hüdudsuz sənət eşqi ilə dolu olan tablolarına tamaşa etməkdən doymur. Tamaşaçının nəzərləri tabloların işıq selinə bələnib rəssamın sirli-sehrli dünyasına yol alır, o ülvi aləmdə rahatlıq tapır, xoşbəxtliyə qovuşur. Səttar Bəhlulzadə haqqında çox yazılıb, çox deyilib. Amma rəssamın yaratmış olduğu sənət əsərlərinin bədii estetik mahiyyətini, sənətkarlıq xüsusiyyətlərini hələ də axıradək açmaq mümkün olmayıb. Çünki bu, əsl sənətdir, ülvi Səttar dünyasıdır, ilahi eşqin qüdrətilə yaradılmış canlı, əfsanəvi, ecazkar təbiət aləmidir. Tamaşaçı bu əsərlərə baxıb nə görürsə, necə görürsə, özünü necə hiss edirsə, elə odur.

Səttar Bəhlulzadə ömrü boyu öz gündəliklərini yazmışdı. Rəssamın gündəlikləri bugünədək tam nəşr olunmayıb. Həmin gündəliklərdə rəssam Səttar Bəhlulzadə sənətkarlığı, rəssam dühası rəssamın fırçası ilə deyil, qələmilə sözbəsöz, sətirbəsətir, cümləbəcümlə özü tərəfindən yazıya alınmışdır. Bu gündəliklərin kiçik bir hissəsi üzə çıxarılaraq vaxtilə "Qobustan" jurnalında (1989. №1.) və "İncəsənət" qəzetinin üç nömrəsində (21 aprel, 20 may, 23 iyul 1992-ci il) dərc olunmuşdu.

Səttar Bəhlulzadə dühası ilə baş-başa qalmaq, rəssamı daha dərindən dərk etmək üçün həmin gündəlikləri nəzərdən keçirmək olduqca vacibdir. Fikrimcə, bunu etmək rəssamın yubileyi ərəfəsində onun ruhuna ehtiramın parlaq ifadəsi olardı.

Əsəd QULİYEV,
Sənətşünas, AMEA-nın dissertantı

 

Səttar BƏHLULZADƏ

 

(Əvvəli ötən saymızda)

 

10 iyul 1973-cü il. İkinci gün. Axşam.

Dünən "Azinforumbüro"nun müxbiri Kamal Abdullayev gəldi. O, xəbər verdi ki, Fransadan jurnalist gəlib. Sabah Rəssamlar İttifaqına gələcək. Özü də Azərbaycanda fransız rəssamlarının, Parisdə isə Azərbaycan rəssamlarının sərgisi olmalıdır. Bununla bağlı rəsmlərə baxılacaq.

Bu gün fransız rəssamı gəldi. Üç-dörd iş düzdülər, o baxır, "slayd" çəkir, özü də həyəcanlı bir surətdə. İşlər çox xoşuna gəlirdi. Sonra Kamal dedi ki, indi böyükləri göstərək. Böyükləri də göstərdilər. "Muğan gözəlləri"ni görəndə lap dəli oldu. Çox gözəl sözlər söylədi. Ancaq mən həyəcanlı olduğumdan nə eşidə bilirdim, nə də başa düşürdüm. Sonra "Odlu torpaq"a baxdılar. O da xoşuna gəldi. Kamal əlavə elədi ki, gör neft necə yaradılıb. O da heyrətləndi. Sonra da "Anam" əsərini göstərdilər. Çox baxdı, bildi ki, bu, mənim anamdır. Dedi, bildim ki, anandır. Özü də məyus-məyus vermişsiniz. Əlavə elədim ki, bir neçə il bundan əvvəl vəfat edib. O, xeyli baxdı. Həm oturanda, həm də işlərimin yanında çoxlu fotoşəklimi çəkdilər.

Axırda mənə Paris haqqında bir kitab bağışladı. Gözəl sözlər yazmışdı. Əlbəttə, bu sözləri bir-iki saatdan sonra, həyəcanım sakitləşəndən sonra oxudum. Mənim barəmdə yazılan kitablardan birini ona bağışladım. O aldı, çox təşəkkür elədi. Mən də ona təşəkkürümü bildirdim.

Ona söylədim ki, bu il sentyabr ayında Moskvada Nəsiminin yubileyi günlərində sərgi olacaq. O, çox şad oldu. Sonra Kamal söylədi ki, Səttarın qrafikalarından sərgi təşkil elədilər və əlavə elədi ki, işləri elə asmışdılar, Səttarın çox xoşuna gəlmişdi. Özü də müvəffəqiyyətli olmuşdu. Qrafikalar onun çox xoşuna gəldi və "Aylı Quba axşamı" mənzərəsini görəndə dedi ki, gözəl Bakı axşamlarını xatırladım və çox xoşuna gəldi... Kamal söylədi ki, bu işlər Parisdə göstəriləndə Səttar oradaca bu işi sizə hədiyyə verər. O, çox təşəkkür elədi. Mən də ona təşəkkür elədim ki, siz mənim emalatxanama buyurub gəlmisiniz, rəssam üçün bundan böyük sevinc nə ola bilər! Sizə təşəkkür edirəm, bütün fransız xalqına təşəkkür edirəm! Sizin böyük xadimləriniz Delakruaya, Viktor Hüqoya, Berlioza, Debüsiyə və bütün fransız sənətkarlarına eşq olsun!

O, çox şad oldu. Gülə-gülə mənə əl verdi, öz təşəkkürünü dönə-dönə bildirdi. Mən onunla bayır qapıya qədər getdim. O da pillələri düşdükcə öz təşəkkürünü bildirirdi. Emalatxanamda uzun müddət həyəcanlı və heyrətli əyləşdim. Ona görə ki, fransız jurnalistinin əsər bəyənməsi çox çətin məsələdir. Çay içdim. Uzun müddət keçəndən sonra mənə hədiyyə verdiyi kitaba yazdığı sözləri oxudum. Çox qəlbən yazılmışdı. Özü də bu sözlər təkcə sənətkar haqqında deyil, həm də insan haqqında deyilirdi!

lll

6 fevral 1973-cü il

...Nurəddin Həbibov yanıma gəlmişdi, 14 əsərimin "otkrıtka"sının yazısını mənim üçün oxusun. Yazısını mənə oxumağını lazım bilmədim. Dedim, ona görə ki, sənin yazdığın yaradıcılıqdır. Əgər onu mənə oxusan və mən onu istədiyim kimi eləsəm, onda bu düz olmaz. Mən belə şeyləri sevmirəm, elə həmişə də bunlardan imtina edirəm. Nurəddin də bundan razı qaldı. Bu vaxt Nadir Əbdürrəhmanov emalatxanya gəldi. O da bu söhbətə qoşuldu və dedi ki, işləri elə seçmək lazımdır ki, Səttarın eyni işlərindən olsun. Nurəddinin düzəltdiyi siyahıya baxdıq. Nadir də çox əlavələr elədi və bir neçə işləri ona göstərdi: "Odlu torpaq, "Torpağın həsrəti", "Qədim od", "Doğma düzənlər", "Aydınlıq" və "Anam" əsərləri.



O mənə "Anam" əsəri haqqında bir neçə sual verdi: mən də ona danışdım. Bu, Anamdır. Onu Azərbaycanın gözəl diyarı - Naxçıvan dağları fonunda vermişəm. Aşağı gəldikcə bağlar, gül-çiçək açan ağaclar, quşlar, birinci planda isə su, bu da ki aydınlıq və həyat deməkdir. Naxçıvanın gözəl sularıdır ki, hamıya hər yerdə məlum və məşhurdur, Badamlı, Sirab və başqaları. Burada hər tərəfdə quşlar budaqlara qonublar, bülbül, qaranquşlar. Ana uzaqlara, gələcəyə sakit baxır, gələcək yollara, xoşbəxt günlərdə yaşayıb, daha da xoşbəxtliyə gedir. Ananın kəlağayısı hər iki tərəfdən torpağa sallanmış, sanki torpağa qarışır, torpağı qucaqlayır. Bu da vətən və vətənə bağlılıq deməkdir. Su kimi aydın olan vətənimiz getdikcə yüksələcək, getdikcə zənginləşəcək!

lll

16 mart 1973-cü il

... İndi xolstu molbertə söykəmək olar. Əsəri onun dərinliyindən görmək olar. Lap sevinirəm, elə bil ki, indi əsər işləmək üçün cavanlığımda olduğu kimi həyəcanlanırdım, fərəhlənirdim və bir də ki sənətkara nə qocalıq?! Sənətkar gərək həmişə cavan olsun. Cavan kimi işləsin. Cavan kimi düşünsün və cavan kimi odlu olsun. Yaşından asılı olmasın!

...Bir Göygöl mənzərəsi işləyəcəyəm, öz adına layiq olsun. Çünki əsərin adı "Kəpəzin aynası" adlanır. Gərək burada obraz öz adını doğrultsun. Ona baxan kimi sənətkarın nə demək istədiyi məlum olsun. Bu olmayanda, demək, sənətkar öz məqsədinə nail olmamışdır. Onda əsər heç əsər deyil. Əsl əsər sənətkarın fikrini verməlidir. Ona görə ki, əsər xalqa lazımdır.

Ona görə indi mənim bütün bədənim əsir, özümü Göygölün yuxarısında hiss edirəm. Bütün fikrimdə olanlar gözlərim qarşısındadır. Elə bil ki, bu yüksəklikdə durduğum əfsanədə uçmaq istəyirəm, uçuram. Göygölün üzərində, özü də çox-çox yüksəklikdə bütün Kəpəzin üzərində, bütün gözəlliklər sanki məndən çox-çox aşağılardadır. Bütün qarlı dağlar aşağılarda qalıblar, çaylar coşublar, yavaş-yavaş ağaclar yaşıllaşır, canlanırlar!



Bu, bir aləmdir, özü də nağıldır, əfsanədir, bəlkə də röyadır. Doğrudan da, Azərbaycan torpağı bir əfsanədir, bir röyadır!

"Kəpəzin aynası"... Əvvəla, bu əsərdə gərək nəhənglik, monumentallıq, Azərbaycan dağlarına xas olan əzəmətlilik, gözəllik, onun gözəl suları, gözəl meşələri hiss olunsun. Ən əsas da bunları birləşdirən bir füsunkarlıq, əfsanəlik olsun. Bundan başqa, Kəpəzin özü suya düşsün, elə bil ki, bir gəlindir.

Bu əsərimdən sonra qəlbimdə yenə də "Göygöl mənzərələri" vardır. Onlar da yavaş-yavaş yaradılacaq. Hissiyatımdan çıxacaq və əsərlərə dönəcək. Bunlar nə vaxt olacaq, o da hələ məlum deyil. Hər halda olacaq. Hər halda bunların vaxtları gəlib çatacaq. Bu barədə onda danışarıq. İndi əlbəttə, əvvəlcə söyləmək tez olardı. Ola bilər, heç olmasın da. Bunu necə bilmək olar! Hələ fikrimdə bir neçə əsər də var. Onlardan biri də "Qədim Bakı"dır - dənizdə, sahildə, özü də gecə alovlar yanır. Gecənin qaranlığında dənizə düşən al qırmızı rənglər Odlar Diyarını verəcəkdir!



Bundan başqa, bir silsilə "Neft daşları" işləmək fikrindəyəm, "Abşeron natürmortu" neçə ildir ki, fikrimdədir. Onu da bu yayda tamamlayacağam. Arzularımdan biri də "Şamaxı mənzərələri" üzərində işləməkdir. Şamaxılılara söz vermişəm ki, sizin torpağınızdan bir neçə əsər yaradacağam. Bəlkə də bu yaxınlarda oraya getdim, oraları bahar qabağı görmək lazımdır.

lll

5 may 1973-cü il. Şənbə günü

... Biz maşına minib Şamaxıya yollandıq. Əvvəlcə onu deyim ki, yolda bu gözəllikləri, bu bahar vaxtı çöllərin güllərini, dağları, baharı söz ilə təsvir eləməyə məndə bədii vasitə yoxdur. Ona görə ki, mən nə şairəm, nə də ki ədibəm. Ancaq əsərimdə, daha doğrusu, işlərimdə rənglə, bunları verə bilərəm.

Ceyranbatan gölü mavi aynaya bənzəyirdi. Sumqayıt zavodlarının tüstüləri göyə dirənmişdi. Hər tərəf sarı, ağ və başqa güllərlə bəzənib. Uzaqlarda çəhrayı əfsanəvi gözəllik yollar boyu uzanıb gedir. Dağları yaşıllıq bir xalça kimi örtüb. Bu xalçanın üstündə rəngbərəng güllər, çiçəklər təkrarsız naxışlara bənzəyir. Şamaxıya gedən yol boyu sıralanan dağlar və dağları örtən yaşıllıq və güllər dəyişir və cürbəcür koloritə çevrilir. Bu gözəllik insanların hamısını sevindirir və gözəlliyə çağırır. İnsanlar bu yaşıllıqdan, güldən, çiçəkdən, quş səsindən zövq alır, daxilən zənginləşir, ucalır.

Mərəzədə çay içdik, sonra yenə də yolumuza davam elədik. Hava çox gözəl idi. Uzaqdan Şamaxı öz gözəlliyi ilə bizə özünü göstərirdi. Hündür dağlar, asimana qalxan buludlar, parlaq günəş mavi bir rəngdə Şamaxı daş-qaşı kimi parıldayırdı. O, elə bil ki, dürr idi, elə bil ki, almaslardan, briyantlardan bir əsər idi. Əlbəttə, bunu mən sözlə təsvir edə bilmərəm, ancaq rəng ilə verə bilərəm!!!

Nəhayət, Şamaxıya yaxınlaşdıq. Qədim məqbərələr görünürdü. Mən Xaqanini, Nəsimini, Seyid Əzimi, Sabiri xatırlayırdım. Bir çoxlarından şeirlər oxudum. Bu Şirvan torpağı dünyaya böyük sənətkarlar vermiş, bu gözəl torpaqda böyük vuruşmalar olmuş və xalq öz Şirvan torpağını müdafiə etmişdir! Burada gözəl kəlağayılar, gözəl qablar, gözəl maddi-mədəniyyət və böyük şeiriyyət yaratmışlar.

...Şamaxıda xeyli olduq. Gül açmış ağaclara, sarı və rəngbərəng güllərə, yaşıl dağlara tamaşa eləyirdik. Deyirdim ki, həyatda oturub, daha doğrusu, toplaşıb vaxtlarını qeybətlə keçirən bir parası nə üçün buralara gəlib baxmırlar, əsərlərini zənginləşdirmirlər?! Görünür, bir paraları bunlardan məhrumdurlar, qeybətə adət eləmişlər!!!



Quşlar oxuyurdu, gül-çiçək hər tərəfdə öz rəngini göstərirdi. Dağlar gah dumanlara qərq olur, gah da çıxırdılar. Bunları görmək, bu gözəllikləri dərk etmək, əsərlərdə yaratmaq lazımdır. Həyətdə durub boş-boş qeybət etməklə əsər olmaz. Əsər idrak istəyir. Bunları vermək üçün həyatı görmək lazımdır, bu gözəllikləri vermək lazımdır!!!

...Maşına minib yola düşdük. İndi mənzərə bambaşqa idi. Çünki günəş indi batmağa gedirdi. Tünd olan dağlara işıq düşüb parıldayırdı. Səhər işıqlı olan dağlar indi siluetdə idi. Elə bil ki, bu yerlər bambaşqa idi. Yolların üstündə uşaqlar zanbaq dəstələri satırdılar. Biz də aldıq. Hələ yolların ətrafı zanbaqla dolu idi. İnsan inanmır ki, bu güllər burada, bu Şirvan torpağında çöllər boyunca özbaşına bitir. Əgər xaricdən gələn bir nəfər buna inanmasa, onu Şamaxıya gətirib demək olar ki, buyurunuz, özünüz bu zanbaqları dəriniz!!!

Belə də gözəl torpaq olar - bu ki əfsanədir! Bu ki yuxudur, bu ki xəyaldır!!!

lll

8 may 1973-cü il, İkinci gün, axşam

Bilgəhə getməli idik. Gözləyirdim, Fərhad Xəlilov gəlib çıxdı. Moskvadan gətirdiyi beş çaydan üçünü stolun üstünə qoydu, "Qalanlarını aldılar, neyləyim, istədilər, verdim, - dedi. - Üçü gəlib çıxıb, böyük şeydi" - deyə zarafat etdi. Fərhadın xasiyyəti çox yaxşıdı. İstedadlı gəncdi. Mənim ona böyük hörmətim var. Az sonra heykəltaraşlardan Əfrasiyab və Fuad Bakıxanov gəldi. Əhvalları yuxarı idi. Onlarla görüşdüm və sataşdım ki, sizin kefiniz yuxarıdır, yol-yoldaşı ola bilmərik... Şükufə Mirzəyeva da gəldi. Dedi ki, sabah səhər saat on birdə Mehdi Hüseynzadənin abidəsi açılacaq. Soruşdum ki, danışacaqsınız? Cavab verdi ki, yox. Mehdinin döyüş yoldaşları danışacaq. Bir də söylədi ki, Mehdinin qəbri üstündən torpaq gətiriblər, ora tökəcəklər. Bu xəbər mənə bərk təsir elədi.

Fərhadla xeyli gözlədik, nə doktor (Nəriman Əbdürrəhmanov) gəlib çıxdı, nə də Tələt. Getdik Sahil çayxanasına və orada Muqbilə (Cabbarlının qohumu) rast gəldik. Dedi ki, Seyfəddin Dağlının yanında idim. Mənə dedi ki, Xızıda otaq düzəlt, Səttar qalsın və işləsin.

Sonra söhbətimiz sənətdən oldu. Mən dedim ki, sənət adamının gərək əli işdə olsun. Yüksəkliyi ancaq mütəmadi iş gətirər. Vidadi cavab verdi ki, bunu siz deyə bilərsiniz. Amma yüksəkliyi də gərək görsünlər. Mən dedim ki, sən kənarda ola-ola bunu yaxşı görürsən, ortada olsan, görə bilməzsən. Əlavə elədim ki, hələ adam gərək kənarda olanda özünü görsün... Vidadi incidi bu söhbətimizdən.

Sonra maşına mindik. Vidadi ilə Fərhad Rəssamlar İttifaqının qabağında düşdülər, məni maşın Rəssamlar Evinə apardı, emalatxanaya çıxdım. Axşam düşmüşdü, işləmək olmazdı, həm də yorulmuşdum. Üç gündü ki, bir Şamaxı mənzərəsi çəkmək istəyirəm... Hər gün bir əhvalat baş verir və mən emalatxanaya gec gəlib çıxıram. Ona görə də əsəri başlaya bilmirəm, dünən çərçivəyə çəkdiyim kətanı təzədən yaş elədim, tarım çəkilməmişdi.

Sonra Fərhad Xəlilovun Moskvadan - Kostya Maksimovdan gətirdiyi məktubu oxudum. Olduqca şad və eyni zamanda qəmgin oldum. Yazır ki, tələbə şəhərciyindəki günlərimiz yadındadırmı? Həmin illər xatirimdən kino lenti kimi gəlib keçdi. O illər bir əfsanə kimi göründü mənə. Onun da bu il mənim kimi altmış yaşının tamam olmasını söyləyir və yazır ki, səbirsizliklə səni gözləyirəm, xahiş edirəm ki, mənə teleqram vurub təbrik edəsən... Mənə cansağlığı, yaradıcılıq uğurları arzulayır.

Yazır ki, sən cavan vaxtlarında yataqxanada gördüyüm kimi varsan. Görünür, Fərhad ona mənim haqqımda xeyli danışıb. Yazdığı bu gözəl sözlərdən bunu başa düşdüm. Kostya ilə gözəl dostluğumuz olub, bir parça çörəyimizi belə yarı bölüb yemişik.

İndi isə altmış yaşımız var və mən vaxtın belə sürətlə ötüb keçməsinə təəccüblənirəm. Və mənə elə gəlir ki, ancaq insan düşüncəsinin, xatirəsinin zaman ölçüsü yoxdur. Görünür, bu, insan üçün çox gərəkli bir şeydir; bəlkə də həyatın bizə, ölümlü adamlara təskinliyidir...

 

 






















Bizi İnstagramda izləyin

Seçilən
111
1
525.az

2Mənbələr