AZ

Baş Prokurorluq hərbi qulluqçunun ölüm işini araşdırdığını deyir

Yayımlandı: 14 İyun 2024 14:21 “Cinayət işinin ibtidai istintaqı davam etdirilir” Baş Prokurorluq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Ceyhun Hüseynovun Naxçıvanda nəşinin aşkar edilməsi ilə bağlı cinayət işi açıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirib ki, Ceyhun Hüseynovun meyitinin Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində yerləşən ərazidə aşkar edilməsi faktı üzrə Naxçıvan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir. “Cinayət işi üzrə məhkəmə-tibbi, kompleks məhkəmə-ballistik, daktiloskopik və trasoloji ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, habelə iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunur”, – deyə prokurorluq əlavə edib. Həmçinin qeyd edilib ki, cinayət işi üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri tədbirlərin görülməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq. Ceyhun Hüseynov iyunun 9-da itkin düşmüşdü. Hadisədən 2 gün sonra onun nəşi Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilib. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
15
xural.com

10Mənbələr